Məhkəmə qərarları › İş №2(037)-389/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-389/2021

25.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-389/2021 25.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən istifadə hüququna maneələrə qadağa qoyulması, cehiz əmlaklarına vurulmuş maddi zərərin ödənilməsi və cehiz əmlaklarının saxlandığı yaşayış otağına qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 05 may 2004-cü il tarixli qətnaməsi ilə X6 məxsus olmuş, İsmayıllı rayon Gəraybəyli kəndində yerləşən 4 otaqlı, 60 kv.m sahəsi olan fərdi yaşayış evinə tanınmış istifadə hüququna, yəni evə sərbəst giriş-çıxışına və yaşamasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən edilən maneçiliklərə qadağa qoyulması, fərdi yaşayış evinin otağından həyətə açıq havaya çıxarılıb atılmış cehiz əmlaklarının qaytarılıb otağa yığılması və ona vurulmuş 5850 manat məbləğində maddi zərərin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.06.2021-ci il tarixdə İddiaçı məhkəmənin dəftərxanasına iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsi daxil olaraq, əmlaklarına vurulmuş zərərlə bağlı müstəqil iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət edəcəyini və bu səbəbdən onun İsmayıllı rayon Gəraybəyli kəndində yerləşən 4 otaqlı, 60 kv.m sahəsi olan fərdi yaşayış evinə tanınmış istifadə hüququna, yəni evə sərbəst giriş-çıxışına və yaşamasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən edilən maneçiliklərə qadağa qoyulması, fərdi yaşayış evinin otağından həyətə açıq havaya çıxarılıb atılmış cehiz əmlakları ilə birlikdə sözügedən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2la 16.02.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər, bu evlilikdən iki uşaqları olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə onun azyaşlı uşaqları ilə birlikdə X6 məxsus İsmayıllı rayon Gəraybəyli kəndində 4 otaqlı 60 kv.m sahəsi olan fərdi yaşayış evinə istifadə hüququ tanınmış və iki azyaşlı uşaqları ilə həmin mənzilə köçürülməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. O, Bakı şəhərində işlədiyi üçün zaman-zaman Gəraybəyli kəndinə gəlib-getmişdir. Lakin son bir neçə aydır ki, cavabdehlər onu evə buraxmır, cehiz əmlaklarını isə otaqdan çıxararaq həyətə açıq hava altına tökmüşlər, mebelləri sındırılmış, digər əmlaklarının isə taleyi məlum deyildir. Belə ki, İsmayıllı rayon Məhkəməsinin 03.03.2004-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş və cavabdehin evində qalan cehiz əmlakları əmlakları cavabdehlər tərəfindən həyətə atılmışdır. Beləliklə cavabdehlər fərdi yaşayış evindən onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş istifadə hüququnu pozmaqla, onu evə buraxmırlar və həmin hüquqdan istifadəsinə maneçilik törədirlər. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianın təmin edilməsini xahiş etmişdir. 19.05.2021-ci və 10.06.2021-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iddiaçı bildirmişdir ki, dəfələrlə sözügedən fərdi yaşayış evinə girmək istəsə də, Cavabdeh1 onu təhqir edərək evə buraxmamış, cehiz əşyalarını həyətə tökdüyünü və gəlib aparmasını, əks halda özünü yandıracağını bildirmişdir. Belə olan halda o, bununla bağlı 102 xidmətinə zəng edərək hadisəni araşdırmasını tələb etmiş, əraziyə polis əməkdaşları gəlmiş lakin onun evə girməsinə nail ola bilməmişlər və hazırki mübahisənin mülki xarakterli olması əsası ilə məhkəməyə müraciət etməsi ona izah edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 03.03.2004-cü il tarixli, 2-86/2004 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə X4 arasında bağlanmış rəsmi nikah pozulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 16.02.2004-cü il tarixli, 2- 44/2004 saylı qətnaməsinin surətindən görünür ki, X7, Cavabdeh1 və Cavabdeh2 Bakı istehsalı olan bir dəst divar boyu mebel, bir ədəd taxt çarpayı, altı ədəd stul və bir ədəd döş stolu, bir ədəd 7,5 qram çəkidə altı ədəd qaşı olan nişan üzüyü, 9 qram çəkidə bir ədəd firuzə qaşlı üzük-sırğa dəsti, bir ədəd 9 qram çəkidə iki briliyant qaşlı kulonla birlikdə qızıl zəncir, 15 qram çəkidə bir ədəd qızıl bilərzik və bir ədəd 250000 manat dəyərində paxlava qaşlı üzüyün dəyəri alınaraq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05.05.2004-cü il tarixli, 1 mk-2283/2004 saylı qətnaməsinin surətindən görünür ki, X2 X7, Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi, mənzilə yaşayış hüququ tanınmaqla köçürülmə, mənzildən və həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə iddiası üzrə İsmayıllı rayon Məhkəməsinin 03.03.2003-cü il tarixli qətnaməsinin mənzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülmə barədə iddianın təmin olunmaması barədə hissəsi ləğv edilmiş, X4 ilə X7 arasında ikincinin xüsusi mülkiyyətində olan İsmayıllı rayon Gəraybəyli kəndində 4 otaqlı, 60 kv.m sahəsi olan yaşayış evindən ailə üzvü kimi istifadə hüququnun əmələ gəlməsi barədə razılaşma İlhamə Lətifovanın nikaha girərək həmin mənzilə köçürüldüyü vaxtdan 28 sentyabr 2000-ci il tarixdən başlanmış hesab edilmiş və həmin əqd etibarlı sayılmış, X1 fərdi yaşayış evinə yaşayış hüququ tanınmış və o, azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış evinin gəlin köçürüldüyü və cehizlərinin yerləşdirdiyi otağına köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon polis Şöbəsi tərəfindən verilmiş, 12.04.2021-ci il tarixli, 169-8052M-3221 saylı məktubdan görünür ki, İddiaçı 04.04.2021-ci il tarixdə polis şöbəsinə edilmiş müraciəti əsasında araşdırılma aparılmış və inzibati və ya cinayət hadisəsinin əlamətləri olmadığı, müraciətin mülki xarakterli olması əsası ilə məhkəməyə müraciət edilməsi izah edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinin sahibi Qərib Lətifov, həmçinin cavabdehlər iddiaçını 2000-ci ilin sentyabr ayında mübahisəli evə köçürərək onu ailə üzvü kimi qəbul etmişdir. İddiaçı uzun illər ərzində fasiləsiz olaraq həmin evdə yaşamış, birgə təsərrüfatı idarə etmiş, həmin əsasla onun mübahisəli evin yaşayış sahəsindən digər ailə üzvüləri ilə bərabər şərtlər daxilində istifadə etmək hüququ əmələ gəlmişdir. Ona görə də, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddiaçının hazırkı iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş hallar üzrə kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə, iddiaçının mübahisəli fərdi yaşayış evinə gəlin köçməsini, cehiz əşyalarının orada olmasını, uşaqlarının həmin evdə doğulmasını, xeyli müddət fasiləsiz olaraq orada yaşamasını, habelə ümumi təsərrüfatı idarə etməsini, iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında qalaraq, işləmək üçün Bakı şəhərinə getməsi, onun daimi yaşamaq üçün köçüb yaşadığı fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsaən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. İddiaçı istifadə hüququnun tanındığı fərdi yaşayış evi həmin vaxt (2000-ci ildə) X5 mülkiyyətində olmuşdur. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən hazırda sözügedən fərdi yaşayış evinin kimin mülkiyyətində olmasının araşdırılması zərurəti yoxdur. Məhkəmə, özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05.05.2004-cü il tarixli,1 mk-2283/2004 saylı qanuni qüvvəsini almış qətnaməsində İlhamə Mizəxanovanın gəlin köçdüyü, İsmayıllı rayonu, Gəraybəyli kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması hissəsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır.1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 3-cü hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət hüququ olsa da, məhrum edilməsi qanuni deyil. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, İddiaçı istifadə hüququ olmasına baxmayaraq, cavabdehlərin ona qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama, cehiz əşyalarının çıxarılması) qanunsuzdur. Belə ki, mülki işin materiallarından da görünür ki, mübahisələndirilən fərdi yaşayış evinə iddiaçının istifadə hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı cehiz əmlakları ilə birlikdə X6 məxsus İsmayıllı rayon Gəraybəyli kəndində yerləşən 4 otaqlı, 60 kv.m sahəsi olan fərdi yaşayış evinə köçürülməli, onun evdən istifadə hüququna cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən edilən maneələrə son qoyulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından, mülki iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. İddiaçı cehiz əmlakları ilə birlikdə X6 məxsus İsmayıllı rayon Gəraybəyli kəndində yerləşən 4 otaqlı, 60 kv.m sahəsi olan fərdi yaşayış evinə köçürülsün. İddiaçı İsmayıllı rayon Gəraybəyli kəndində yerləşən 4 otaqlı, 60 kv.m sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən edilən maneələrə son qoyulsun. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar