Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-499/2020 29.06.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, İddiaçı Cavabdeh qarşı qanuni istifadədə olan həyətyanı torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi, ona qaytarılması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 29 iyun 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qanuni istifadədə olan 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətinə gətirilərək ona qaytarılması, vurulmuş cəmi 7000 (yeddi min) manat məbləğində maddi zərərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Cavabdeh Göyçay rayonun Potu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddiaçı Cavabdeh qanuni istifadədə olan 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılmasını, torpaq sahəsinin boşaldılmasını və əvvəlki vəziyyətinə gətirilərək ona qaytarılmasını xahiş etsə də iddia ərizəsinə ancaq İsmayıllı rayonun Qalacıq kənd Engels adına kolxozun 15 dekabr 1987-ci il tarixli iclas protokoluna əsasən ona 0,12 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair arxiv arayışını əlavə etmişdir. Bu sənəd isə həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən sübut deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi iddiaçının cavabdeh hesab etdiyi Cavabdeh Göyçay rayonun Potu kəndində qeydiyyatdadır. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən sübut iddia ərizəsinə əlavə olunmamışdır. Ona görə də hazırkı iddia ərizəsi MPM-nin 39-cu maddəsi tətbiq edilməklə icraata götürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinin tələblərinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı aidiyyət qaydalarına riayət etmədən məhkəməyə müraciət etdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyatı üzrə məhkəməyə ümumi qaydada yenidən müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı Cavabdeh qarşı qanuni istifadədə olan həyətyanı torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi, ona qaytarılması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-499/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-499/2020
29.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver