Məhkəmə qərarları › İş №2(037)-500/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-500/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-500/2024 03.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X13 və Cavabdeh3 qarşı evə məcburi köçürülmə tələbinə dair mülki işə 03 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X13 və Cavabdeh3 oğluna qarşı azyaşlı uşaqları ilə birlikdə İsmayıllı rayonu Qalacıq kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehlər X13 və Cavabdeh3 tərəfindən mənzildən istifadə hüququna edilən maneələrin aradan qaldırılması tələbinə dair İsmayıllı Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,o,İsmayıllı rayon Qalacıq kəndində mübahisəli fərdi yaşayış evində anadan olmaqla son 5-6 aya qədər həmin evdə valideynləri və digər ailə üzvləri ilə birlikdə yaşamış, evdə yaşayarkən xx.xx.2018-ci ildə İddiaçı1 ilə ailə qurmuş,birgə nikahlarından iki uşaqları olmuşdur.Təxminən 6 ay əvvəl cavabdehlər onu ailəsi ilə birlikdə evdən çıxarmışlar.Məcbur qalaraq ailəsi ilə birlikdə İsmayıllı şəhəri Günəşli qəsəbəsində kirayə ev tutaraq orada yaşayır.Cavabdehlər onu və ailəsini evə buraxmır.Ona görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə nümayəndəsi/arvadı İddiaçı1 təmsil etmişdir. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi/arvadı İddiaçı1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iki azyaşlı uşaqları ilə çox çətin vəziyyətdə kirayədə yaşayırlar,qohumlarından ancaq baldızı onlara yardım edir.Tural günlük fərdi əməklə məşğul olur və ailəsini güclə dolandırır,onun qazancı evin kirayəsinə belə yetmir.Ona görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdeh X13 məhkəmə iclası zamanı iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, Tural onun nəvəsi, Günel isə gəlinidir. Tural artıq üçüncü dəfə ailə qurmuş, evlənərkən Güneli onun evinə gəlin gətirmişdir. Lakin Günel onu təhqir etdiyindən onları evdən çıxarmışdır. Turalın evə qayıtmasına etirazı yoxdur, lakin Günel onu dəfələrlə söyüb təhqir etmiş,onunla münasibətləri kəskinləşmişdir.Belə olan təqdirdə Günelin onunla birlikdə həmin evdə yaşaması mümkün deyildir.Odur ki,məhkəmədən izahatında göstərilənlərə uyğun qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, etməməsi barədə məhkəməyə hər hansı məlumat verməmişdir.Ona görə də məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 atası İddiaçı2 və anası İddiaçı1 olmaqla xx.xx.2019-cu il tarixdə Qəbələ şəhərində doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 atası İddiaçı2 və anası İddiaçı1 olmaqla xx.xx.2021-ci il tarixdə Qəbələ şəhərində doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X15 xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlamışlar, ərə Xanadanov, arvada Xanadanova soyadı verilmişdir.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin 08 ayının 23 günündə 07 nömrə ilə qeyd edilmişdir. İşdə olan JN-069F KOD 40711018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı ilə X4, X9,X6, Cavabdeh3, Cavabdeh4, İddiaçı2 və Cavabdeh5 qızının ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində 0.10 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 19 fevral 1988-ci il tarixli,48 nömrəli fərdi yaşayış evinə dair Qeydiyyat vəsiqəsinin sürətindən görünür ki,İsmayıllı rayonu,Qalacıq kəndi ərazisində yerləşən ümumi sahəsi 60 kv.metr olan fərdi yaşayış evi 19 fevral 1988-ci il tarixli,48 nömrəli Qeydiyyat vəsiqəsi əsasında X1 adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli AA ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı2 və X10 ümumi birgə mülkiyyət hüquqları xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 1989-cu il tarixli 392 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki,İsmayıllı rayonu,Qalacıq kəndi ərazisində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 75.4 kv.metr olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi X1 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, İddiaçı2 xx.xx.1988-ci il tarixdə anadan olmuş və ata babası X3 məxsus (texniki pasport əsasında) fərdi yaşayış evində yaşamışdır.Sözügedən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2012-ci il tarixdə X5 (iddiaçının ata nənəsinin) adına qeydə alınmışdır. İddiaçı2 xx.xx.2018-ci il tarixdə digər İddiaçı1 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və X7 xüsusi mülkiyyət hüququ ilə məxsus olan İsmayıllı rayonu Qalacıq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və 2023-cü ilin sonlarına qədər həmin evdə yaşamışlar. Bu evlilikdən iki uşaqları olmuşdur. Ailə üzvləri ilə münasibətləri pisləşdiyindən təxminən 2023-cü ilin sonlarında iddiaçıları fərdi yaşayış evindən qovmuşlar. İddiaçılar azyaşlı uşaqları ilə birlikdə hazırda kirayədə yaşayırlar. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Hazırkı iş üzrə İddiaçı2 cavabdeh Nüybər Xanadanovanın nəvəsi olduğundan, onların 1988-ci ildən ata-oğul-nəvə kimi birgə təsərrüfatı idarə edib bir yerdə yaşadığından, habelə mübahisəli ev həmin dövrdə texniki pasport əsasında cavabdehin ərinin adına olduğundan, İddiaçı2 ilə həmin dövrdə texniki paspot əsasında ev adına olmuş Bayram Xanadanov arasında mülki hüquq münasibəti doğulduğu andan, yəni 1988ci ildən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında, yaşayış evindən istifadə edilməsi ilə əlaqədar 2000-ci ilin sentyabr ayının 1-dək yaranmış münasibətlərə keçmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mülki Məcələsinin 228.1 və 228.2-ci maddələrinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisnin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri),onların uşaqları və valideynləri hesab olunurlar.İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən İddiaçı2 həmin dövrdə texniki paspot əsasında ev adına olmuş Bayram Xanadanov ilə birgə təsərrüfatda yaşadığına görə onunla birlikdə istifadə etmək hüququ əmələ gəlmişdir. Belə ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi babası Bayram Xanadanovun ailə üzvü olmuşdur. İddiaçı uzun müddət ərzində fasiləsiz olaraq həmin evdə yaşamış, birgə təsərrüfatı idarə etmiş, həmin əsasla onun mübahisəli evin yaşayış sahəsindən digər ailə üzvüləri ilə bərabər şərtlər daxilində istifadə etmək hüququ əmələ gəlmişdir. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri),onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. İş materiallarından görünür ki, mübahisəli evdə İddiaçı2 babası Bayram Xanadanovla uzun müddət birlikdə yaşamış, sonuncu həmin evdən istifadə hüququ əldə etmişdir. Ona görə də məhkəmə yuxarıda təsvir olunan işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı2 evdən istifadə hüququnun tanınması tələbi əsaslıdır, onun mübahisəli yaşayış sahəsindən istifadə hüquqları tanınmalıdır. Eyni zamanda məhkəmə hazırkı fərdi yaşayış evinin mülkiyyət formasının dəyişməsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, hazırki fərdi yaşayış evi 2012-ci il tarixdə mülkiyyət hüququ əsasında iddiaçının nənəsi hazırki tələb üzrə cavabdeh Nüybər Xanadanovanın adına qeydə alınaraq, mülkiyyət forması dəyişmiş və nəticədə tərəflər arasında mövcud olan mülki hüquq münasibətlərinin xarakteri dəyişdiyindən cavabdehin həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə İddiaçı2 və onun arvadı hazırki tələb üzrə digər İddiaçı1 yaşayış sahəsinin hazırki mülkiyyətçisi Nüybər Xanadanovanın ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Belə ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq,baba və nənənin nəvələri saxlamaq,həmçinin nəvələrin baba və nənəni saxlamaq,yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki,hazırkı vəziyyətdə İddiaçı2 ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin hazırki mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmışdır. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında nəvənin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilmiş, nənə və babanın nəvələri, nəvələrin isə nənə və babaları saxlamaq vəzifəsi müəyyən olunmuşdur. Məhkəmə digər İddiaçı1 sözügedən fərdi yaşayış evinə köçürülməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı1 2018-ci il tarixdə İddiaçı2 ilə evlənərək mübahisəli fərdi yaşayış evinə köçdüyündən tərəflər arasında hüquq münasibətlərinə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda sadalanan qanunvericiliyin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin ərin nənə və babasının gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə,öz qənaətini onunla əsaslandırır ki,digər İddiaçı1 mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin 2012-ci ildən mülkiyyətçisi olan Nüybər Xanadanova və digər ailə üzvüləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından,onun mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinə cavabdeh Nüybər Xanadanovanın mülkiyyət hüququnun olmasına diqqət yetirərək belə qənaətə gəlir ki, İddiaçı1 mübahisəli fərdi yaşayış evinin qanuni sahibi və mülkiyyətçisi Nüybər Xanadanovadan özünün saxlanmasını tələb etmək və yaşayış sahəsindən mülkiyyətçilərlə birlikdə istifadə etmək hüququ yaranmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, 2018-ci ildə cavabdeh Nüybər Xanadanova ilə onun arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki,1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq,habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Beləliklə,məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə nəticəyə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddianın İddiaçı1 ailə üzvlərinə münasibətdə iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcud deyildir. Odur ki,məhkəmə hesab edir ki,iddiaçı X8 cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması hissəsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.Hazırkı işdə 3-cü hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət hüququ olsa da, məhrum edilməsi qanuni deyil.Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır.Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, İddiaçı2 sözügedən fərdi yaşayış evinə istifadə hüququ olmasına baxmayaraq,cavabdehlərin ona qarşı törətdiyi məhrumetmə (fərdi yaşayış evinə buraxmama,qovulma,orada yaşamalarına maneə törətmə) qanunsuzdur.Belə ki,mülki işin materiallarından da görünür ki, mübahisələndirilən fərdi yaşayış evinə iddiaçının istifadə hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə İddiaçı2 azyaşlı uşaqları ilə birlikdə məhrum edildiyi mənzilə köçürülməlidir. Məhkəmə, həmçinin iddianın xx.xx.2019-cü ul təvəllüdlü Əli və xx.xx.2021-ci il təvəllüdlü Dünyaxanım adlı uşaqların mübahisəli evə köçürülməsinə dair hissəsinə qiymət verərkən qənaətə gəlir ki, iddia həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı2 xx.xx.2019-cü ul təvəllüdlü Əli və xx.xx.2021-ci il təvəllüdlü Dünyaxanım adlı uşaqları ilə birlikdə cavabdeh X11 məxsus İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli,onların fərdi yaşayış evində yaşamalarına cavabdeh X13 və Cavabdeh3 tərəfindən maneçilik törədilməsi qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı2 iki azyaşlı uşaqları ilə birlikdə cavabdeh X11 məxsus İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddiaçı2 iki azyaşlı uşaqları ilə birlikdə İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən fərdi yaşayış evində yaşamasına cavabdehlər X16 və Cavabdeh3 tərəfindən maneçilik törədilməsi qadağan edilsin. Cavabdehlər X16 və Cavabdeh3 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar