Məhkəmə qərarları › İş №2(037)-39/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-39/2022

12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-39/2022 12.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə 12 yanvar 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Qalınçaq kəndində 16 aprel 2009-cu ildə vəfat etmiş X12 doğma nənəsi olması və nənəsi X10 miras qalmış əmlakın, o cümlədən Azərbaycan Respublikasının keçmiş DTXK tərəfindən 21 iyul 2003cü il tarixdə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0043 Kod 40712018 saylı Dövlət aktı üzrə 0.54 hektar pay torpaq sahəsinin onun tərəfindən qəbul olunması faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 12.04.2001-ci il tarixli 122 saylı qərarı əsasında DTXK tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN-0043 Kod 40712018 saylı Dövlət aktına əsasən İsmayıllı rayon Qalınçaq kəndi ərazisindən 0.54 hektar kənd təsərrüfatlı təyinatlı pay torpaq sahəsi nənəsi X12 mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktında nənəsi Anagül Məlikovanın soyadı “Babayeva” yazılmışdır. Nənəsi və babası arasında rəsmi nikah olmasa da, onlar faktiki nikahla evləndikdən sonra övladlarının doğum aktlarında ana qrafasında nənəsinin soyadı ərinin soyadı ilə “Babayeva” qeyd edilmişdir. Bu onun mərhum atası X5 doğum haqqında şəhadətnaməsi ilə də təsdiq olunur. Bu hal İsmayıllı rayon Məhkəməsinin 2(037)-938/2021 saylı 08.10.2021-ci il tarixli qətnaməsi ilə də təsdiq olunmuşdur. Yəni həmin məhkəmə qətnaməsi ilə DTXK tərəfindən 21 iyul 2003-cü il tarixdə X13 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0043 Kod 40712018 saylı Dövlət aktının X14 məxsus olması faktı müəyyən olunmuşdur. Lakin atasının doğum haqqında şəhadətnaməsində nənəsinin soyadı babasının soyadı ilə “Babayeva” yazılmaqla nənəsi ilə onun arasındakı qohumluq münasibətini müəyyənləşdirmək olmur. Hüquqmüəyyənedici sənəddə qeyd olunan ziddiyətlərə görə nümayəndəsi olduğu atası torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ üzrə mülkiyyət hüququnu həyata keçirə bilmir. Eyni zamanda nənəsi Anagül Məlikova vəfat edənədək onunla bir ailədə yaşamışdır.X24 03.04.2008-ci ildə, nənəsi Anagül Məlikova isə 16.04.2009-cu ildə vəfat etmişlər. X16 miras qalan əmlakı, o cümlədən “Torpağa mülkiyyət hüququna dair” JN-0043 Kod 40712018 saylı Dövlət aktına əsasən verilmiş İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində yerləşən 0.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini nənəsinin vərəsəsi olacaq atasına görə faktiki olaraq o qəbul etmiş, torpağı əkib becərmiş və vergilərini ödəmişdir. Nənəsindən qalan mirasla bağlı heç bir mübahisə yoxdur. 16 aprel 2009-cu ildə vəfat etmiş nənəsi X10 qalmış mirasın, o cümlədən “Torpağa mülkiyyət hüququna dair” JN-0043 Kod 40712018 saylı Dövlət aktı üzrə İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən 0.54 hektar pay torpaq sahəsinə dair vərəsəlik hüququnun tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon notariat ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat ofisinin müraciətə cavab məktubunda qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığı əsas gətirilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunaraq İsmayıllı rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan əlavə nənəsinin soyadı atasının doğum akt qeydində “Babayeva”, nənəsinin ölüm haqqında şəhadətnaməsində isə “Məlikova” yazılması nənəsi ilə onun qohumluq münasibətlərinin rəsmi təsdiqini inkar edir. Bu hüquqi əhəmiyyətli faktların məhkəməyədək və məhkəmədən kənar təsdiqi mümkün deyildir. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunaraq, İsmayıllı rayon Qalınçaq kəndində 16 aprel 2009-cu ildə vəfat etmiş X12 doğma nənəsi olması və nənəsi X10 qalan mirasın, o cümlədən Azərbaycan Respublikasının keçmiş DTXK tərəfindən 21 iyul 2002-ci il tarixdə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN- 0043 Kod 40712018 saylı Dövlət aktı üzrə 0.54 hektar pay torpaq sahəsinin onun tərəfindən qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Qalınçaq kəndində yaşayır. Ərizəçi qardaşı oğludur. Ailədə dörd uşaq olmuşlar. Onun özündən başqa iki qardaşı və bir bacısı var. X19 03.04.2008-ci ildə, anası Anagül Məlikova isə 16.04.2009-cu ildə vəfat etmişlər. Mərhum anası Anagül Məlikovadan miras qalan əmlaklar, o cümlədən JN-0043 Kod 40712018 saylı Dövlət aktına əsasən verilmiş İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən 0.54 hektar pay torpaq sahəsi miras əmlak kimi onun tərəfindən qəbul edilməmişdir. Anasından miras qalan əmlaklara, o cümlədən İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən 0.54 hektar pay torpaq sahəsinə dair iddiası yoxdur, anasından qalan miras əmlakdan ona çatası paydan qardaşı oğlu Ərizəçi xeyrinə imtina edir və miras əmlakdan pay istəmir. X3 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Qalınçaq kəndində yaşayır. Ərizəçi qardaşı oğludur. Ailədə dörd uşaq olmuşlar. Onun özündən başqa iki qardaşı və bir bacısı var. X19 03.04.2008-ci ildə, anası Anagül Məlikova isə 16.04.2009-cu ildə vəfat etmişlər. Mərhum anası Anagül Məlikovadan miras qalan əmlaklar, o cümlədən JN-0043 Kod 40712018 saylı Dövlət aktına əsasən verilmiş İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən 0.54 hektar pay torpaq sahəsi miras əmlak kimi onun tərəfindən qəbul edilməmişdir. Anasından miras qalan əmlaklara, o cümlədən İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən 0.54 hektar pay torpaq sahəsinə dair iddiası yoxdur, anasından qalan miras əmlakdan ona çatası paydan qardaşı oğlu Ərizəçi xeyrinə imtina edir və miras əmlakdan pay istəmir. X2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Qalınçaq kəndində yaşayır. Ərizəçi qardaşı oğludur. Ailədə dörd uşaq olmuşlar. Onun özündən başqa üç qardaşı var. X19 03.04.2008-ci ildə, anası Anagül Məlikova isə 16.04.2009-cu ildə vəfat etmişlər. Mərhum anası Anagül Məlikovadan miras qalan əmlakları, o cümlədən JN-0043 Kod 40712018 saylı Dövlət aktına əsasən verilmiş İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən 0.54 hektar pay torpaq sahəsi miras əmlak kimi onun tərəfindən qəbul edilməmişdir. Anasından miras qalan əmlaklara, o cümlədən İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən 0.54 hektar pay torpaq sahəsinə dair iddiası yoxdur, anasından qalan miras əmlakdan ona çatası paydan qardaşı oğlu Ərizəçi xeyrinə imtina edir və miras əmlakdan pay istəmir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı rayon Ruşan kənd sovetliyi tərəfindən verilmiş 10.10.1984-cü il tarixli X-ЖГ №312492 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi atası X9, anası X11 olmaqla, xx.xx.1984-cü il tarixdə İsmayıllı rayonu, Ruşan kəndində doğulmuşdur. İşdə olan 21.07.2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0043 Kod 40712018 saylı Dövlət aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli 122 saylı qərarı əsasında İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisindən 0.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən İsmayıllı rayon Qalınçaq kənd sakini X13 mülkiyyətinə verilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.04.2012-ci il tarixli AZ-İ№521750 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 03.04.2008-ci il tarixdə vəfat etmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13.07.2021-ci il tarixli AZ-İ№205552 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 16.04.2009-cu il tarixdə vəfat etmişdir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, Ərizəçi ərizəsi təmin edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-0043 kod 40712018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X14 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair 20.10.2021-ci il tarixli N-1607 nömrəli məktubdan görünür ki, Ərizəçi mərhum nənəsi X10 qalmış miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmiş, lakin ərizəçi mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İşdə olan İsmayıllı RİHB-nın Qalınçaq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli 551 nömrəli arayışdan görünür ki, mərhum X17 vəfat etdiyi günədək İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində özü, gəlini X11,nəvəsi Ərizəçi Akif oğlu və nəvəsinin arvadı X20 ilə birlikdə yaşamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahid ifadələri və digər iş materialları ilə müəyyən edilir ki, 16.04.2009-cu il tarixdə vəfat etmiş mərhum X17 ərizəçinin nənəsi olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır və onlar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1167-ci maddəsnə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, mərhum X17 Ərizəçi nənəsidir və Ərizəçi mərhum X16 qalan mirasdan, o cümlədən JN- 0043 Kod 40712018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən 0.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmiş,digər vərəsələr əmiləri Fəxrəddin Əzimov, Baləddin Əzimov və bibisi Lətifə Hüseynova yazılı ərizə və məhkəmə iclasında şahid qismində ifadə verərək mərhum analarından qalan mirası qəbul etmədiklərini, analarından qalan mirasa, o cümlədən JN- 0043 Kod 40712018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən 0.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddialarının olmadığını, miras əmlakdan onlara çatan payı qardaşları oğlu Ərizəçi xeyrinə imtina etdiklərini və mirasdan pay istəmədiklərini bildirmişlər, digər vərəsə Alməddin Əzimov isə 03.04.2021-ci ildə vəfat etmişdir. Bu səbəbdən mərhum X12 Ərizəçi nənəsi olması və X4 qalan miras, o cümlədən JN-0043 Kod 40712018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən 0.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 16.04.2009-cu il tarixdə vəfat etmiş mərhum X12 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. X4 qalan miras, o cümlədən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli 122 saylı qərarı ilə DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN- 0043 Kod 40712018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən 0.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar