Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-495/2021 12.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İsmayıllı rayon Quşencə bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair mülki işə 12 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon Quşencə bələdiyyəsi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən özbaşına tutulmuş torpaq sahəsinin İsmayıllı rayon Quşencə bələdiyyəsinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçının mülkiyyətində olan təxminən 20 hektar torpaq sahəsini 30 ilə yaxın müddətdə cavabdeh özbaşına tutaraq qeyri-qanuni istifadə etmişdir. Cavabdehin bu hərəkəti əhali arasında böyük narazıçılıq yaratmışdır. Həmin şəxslər qeyd olunan ərazinin açılaraq əhalinin ümumi istifadəsinə qaytarılması üçün iddiaçıya ərizə ünvanlamışlar. Mübahisəli ərazi əhalinin örüş sahəsidir. Cavabdehə dəfələrlə məsələ ilə bağlı müraciət olunsa da nəticəsi olmamışdır. Cavabdeh tərəfindən özbaşına tutulmuş torpaq sahəsinin iddiaçıya geri qaytarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, Zoğallıq kəndində yaşayır və heyvandarlıqla məşğuldur. Onun iddiaçı ilə əvvəlki dövrlərdə icarə müqaviləsi olmuş və hazırda isə müqavilə bağlanmamışdır. O, əhalinin narazıçılğından sonra onlara yer vermişdir. O, iddiaçıya müraciət edərək 8 hektar torpaq sahəsindən istifadə etmişdir. Mübahisəli torpaq sahəsi Zoğallıq kəndi camaatına aiddir. Bir qrup kənar şəxslər həmin əraziyə müdaxilə edir. Mübahisəli torpaq sahəsindən istifadə etməklə heç bir kəsə maneçiliyi yoxdur. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. 27 aprel 2004-cü il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, İsmayıllı rayon Zoğallıq bələdiyyəsi tərəfindən X1 20 hektar torpaq sahəsi 3 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş ərizələrin surətindən görünür ki, İsmayıllı rayon Quşencə kənd sakinlərinin İsmayıllı rayon Quşencə kənd İƏD üzrə nümayəndəliyi və bələdiyyəsinə Cavabdeh özbaşına torpaq sahəsini zəbt etməsi barədə narazılıqlarını bildirmişlər. İsmayıllı rayon Quşencə bələdiyyəsinin 04 iyun 2021-ci il tarixli 09 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh zəbtində olan “Pətəkli” adlanan ərazinin sənədləşdirilməsi üçün bələdiyyəyə rəsmi müraciət etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək və müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır. Həmin qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunan faktiki hallarından görünür ki, mübahisə predmeti olan ərazi İsmayıllı rayon Quşencə bələdiyyəsinin mülkiyyətindədir və həmin ərazi üzərində cavabdehin sahiblik, istifadə və mülkiyyət hüququ yoxdur. Cavabdehin mübahisəli torpaq sahəsinə dair sahiblik, istifadə və mülkiyyət hüququ olmadığından iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən özbaşına tutulmuş torpaq sahəsi İsmayıllı rayon Quşencə bələdiyyəsinə geri qaytarılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-495/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-495/2021
12.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver