Məhkəmə qərarları › İş №2(037)-451/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-451/2022

14.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-451/2022 14.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, evin boşaldılması, evə köçürülmə və fərdi yaşayış evinə dair istifadə hüququna maneçilik törədilməsinə qadağa qoyulması” tələbinə dair mülki işə 14 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli, 2(037)-29/2011 saylı qətnaməsi ilə cavabdeh X3 tanınmış JN- 013F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan, İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ona məxsus alt-üst iki otağından istifadə hüququna xitam verilməsi, həmin otaqların boşaldılması, evə məcburi köçürülmə və istifadə hüququna maneçiliklərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon AİK-nın 17 mart 1998-ci il tarixli, 43 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 12 iyul 2002-ci il tarixdə 571 nömrə ilə qeydə alınaraq verilmiş JN-013F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə mülkiyyətində olan İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2003-cü il tarixli qətnaməsi ilə boşandığı birinci həyat yoldaşı Təranə Mirzəyeva ilə aralarında bölünərək ½ hissə üzərində hər birinin mülkiyyət hüququ müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli, 2(037)-29/2011 saylı qətnaməsi ilə ikinci həyat yoldaşı olmuş Məryam Əhmədova və üç uşaqları mülkiyyətində olan ½ hissə fərdi yaşayış evindən istifadə hüquqları müəyyən edilərək evə köçürülmüşlər. Mirzəyeva Təranə isə mülkiyyətində olan ½ hissə fərdi yaşayış evini hazırkı cavabdeh Məryam Əhmədovaya satmışdır. Belə olan halda cavabehin mülkiyyətində ½ hissə fərdi yaşayış evi mövcuddur. Lakin cavabdeh onun qanuni istifadəsində olan fərdi yaşayış evinin ½ hissəsinə də şəxsi əmlaklarını yığaraq qapını qıfıllamış, digər ½ hissəsində isə uşaqları ilə birlikdə yaşayaraq onu evə buraxmır. Hazırda o, başqa yerdə özünə məxsus olmayan evdə yaşayır və öz halal evinə gedə bilmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Məryam Əhmədova iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-88/2003 saylı, 22 noyabr 2003-cü il tarixli qətnaməsi icra edildikdən sonra mübahisəli fərdi yaşayış evinin ½ hissəsi X1 mülkiyyətinə keçmiş və bundan sonra iddiaçı həmin hissəyə bütün hüquqlarını itirmişdir. Həmin hissədən o hansı hüquqla istifadə edir bunun iddiaçıya aidiyyəti yoxdur. Digər ½ hissəyə isə İddiaçı, onun və övladlarının istifadə hüquqları müəyyən edilmiş və 2021-ci ilin sonuna kimi heç bir mübahisə olmadan yaşamışlar. O aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etdiyi üçün iddiaçı da belə bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda uşaqları ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşayır, o heç bir qapı qıfıllamamış, hətda iddiaçının daha rahat və ayrı yaşaması üçün öz vəsaiti hesabına ona ayrı qapı açmışdır. Fərdi yaşayış evinin digər ½ hissəsini isə o almış, lakin ödənişi tam etmədiyinə görə adına hüquqmüəyyənedici sənəd almamışdır, ev hazırda əvvəlki mülkiyyətçinin adınadır. Bir daha bildirmək istəyir ki, iddiaçıya heç bir maneə yaratmır sadəcə onunla birlikdə yaşamaq istəmir və ayrı yaşamasını istəyir, o uşaqlarına görə əlillik təqaüdü alır və onunla birlikdə yaşaması uşaqlarının sağlamlığına pis təsir edir. Ona görə də ayrı yaşamaq qərarına gəlmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mübahisəli fərdi yaşayış evinə baxış keçirib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli 534/02398 saylı arayışdan görünür ki, İsmayıllı rayon inzibati ərazi vahidi üzrə İddiaçı adına İsmayıllı rayon, Sumağallı kəndində inventar nömrəsi 32 olan texniki pasporta əsasən fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsi (JN-013F KOD 40711038 olan şəhadətnamə və 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) vardır. Qeyd olunan fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsinin bir hissəsi İsmayıllı rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-88-2003 saylı qətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2009-cu il tarixli, 2(037)-91/2009 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2007-ci il tarixdə bağlanmış nikah qeydi pozulması barədə qətnamə çıxarılmışdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli, 2(037)-29/2011 saylı qətnaməsinin surətindən görünür ki, X2 və azyaşlı uşaqları X7, X4 və X5 ilə birlikdə İsmayıllı rayon Sumağallı kəndində yerləşən, İddiaçı fakiki mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ müəyyən edilmiş və X8 öz azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 4070018/269 inventar və **********04-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayonu, Sumağallı kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair plan-ölçü tərtib edilməklə X1 adına qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, Seriya RX ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllıl rayonu, Sumağallı kəndində yerləşən 0,0696 ha yaşayış məntəqələrinin həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X1 adına qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X6 ona məxsus ismayıllı rayonu, Sumağallı kəndində 0,0696 ha torpaq sahəsini və fərdi yaşayış evini yardımçı vasitələri ilə birlikdə 3000 manat qarşılığında Cavabdeh satmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı adına İsmayıllı rayon, Sumağallı kəndində inventar nömrəsi 32 olan texniki pasporta əsasən fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsi (JN-013F KOD 40711038 olan şəhadətnamə və 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) vardır. İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2007-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuş, X2 və azyaşlı uşaqları X7, X4 və X5 ilə birlikdə İsmayıllı rayon Sumağallı kəndində yerləşən, İddiaçı fakiki mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ müəyyən edilmiş və X8 öz azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsinin bir hissəsi İsmayıllı rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-88-2003 saylı qətnaməsinə əsasən özgəninkiləşdirilmiş və iddiaçının birinci arvadı olmuş X1 adına qeyd edilmişdir. Təranə Mirzəyeva adına olan sözügedən fərdi yaşayış evini iddiaçının ikinci arvadı olmuş hazırki Cavabdeh xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satmış, lakin hazırki cavabdeh həmin fərdi yaşayış evinə dair öz adına çıxarış almamışdır. İddiaçı cavabdehin özünə mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evi olduğu üçün ona məxsus fərdi yaşayış evinə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsini xahiş edir, cavabdeh isə alğı-satqı müqaviləsi üzrə satıcıya borcu qaldığından adına çıxarış ala bilmədiyini bildirərək iddianın əsassız olduğunu qeyd edir. Mübahisəli fərdi yaşayış evinə yerli baxış zamanı müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi 2 mərtəbəli olmaqla, birinci mərtəbəsi yaşayış üçün əlverişli deyil, evin ikinci mərtəbəsinə mənzilin sağ hissəsindən taxta pilləkənlərlə giriş edilir, giriş qapısının qolu və kilidi yoxdur, girişdə bir koridor, koridorun sağ hissəsində iki otaq və mətbəx mövcuddur, koridorun sonunda isə sonradan arakəsmələrlə hazırlanmış və qapısı bağlı olan bir otaq mövcuddur. İddiaçıya məxsus otaqda cavabdehin əşyaları yığılmışdır. Baxış zamanı fərdi yaşayış evinin birinci mərtəbəsində ikinci mərtəbəyə qalxmaq üçün ikinci mərtəbənin döşəməsi 1 m radiusda kustar üsulla kəsilərək yuxarıya giriş açılmış və taxta yeşiklərdən istifadə etməklə ikinci mərtəbəyə çıxılması müşahidə olunur. İddiaçının dediyinə görə cavabdeh ona əsas qapıdan girməsinə icazə vermədiyindən məcburiyyət qarşısında qalaraq belə təhlükəli üsulla evə daxil olur. Məhkəmə ilk növbədə nəzərə alır ki, kompensasiya verilmədən cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb–qalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, cavabdeh əvvəllər iddiaçının ailə üzvü olduğu üçün sözügedən fərdi yaşayış evinə köçürülmüş və həmin evdə qeydiyyatdadır. Cavabdeh hal-hazıradək sözügedən fərdi yaşayış evində yaşayır.Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh istifadə hüququ verilmiş fərdi yaşayış evinin ½ hissəsini (plan-ölçü tərtib edilməklə) sonradan iddiaçının birinci arvadı Təranə Mirzəyevanın adına rəsmiləşdirilmiş, o da özünə mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evini iddiaçının ikinci arvadı olmuş,hazırkı tələb üzrə cavabdehə notarial qaydada təsdiqlənmiş alğı-satı müqaviləsi əsasında satmışdır. Eyni zamanda istər iddiaçının istərsə də sözügedən fərdi yaşayış evinin ½ hissəsinin mülkiyyətçisi olan Təranə Mirzəyevanın adına texniki pasport tərtib edilərək həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair plan-ölçü tərtib edilmişdir. Belə ki, iddiaçının və hazırda Təranə Mirzəyevanın adında olan və Cavabdeh tərəfindən alınmış fərdi yaşayış evinin kordinatları və ölçüsü (naturada) müəyyən edilmişdir. Cavabdehin özünün də etiraf etdiyi kimi alğı-satqı müqaviləsi ilə aldığı sözügedən fərdi yaşayış evi üzün müddətdir ki, onun istifadəsində olmaqla orada yaşamaqla, hazırda İddiaçı məxsus fərdi yaşayış evindən istifadə zərurəti aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə cavabdehin etiraz mülahizəsində hazırkı fərdi yaşayış evinə dair alğı-satqı müqaviləsi bağlasa da satıcıya borcu olduğundan adına rəsmiləşdimə edə bilmədiyini əsas gətirərək, iddianın əsassız olduğunu bildirməsinə münasibət bildirərək qeyd edir ki, alğı-satqı müqaviləsinin bağlanması müqavilə predmeti olan daşınmaz əşyadan istifadəni reallaşdırdığından eyni zamanda həmin əmlaka dair cavabdehin adına çıxarış alınmaması sözügedən evdən istifadə zərurətinin aradan qalxmadığı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olsalar da, faktiki olaraq sözügedən evin ½ hissəsinə artıq alğı-satqı müqaviləsi əsasında istifadə hüququnu reallaşdırdığından fərdi yaşayış evinin iddiaçıya məxsus digər ½ hissəsindən istifadə etmələrinə zərurət aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onun istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014–cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5–ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262–ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formaladırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2–ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər–arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2–ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz–özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda cavabdehin öz istifadəsində fərdi yaşayış evi olduğundan, dolayısı ilə iddiaçıya mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsinə ehtiyacı olmadığından və ailə üzvü olmadığından onun iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui–istifadə olmasın. Məhkəmə hesab edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ–əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bundan başqa məhkəmə hesab edir ki, yuxarıda qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbinin İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ona məxsus alt-üst iki otağın boşaldılması, evə məcburi köçürülmə və istifadə hüququna maneçiliklərə qadağa qoyulması hissəsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır.1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 3-cü hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət hüququ olsa da, məhrum edilməsi qanuni deyil. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Belə olan halda məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri halhazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli, 2(037)-29/2011 saylı qətnaməsi ilə cavabdeh X3 tanınmış JN-013F Kd 40711038 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin İddiaçı mülkiyyət hüququ ilə məxsus alt-üst iki otağından istifadə hüququna xitam verilməli, həmin otaqlar boşaldılmalı, iddiaçı evə məcburi köçürülməli və istifadə hüququna maneçiliklərə qadağa qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından, mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli,2(037)-29/2011 saylı qətnaməsi ilə cavabdeh X3 tanınmış JN-013F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin İddiaçı mülkiyyət hüququ ilə məxsus alt-üst iki otağından istifadə hüququna xitam verilsin. İddiaçı məxsus alt-üst iki otaq boşaldılsın. İddiaçı JN-013F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan, İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə məcburi köçürülsün və onun istifadə hüququna maneçiliklərə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar