Məhkəmə qərarları › İş №2(037)-460/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-460/2020

13.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-460/2020 13.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı “İddiaçı” İstehsalat Birliyinin cavabdeh x2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 13 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: “İddiaçı” İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək x1 (bundan sonra cavabdeh) istifadə etdiyi təbii qaza görə yaranmış 548 manat 70 qəpik əsas borc, 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu, cəmi 579 (beş yüz yetmiş doqquz) manat 10 (on) qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 11 iyun 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 15 iyun 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 03 dekabr 2016-ci il tarixli müqaviləyə əsasən cavabdehin yaşadığı evdə istehlakçı kimi təbii qazdan istifadə etməsi nəticəsində 548 manat 70 qəpik məbləğində borcu yaranmışdır. Müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. Cavabdehə debitor borcun ödənilməsi ilə bağlı bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Sonuncu dəfə 2020-ci ilin mart ayında 50 manat pul ödəmişdir. Cavabdehə bildiriş-xəbərdarlıq göndərilmiş, lakin yaranmış borc məbləği tam şəkildə ödənilməmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 548 manat 70 qəpik əsas borc, 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu, cəmi 579 (beş yüz yetmiş doqquz) manat 10 (on) qəpik məbləğinin cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış 03 dekabr 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini iddiaçının təqdim etdiyi hesab üzrə tam şəkildə ödəməlidir. Xəbərdarlıqdan görünür ki, cavabdehdən 14 may 2020-ci il tarixə yaranmış 548,7 manat borc məbləğinin beş gün ərzində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Abonentin saldosundan görünür ki, cavabdehin istifadə etdiyi təbii qaza görə 2020-ci ilin aprel ayının sonuna 548,7 manat borcu yaranmışdır. 04 iyun 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 03 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 548 manat 70 qəpik məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcun tam şəkildə ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 548 manat 70 qəpik əsas borc, 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu, cəmi 579 (beş yüz yetmiş doqquz) manat 10 (on) qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh x1 təbii qazdan istifadəyə görə yaranmış 548 manat 70 qəpik əsas borc, 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu, cəmi 579 (beş yüz yetmiş doqquz) manat 10 (on) qəpik məbləği alınaraq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar