Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-465/2023 31.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyətdə olan əkin torpaq sahəsindən çıxarılma,vurulmuş maddi zərərin ödənilməsi və mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 31 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətlərində olan,İsmayıllı rayonu,Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar əkin torpaq sahəsindən çıxarılması,torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi,vurulmuş 18000 manat məbləğində maddi zərərin alınıb onlara verilməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki,İsmayıllı rayonu Cülyan kəndində yaşayır.İddiaçı2 qardaşı,İddiaçı3 isə bacısıdır.Məlum torpaq islahatları ilə əlaqədar olaraq İsmayıllı rayon keçmiş Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarına uyğun olaraq onun və ailə üzvləri X7,anası Güllər Babayeva, qardaşı İddiaçı2 və bacısı Xavər Babayevanın birgə mülkiyyətlərinə İsmayıllı rayon Kürdmaşı kəndi ərazisindən 0,88 hektar əkin torpaq sahəsi verilmişdir.Atası sağlığında ailəsinə məxsus Dövlət Aktı üzrə İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar əkin torpaq sahəsini Kürdmaşı kəndində məskunlaşmış,tanımadığı,yalnız atasının tanıdığı bir məcburi qaçqına icarə əsası ilə vermiş, həmin şəxs də onlara hər il 300 kq buğda icarə haqqı ödəmişdir.X7 08 03.2014-cü ildə,anası Güllər Babayeva isə xx.xx.2014-cü ildə vəfat etmişlər.Onların vəfatından sonra 2015-ci ildə ona məlum olmuşdur ki,torpağın mülkiyyət sənədi Kürdmaşı kənd sakini "Aznar” QSC-nin nümayəndəsi Cavabdeh1 adlı şəxsdədir.O,Cavabdeh1lə əlaqə saxlamış torpaq sənədinin ona hansı yolla çatmasını soruşduqda sonuncu ona sənədin İsmayıllı rayon Dövlət notariat kontorunda olduğunu,notarusa gəlməsini və orada görüşmələrini bildirmişdir.O,İsmayıllı rayon Notariat Kontorunda olmuş,Xalidlə görüşmüş və Xalid ona Dövlət Aktı üzrə torpağın 0,75 hektarı hissəsinin güya atası tərəfindən Cavabdeh2 QSCyə satıldığını və atasına müəyyən məbləğ pul ödənildiyini bildirmişdir.Ona görə də o və digər ailə üzvləri də alqı-satqı müqaviləsinə imza etməlidirlər.O,bundan qəti surətdə imtina etmiş və bildirmişdir ki,onların torpağı satmaq niyyətləri olmayıbdır və atası da onlara torpağı satdığına və hər hansı pul almasına dair heç bir söz deməyibdir.Əgər belə bir fikr olmuş olsa idi yəqin onlar da bilərdilər.Eyni zamanda daşınmaz əmlakın alğı-satqısı yalnız notarial qaydada təsdiq olunmuş alğı-satqı müqaviləsi əsasında həyata keçirilir ki,həmin vaxt bütün mülkiyyətçilər şəxsən imzaları ilə və ya etibarnamə əsasında nümayəndələrinin onların adından imzası vasitəsi ilə təsdiq edilir.Bu halların heç biri movcud olmadan,tək bir atasının sözü ilə (hələ bu da məlum deyil) beş nəfərin birgə mülkiyyətində olan torpaq onların dördünün razılığı olmadan nece satıla bilərdi.Göründüyü kimi cavabdeh qanunsuz olaraq torpaqlarını zəbt etmiş,orada çoxillik əkmələr əkmiş,onlara məxsus torpağın da yerləşdiyi ümumi bağ sahəsi keçilməz hasara alınmış, mühafizəçi tərəfindən qorunur,həmin əraziyə onlar buraxılmamaqla 10 ildir cavabdeh torpaqlarından gəlir əldə edir.Hansı ki,həmin 0,88 hektar əkin torpaq sahəsi Kürdmaşı kəndində ən düz və münbit sahələrdən biri olmaqla orada məhsuldarlıq ən azı 40 sentner təşkil edir.Bu da 0,88 hektar torpaq sahəsindən hər il 30 sentner buğda məhsulundan məhrum olmaları deməkdir.10 ildə bu rəqəm 30 ton edir ki, bir kiloqram taxılın hazırkı orta bazar qiymati 60 qəpik təşkil etdiyi halda 30 ton taxıl 60 qəpikdən 18000 manat təşkil edir.Bununla da cavabdehin qanunsuz əməli nəticəsində ona və digər mülkiyyətçilərə 18000 manat məbləğində əldə edəcəkləri gəlirdən məhrum olmuşlar.Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasında iştirak etməmişlər,onları etibarnamə üzrə səlahiyyətli nümayəndələri İddiaçı1 təmsil etmişdir. Cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 QSC-nin qeydə alındığı ünvana məhkəmə sənədləri rəsmi qaydada göndərilmiş və həmin məhkəmə sənədləri cavabdehin qeydə alındığı ünvanda xəbərnamə qəbzlərinə imza edilməklə qəbul edilmişdir.Cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədiyindən təyin olunmuş məhkəmə iclasları bir neçə dəfə təxirə salınsa da, ancaq cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək iddia ərizəsi və ona əlavə olunmuş sübutların surətlərinin qanunla müəyyən olunmuş qaydada onlara təqdim olunmadığını,bu səbəbdən də xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini,buna əsasən də AR MPM-nin tələblərinə uyğun olaraq həmin sənədləri onlara göndərməklə mülki iş üzrə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bir neçə dəfə məhkəmə hazırlıq iclasları və məhkəmə baxış iclası təxirə salınmış və bu barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş və xəbərnaməli bildirşlər işə əlavə edilmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 izahatını,işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan JN-245 Kod 40724028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki,İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998ci il tarixli 60 nömrəli qərarı ilə JN-245 Kod 40724028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X2,İddiaçı1,İddiaçı2 və X1 birgə mülkiyyətlərinə İsmayıllı rayon Kürdmaşı kəndi ərazisindən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan İsmayıllı RİHB-nın Cülyan İƏD nümayəndəliyi tərəfindən verilmiş 11 aprel 2014-cü il tarixli AZ-İ№ 606417 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 04 ayının 11 günündə 03 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı RİHB-nın Cülyan İƏD nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2014-cü il tarixli AZ-İ№ 677026 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki,X2 xx.xx.2014-cü il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin sentyabr ayının 05 günündə 07 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Notariat Ofisinin 03 may 2023-cü il tarixli №318 nömrəli sorğuya cavab məktubundan görünür ki,X4 və ailə üzvlərinin birgə mülkiyyətlərində olan JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar torpaq sahəsi üzərində hər hansı bir əmlakın aparılıb-aparılmaması barədə “Elektron notariat” informasiya sistemində axtarış aparılmış, qeyd olunan əmlak üzərində “Elektron notariat” informasiya sistemində notariat əməliyyatı aşkar olunmamışdır. İşdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 10 may 2023-cü il tarixli 3-21-3-42/2-2306/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, JN-245 Kod 40724028 nömrəli dövlət aktı Dövlət aktlarının qeydiyyat kitabında JN-245 Kod 40724028 olan 2509-cu nömrədə X3 adına qeydiyyatı aparılmışdır,JN-245 Kod 40724028 olan dövlət aktı 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində mövcuddur və qüvvədən düşməsi barədə hər hansı bir qeydiyyat aparılmamışdır. İşdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 12 iyul 2023-cü il tarixli 3-21-3-42/2-3420/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, mülki işdə göstərilən JN-245 Kod 40724028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4,X2, İddiaçı1,İddiaçı2 və X1 birgə mülkiyyətlərinə verilmiş mübahisə predmeti olan 0.88 hektar torpaq sahəsinin faktiki naturada ölçülməsi üçün mütəxəssisn iştirakı təmin edilmiş,İddiaçı1 mübahisə predmeti olan ümumi birgə mülkiyyətə verilmiş 0.88 hektar torpaq sahəsinin 0.75 hektar hissəsinin Cavabdeh2 QSC tərəfindən istifadə olunduğunu bildirmiş,iddia olunan 0.75 hektar torpaq sahəsinin faktiki naturada ölçülməsi ilə əlaqədar olaraq Cavabdeh2 QSC tərəfindən salınmış üzüm sahəsinə yaxınlaşan zaman həmin ərazinin gözətçisi üzüm sahəsinin ərazisinə daxil olmağa icazə verməməsi səbəbindən işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün deyildir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki,İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4,X2,İddiaçı1,İddiaçı2 və X1 birgə mülkiyyətlərinə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisindən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və hazırda həmin torpaq sahəsi cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 QSC-nin istifadəsindədir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən olunması məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərilmiş sorğu ilə əlaqədar həmin idarənin mütəxəssisləri tərəfindən mübahisəli əraziyə gedilmiş,ancaq cavabdehin əməkdaşları mübahisəli ərazidə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən ölçmə işləri aparılmasına şərait yaradılmamışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuların nəticəsi olaraq hazırda mübahisəli torpaq sahəsinə dair iddiaçılarla cavabdeh arasında hər hansı alğı-satqı müqaviləsinin bağlanmadığı və qeyd edilən torpaq sahəsinin cavabdehin adına qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçılar mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların sözügedən torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 QSC-yə münasibətdə məcmu halında mövcuddur.Belə ki,iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir.Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır.Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 QSC JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4,X2,İddiaçı1,İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı,torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməli və cavabdeh tərəfindən iddiaçıların birgə mülkiyyətlərində olan 0.88 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulmalıdır. Məhkəmə iddia tələbinin 18000 manat maddi zərər məbləğinin cavabdehdən alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçılar cavabdehin qanunsuz əməli nəticəsində onlara 18000 manat məbləğində maddi zərər vurulduğunu bildirsələr də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər və qeyd edilən faktlar məhkəmə iclasında da öz təsdiqini tapmamışdır.Ona görə də məhkəmə qərara gəlir ki,iddia tələbinin 18000 manat maddi zərər məbləğinin cavabdehdən alınmasına dair hissəsi sübut olunmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O,öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir.Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil,sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür;məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir.Ona görə də,hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün 18000 manat maddi ziyan vurulmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddiaçılar tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı1 özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4,X2,İddiaçı1,İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə gətirilsin. JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4,X2,İddiaçı1,İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüquqlarına cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən edilən maneçiliklərə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı1 özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-465/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-465/2023
31.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver