Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-381/2021 24.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 24 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 2085 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 2115 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, usta işləyir və cavabdehi işi ilə əlaqədar tanımışdır. 2020-ci ilin iyul ayında cavabdeh özünə məxsus olan “VAZ 2106” markalı avtomobilini satmaq istədiyini bildirmişdir. O, atası Nizam Səmədovu bu barədə məlumatlandırmış və sonuncu da cavabdehə məxsus avtomobili almaq qərarına gəlmişdir. Həmin avtomobilin qiymətini 2300 manata razılaşmışlar. Lakin cavabdehə pullarının olmadığını bildirdikdə o, yaşadığı evdə təmir işlərinə ehtiyac olduğunu və həmin təmir işlərini görərsə əvəzində avtomobili verəcəyini demişdir. O, cavabdehlə razılaşaraq bir neçə nəfərlə evdə təmir işlərinə başlamışdır. O, cavabdehin evinin təmir işlərini keyfiyyətli görmüşdür. Sentyabrın 1-də təmir işlərini bitdikdən sonra cavabdeh avtomobilinin sənədlərinin itdiyini bildirərək yaxın vaxtlarda borclu qaldığı 2485 manat pulu qaytaracağına söz vermişdir. Cavabdeh həmin puldan 400 manat qaytarmış, lakin qalan 2085 manatı isə qaytarmamışdır. O, cavabdehdən dəfələrlə qalan pulu istəsə də müxtəlif bəhanələr gətirmiş və həmin pulu qaytarmamışdır. Cavabdehin pulu verməməsi barədə şikayət ərizələri ilə İsmayıllı rayon Polis Şöbəsi və Təhsil Nazirliyinə müraciət olunmuşdur. Buna baxmayaraq cavabdeh pulu qaytarmamış və müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Cavabdehdən 2085 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 2115 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə tanışlığı olmuşdur. İddiaçı onun evinin bəzi hissələrini təmir etmişdir. İddiaçı ilə söhbət zamanı özünə məxsus “VAZ 2106” markalı avtomobili satmaq istədyini demişdir. İddiaçı bu barədə atası Nizam Səmədovu məlumatlandırmış və iddiaçının atası onun yaşadığı ünvana gələrək ona məxsus almaq istədiyini bildirmişdir. O, iddiaçının atasına avtomobili 3200 manat satdığını bildirdikdə o, həmin məbləğdə pulunun olmadığını demişdir. İddiaçı onun evinin təmir işlərini bitirdikdən sonra pulun əvəzinə həmin avtomobili verə biləcəyini bildirmiş və iddiaçı və atası bununla razılaşmışlar. İddiaçı onun evini 2480 manata təmir etmişdir. İddiaçı işlərini bitirdikdən sonra o, avtomobilin sənədlərinin itdiyini bildirdikdə o, avtomobili istəmədiyini və pulunu hissə-hissə qaytarmasını demişdir. İddiaçıya borcundan 400 manat vermiş, lakin qalan 2080 manatı isə maddi vəziyyəti yaxşı olmadığından qaytara biməmişdir. İddiaçı onun evində təmir işlərini keyfiyyətli görmədiyini bu yaxınlarda bilmişdir. O, iddiaçıya olan borcunu danmır və hissə-hissə ödəyəckdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. HK-1/65 saylı material üzrə 04 fevral 2021-ci il tarixli qərarın surətindən görünür ki, X1 İsmayıllı rayon Polis Şöbəsinə ünvanladığı müraciəti əsasında toplanmış material ətrafında araşdırma aparılmış və araşdırılan xüsusatlarda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İsmayıllı rayon Təhsil Şöbəsinin 09 fevral 2021-ci il tarixli 42 nömrəli məktubundan görünür ki, X1 müraciətinə cavab olaraq, İsmayıllı raypn Qıçatan kənd ibtidai məktəbin direktoru Cavabdeh hazırda maddi vəziyyətinin çətinliyi ilə əlaqədar borcunu ödəyə bilmədiyi və imkanı olan kimi borcunu ödəyəcəyi bildirilmişdir. 06 aprel 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh özünə məxsus evdə iddiaçıya təmir işləri gördürərək pulunu vermədiyi halda iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2085 manat əsas borc və 30 manat dövlət rüsumu – cəmi 2115 (iki min bir yüz on beş) manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-381/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-381/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver