Məhkəmə qərarları › İş №2(037)-450/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-450/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-450/2021 16.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 16 iyun 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “İddiaçı” İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 455,78 manat dəymiş ziyan və 20,4 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh 12 dekabr 2019-cu il tarixdə gecə saat 12 radələrində idarə etdiyi “LADA-21114” markalı P604OT/116 Rusiya Federasiyasına aid dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobil “İddiaçı” X2 X5 İdarəsinin İsmayıllı Xidmət Sahəsinin balansında və istismarında olan D-108 mm-lik orta təziqli qaz kəmərinə çırpılaraq qaz kəmərinin 20 pm hissəsini qıraraq yararsız hala salmışdır. Qaz kəmərinin qırılması nəticəsində qaz itkisi baş verməmişdir. Hadisə zamanı iddiaçı təşkilata 455 manat 78 qəpik məbləğində maddi ziyan dəymişdir. Baş vermiş hadisənin araşdırılması, dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün 12 dekabr 2019-cu il tarixli məktubla İsmayıllı rayon Polis Şöbəsinə və İsmayıllı rayon Prokurorluğuna müraciət edilmişdir. İsmayıllı rayon Prokurorluğundadan daxil olmuş 11 fevral 2020-ci il tarixli məktubda işlə bağlı İsmayıllı rayon Polis Şöbəsində aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərarın əsassız olduğundan ləğv edildiyi və yenidən baxılması üçün geri qaytarılması qeyd edilmişdir. Lakin bundan sonra aprılmış araşdırmanın nəticələri barədə iddiaçıya məlumat verilməmişdir. Dəymiş ziyan məbləği cavabdeh tərəfindən ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Qeyd etdiklərinə əsasən cavabdehdən 455,78 manat dəymiş ziyan, 20,4 manat ödənilmiş dövlət rüsumu – cəmi 476,18 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, 12 dekabr 2019-cu il tarixdə gecə saat 12 radələrində idarə etdiyi “LADA-21114” markalı Rusiya Federasiyasına aid dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisində hərəkətdə olarkən hava şəraitinin pis olmasını nəzərə almadığı üçün idarəetməni itirmişdir. Avtomobil orta təziqli qaz kəmərinə çırpılaraq qaz kəmərinin 20 pm hissəsini qıraraq yararsız hala salmışdır. Lakin qaz kəmərinin qırılması nəticəsində qaz itkisi baş verməmişdir. Dəymiş ziyanı maddi imkanı olmadığından ödəyə bilməmişdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. 16 dekabr 2019-cu il tarixli aktın surətindən görünür ki, 12 dekabr 2019-cu il tarixdə cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində 20 metr uzunluğunda d- 108 mm-lik boru istismara yararsız vəziyyətə düşmüşdür. 18 dekabr 2019-cu il tarixli məktubdan görünür ki, “İddiaçı” X4 X5 İdarəsinin İsmayıllı Xidmət Sahəsi Ağsu X5 İdarəsinə mürcaiət edərək 12 dekabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın hesablanmasına münasibət bildirilməsini xahiş etmişdir. 16 dekabr 2019-cu il tarixdə tərtib edilmiş akta əsasən dəymiş ziyanın hesabatının surətindən görünür ki, D-108 mm-lik polad borunun hal-hazırda 1m-nin qiyməti 11,07 manat (20x11,07=221,4 manat), D-108 mm-lik əymənin hal-hazırda 1 ədədinin qiyməti 8,23 manat (6x8,23=49,38 manat), işin icrasına sərf olunan yanacaq, elektrod, maşınmexanizmin istifadəsi, işçilərin iştirakı və sair xərclər 185 manat təşkil edir. Ümumilikdə “İddiaçı” İstehsalat Birliyinə 455 manat 78 qəpik məbləğində ziyan dəymişdir. 20 dekabr 2019-cu il tarixli müraciətin surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı qanunvericiliyə uyğun tədbir görülməsi və 455,78 manat dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət olunmuşdur. İsmayıllı rayon Prokurorluğunun 11 fevral 2020-ci il tarixli 86-X-20 nömrəli məktubunun surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisində xəsarət alaraq İsmayıllı RXM-nə müraciət etməsi ilə bağlı İsmayıllı rayon X3 qrupunda araşdırma aparılaraq toplanmış material üzrə 7 fevral 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasız olduğundan 11 fevral 2020-ci il tarixli qərarla ləğv edilərək material əlavə yoxlama aparılması üçün İsmayıllı RPŞ-ya qaytarılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, cavabdeh 12 dekabr 2019-cu il tarixdə gecə saat 12 radələrində idarə etdiyi “LADA-21114” markalı P604OT/116 Rusiya Federasiyasına aid dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobil “İddiaçı” X2 X5 İdarəsinin İsmayıllı Xidmət Sahəsinin balansında və istismarında olan D-108 mm-lik orta təziqli qaz kəmərinə çırpılaraq qaz kəmərinin 20 pm hissəsini qıraraq yararsız hala salmışdır. Qaz itkisi baş verməmişdir. Ümumilikdə “İddiaçı” İstehsalat birliyinə 455 manat 78 qəpik məbləğində ziyan dəymişdir. Cavabdeh dəymiş ziyanın ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 455 manat 78 qəpik dəymiş ziyan, 20 manat 40 qəpik ödənilmiş dövlət rüsumu - əmi 476 (dörd yüz yetmiş altı) manat 18 (on səkkiz) qəpik məbləğinin alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh hadisə nəticəsində qaz itgisinin olmadığını, dəymiş ziyanı maddi imkanı olmadığından ödəyə bilmədiyini göstərərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iddiaçının dəlillərini iş materialları və işin faktiki halları ilə, habelə qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə araşdıraraq qərara gəlir ki, cavabdehin iddiaçı təşkilata 455 manat 78 qəpik məbləğində maddi ziyan vurduğu məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 20 manat 40 qəpik dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 455 manat 78 qəpik dəymiş ziyan, 20 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 476 (dörd yüz yetmiş altı) manat 18 (on səkkiz) qəpik məbləği alınaraq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar