Məhkəmə qərarları › İş №2(037)-496/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-496/2021

10.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-496/2021 10.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh Məsakin oğluna qarşı torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 10 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məsakin oğlunun mülkiyyətində olan İsmayıllı rayonu, Qoşakənd kəndində yerləşən 0.4433 ha torpaq sahəsindən çıxarılması və cavabdehdən 26 dekabr 2017-ci il tarixdən başlayaraq zəbt etdiyi torpaq sahəsindən istifadə etməklə vurduğu maddi zərərin onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Qoşakənd kəndində yerləşən 0.4433 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 26 dekabr 2017-ci il tarixli etibarnamə ilə sahibi Narxanım Bayramovadan almışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahibliyində olsa da Cavabdeh tərəfindən zəbt edildiyindən istifadə edib gəlir götürə bilməmişdir. İsmayıllı rayonu, Qoşakənd kəndində yerləşən 0.4433 ha torpaq sahəsini İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-320 nömrə ilə qeydə alınmış 03 aprel 2021ci il tarixli AN-İ №0932886 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsi hazırda onun mülkiyyətindədir və torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********03 reyestr nömrə və ********** qeydiyyat nömrə ilə qeydə alınaraq ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.04.2021-ci il tarixli Çıxarış və AA №609685 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Dəfələrlə cavabdehə 0.4433 ha torpaq sahəsinin ona məxsus olduğunu, ona torpaq sahəsinə dair Çıxarışı və digər hüquqi sənədləri göstərsə də heç bir xeyri olmamış, ona məxsus torpaq sahəsində buğda əkərək sonradan satışını həyata keçirmişdir. Qeyd olunan torpaq sahəsi ona məxsus olduğu, lakin mülkiyyətçi kimi həmin torpaq sahəsindən cavabdehin təqsiri üzündən istifadə edə bilməmişdir. Beləliklə cavabdeh 2017-ci ilin dekabrın 26-dan başlayaraq 2018, 2019, 2020, 2021-ci illər ərzində ona məxsus 0.4433 ha torpaq sahəsində buğda əkini işləri aparmışdır.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X4 Mərkəzinin 01 iyul 2021-ci il tarixli, 75 saylı rəyində ona məxsus 0.4433 ha torpaq sahəsində 1 il ərzində özü buğda bitkisi əkibbecərsə idi əldə edə biləcəyi məbləğ, illik 640 manat olmaqla, cavabdehin 2018, 2019, 2020 və 2021-ci illər olmaqla dörd il ərzində əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin cəmi 2560 manat məbləğində olduğu müəyyən olunmuşdur. O, cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu, Qoşakənd kəndində yerləşən 0.4433 ha torpaq sahəsindən çıxarılması və cavabdehdən 26 dekabr 2017-ci il tarixdən başlayaraq 2018, 2019, 2020, 2021-ci illər ərzində zəbt etdiyi torpaq sahəsindən istifadə etməklə dörd il ərzində vurduğu maddi zərərin onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə təmsil etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Məsakin oğlu iddia tələbini qəbul etməyərək, göstərdi ki, İsmayıllı rayonu, Qoşakənd kəndində yaşayır və mülkiyyətində olan torpaq sahəsində təsərrüfatla məşğul olur. İddiaçı məxsus İsmayıllı rayonu, Qoşakənd kəndi ərazisində yerləşən 0,4433 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona məxsus torpaq sahəsindən 300-400 metr aralıda yerləşir. Mübahisəli torpaq sahəsi Nümayəndə özü tərəfindən bölünərək istifadə olunmuşdur. 2020-ci ilin payızında Nümayəndə bütün yeri şumlayaraq mənimsəmişdir. Onun müdaxilə etməsindən sonra Nümayəndə ondan 50 manat şum pulu alaraq öz yerinə çəkilmişdir. 2021-ci ilin mayın 20-də DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən İddiaçı məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilərək əri Nümayəndə təhvil verilmişdir. Mübahisəli torpaq sahəsi hər il Nümayəndə özü tərəfindən əkilib və dövlət tərəfindən ayrılmış subsidiyalar da Nümayəndə tərəfindən alınmışdır. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və ona maddi zərər vurmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X1 cavabdehin izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən reyestrdə 4Ə- 320 nömrə ilə qeydə alınmış 13 aprel 2021-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 İsmayıllı rayonu, Qoşakənd kəndində yerləşən ümumi sahəsi 0.4433 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini 1000 manata alıcı İddiaçı satmışdır. İş materiallarında olan 22.04.2021-ci il tarixli, **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və Çıxarışa əlavə edilmiş AA№609685 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayonu Qoşakənd kəndində yerləşən 0.4433 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 01 iyul 2021-ci il tarixli **********64 saylı məktubdan görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin mütəxəssisləri mübahisəli torpaq sahəsinə baxış keçirilərək çöl ölçmə işləri aparılmış, çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış, aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.4433 ha torpaq sahəsi Cavabdeh Məsakin oğlu tərəfindən tamamilə zəbt edilərək əkin işləri aparılmışdır. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı Notariat Ofisi tərəfindən reyestrdə 8İ- 10814 nömrə ilə qeydə alınmış 03.10.2021-ci il tarixli **********814 nömrəli ərizədən görünür ki, X2 Xaçmaz rayonu 1 saylı Notariat Ofisi tərəfindən reyestrdə 8İ-10814 nömrə ilə qeydə alınmış 03.10.2021-ci il tarixli **********814 nömrəli ərizə yazaraq İsmayıllı rayonu, Qoşakənd kəndində yerləşən 0.4433 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 26.12.2017-ci il tarixdə İddiaçı etibarnamə ilə satdığını, torpaq sahəsinin alqı-satqısını 03 aprel 2021-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində rəsmiləşdirdiklərini və həmin torpaq sahəsinə dair heç bir tələbinin olmadığını qeyd etmişdir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, 22.04.2021-ci il tarixli, **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İsmayıllı rayonu Qoşakənd kəndində yerləşən 0.4433 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və cavabdeh həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edərək qazanc əldə etmişdir. İddiaçı hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən çıxmasını və vurulmuş maddi zərərin cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, iddianın əsassız olduğunu bildirir və rədd olunmasını xahiş edir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddiasının əsasını ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanuni əsas olmadan əkib-becərərək gəlir əldə etməsi nəticəsində əldən çıxmış faydanın ödənilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla tam sübuta yetmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ -əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib),əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7.Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi iddiaçı 26 dekabr 2017-ci il tarixdən etibarən sözügedən torpaq sahəsinə faktiki sahiblik etmiş,həmin tarixdən cavabdeh tərəfindən qadağan edilmiş özbaşınalığa son qoyulmasını pozucudan yəni cavabdehdən tələb etsə də cavabdeh həmin pozuntulara davam edərək həmin torpaq sahəsində əkin biçin işləri aparmaqla gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Göründüyü kimi, cavabdeh 2017-ci il tarixdə ilk öncə sahiblik sonra isə iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan 0.4433 ha torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsinə qanunsuz sahiblik (vicdansız sahib) etdiyini bilmiş, buna baxmayaraq, qanunsuz sahibliyinə son qoymayaraq 2018, 2019, 2020 və 2021-ci illərdə sözügedən torpaq sahəsini əkib-becərərək gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 01 iyul 2021-ci il tarixli **********64 saylı məktubdan görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin mütəxəssisləri tərəfindən tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilərək çöl ölçmə işləri aparılmış, çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış, aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.4433 ha torpaq sahəsi Cavabdeh Məsakin oğlu tərəfindən tamamilə zəbt edilərək əkin işləri aparılmışdır. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X4 Mərkəzinin 01 iyul 2021-ci il tarixli, 75 saylı arayışından görünür ki, 0.4433 ha torpaq sahəsində buğda bitkisinin əkildiyi, həmin kənd üzrə buğdanın orta məhsuldarlığını, buğdanın hazırkı bazar qiymətini nəzərə alsaq il ərzində əldə olunacaq ümumi gəlir aşağıdakı kimi olar. 0.4433 ha x 36.2 sen/ha = 16 sentner və ya 1600 kq x 0.4 manat (bazar qiyməti) = 640 manat Həmin ərazidə suvarma yoxdur.Ona görə də həmin ərazidə əvvəlki illərdə də buğda və ya arpa bitkisinin əkildiyini güman etmək olar. Arpa bitkisinin isə məhsuldarlığı və qiyməti aşağıdakı kimidir. 0.4433 ha x 31.6 sen/ha = 14 sentner və ya 1400 kq x 0.35 = 490 manat Fermer il ərzində 0.4433 ha buğda bitkisi üzrə 640 manat,arpa bitkisi üzrə isə 490 manat ümumi gəlir götürə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, yəni ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 01 iyul 2021-ci il tarixli **********64 saylı rəyi ilə iddiaçının mülkiyyətində olan 0.4433 ha torpaq sahəsinin cavabdeh tərəfindən tamamilə zəbt edilməsi müəyyən edildiyindən cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalı və qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X4 Mərkəzinin 01 iyul 2021-ci il tarixli, 75 saylı rəyi ilə müəyyən edilən iddiaçıya məxsus 0.4433 ha torpaq sahəsində 1 il ərzində özü buğda bitkisi əkib-becərsə idi əldə edə biləcəyi məbləğ, illik 640 manat olmaqla, cavabdehin 2018, 2019, 2020 və 2021-ci illər olmaqla dörd il ərzində əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin cəmi olan 2560 manat məbləğində pul Cavabdeh Məsakin oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Məsakin oğlu İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu, Qoşakənd kəndində yerləşən 0.4433 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Cavabdeh Məsakin oğlundan vurulmuş maddi zərərə görə 2560 manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar