Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-54/2022 07.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 07 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1995-ci ildən hal-hazıradək fasiləsiz və daimi olaraq İsmayıllı rayonunun Kəlbənd kəndində yaşaması faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, o, 19 fevral 1958-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuşdur. 1995-ci ildə Gürcüstan Respublikasında baş verən milli və etnik qarşıdurmalar səbəbindən həmin vaxtdan Azərbaycan Respublikasına köçmüş və İsmayıllı rayonun Kəlbənd kəndinə gələrək orada məskunlaşmışdır. Həmin vaxtdan da Kəlbənd kəndində anası ilə birlikdə yaşamışdır. Anası bir neçə ildir vəfat edib. Bu müddət ərzində Azərbaycan Respublikası ərazisini tərk etməmişdir. Əvvəllər SSRİ pasportu olsa da sonradan pasportunu itirdiyi üçün şəxsiyət vəsiqəsi ala bilməmişdir. 2018-ci ildə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün Dövlət Miqrasiya Xidmətinə və Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciət etmişdir. Gürcüstan Səfirliyi tərəfindən ona Gürcüstan Respublikasının vətəndaşı olmaması barədə müvafiq arayış verilmişdir. O, nə Azərbaycan, nə də Gürcüstan Respublikasının vətəndaşı deyil. Onun Gürcüstan Respublikası ilə heç bir siyasi və hüquqi bağlılığı yoxdur. Ona görə də onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1995-ci ildən indiyədək fasiləsiz və daimi olaraq Azərbaycan Respublikasının İsmayıllı rayonun Kəlbənd kəndində yaşaması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X10 izahat verərək göstərdi ki, ərizəçinin Azərbaycan Respublikası ərazisində yaşadığı vaxtdan ölkə əraizisni tərk etmədiyi müəyyən olunmuşdur. Gürcüstan Respublikası Səfirliyi tərəfindən ərizəçiyə Gürcüstan Respublikasının vətəndaşlığına mənsub olmamasını təsdiqləyən müvafiq sənəd verilmişdir. Ərizənin təmin olunmasına etiraz etmir. X2 ifadə verərək göstərdi ki, ərizəçini Gürcüstan Respublikasında yaşadıqları vaxtlardan tanıyır. Gürcüstan Respublikasında baş vermiş məlum hadisələrlə bağlı onlar ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına köçərək İsmayıllı rayonun Kəlbənd kəndində məskunlaşmışlar. O, köhnə SSRİ pasportu əsasında şəxsiyyət vəsiqəsi almışdır və Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin ərizəçi ona məlum olmayan səbəbdən şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Ərizəçi ötən müddət ərzində yaşadığı ərazini tərk etməmiş və heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. O, ərizəçinin 1995-ci ildən indiyədək fasiləsiz və daimi olaraq İsmayıllı rayonunun Kəlbənd kəndində yaşamasını və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasını təsdiq edir. X3 və X15 X2 ilə eyni məzmunlu ifadə verərək ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmamasını və 1995-ci ildən indiyədək fasiləsiz və daimi olaraq İsmayıllı rayonunun Kəlbənd kəndində yaşamasını təsdiq etdi. Vİİ-TИ 453005 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Gürcüstan Respublikası Boinisi rayon X5 Qeydiyyatı Şöbəsi tərəfindən 13 mart 1987-ci il tarixdə ərizəçiyə doğum haqqında şəhadətnamə verilmiş, şəhadətnamədə onun 19 fevral 1959-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olması, atası X12, anası X1 qeyd edilmişdir. Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli 12/M-425 nömrəli məktubdan görünür ki, ərizəçiyə 1995-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövət Miqrasiya Xidmətinə müraciət etməsi bildirilmişdir. İsmayıllı RİHB-nın Kəlbənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 6 sentyabr 2021-ci il tarixli 108 nömrəli arayışından görünür ki, ərizəçi İsmayıllı rayon Kəlbənd İƏD üzrə nümayəndəliyin Pirdinar yaşayış sahəsində anası mərhum X4 məxsus fərdi yaşayış evində 1995-ci ildən qeydiyyatsız olaraq yaşayır. Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinin 03 mart 2021-ci il tarixli 22/00000098/2021-02 nömrəli arayışından görünür ki, ərizəçi (19.02.1958-ci il tarixində Gürcüstanda anadan olmuş) “Gürcüstan vətəndaşlığı haqqında” Gürcüstanın orqan qanununun 30-cu maddəsinin “a” bəndinə müvafiq olaraq, agentliyə təqdim olunmuş, elecə də əldə edilmiş sənədlərə əsasən, Gürcüstan vətəndaşı hesab edilmir. İsmayıllı rayon Kəlbənd kənd sakinləri tərəfindən tərtib olunmuş 14 noyabr 2021-ci il tarixli aktdan görünür ki, bir qrup kənd sakinləri ərizəçinin 1995-cı ildən hal-hazıradək İsmayıllı rayonun Kəlbənd kəndində yaşamasını, bu müddət ərzində ölkə ərazisini tərk etməməsini təsdiq edirlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ərizəçi 19 fevral 1958-ci il tarixdə Gürcüstan SSR Bolnisi rayonunda anadan olmuşdur. Ərizəçinin valideynləri X12 və X6r. Ərizəçi 1995-ci ildə Gürcüstan Respublikasında baş verən milli qarşıdurmalar səbəbindən Azərbaycan Respublikasına köçmüş və İsmayıllı rayonun Kəlbənd kəndində məskunlaşmışdır. Şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Bununla bağlı aidiyyatı orqanlara müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən ərizəçiyə 1995-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövət Miqrasiya Xidmətinə müraciət etməsi bildirilmişdir. Ərizəçi 1995-ci ildən Azərbaycan Respublikasına gələrək hal-hazıra kimi İsmayıllı rayonun Kəlbənd kəndində yaşayır. Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ərizəçiyə Gürcüstan vətəndaşı hesab edilməməsinə dair arayışir vermişdir. Hazırki vəziyyətdə ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktlarını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”nun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 12-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmin Qərarın 12.1-ci maddəsinsə göstərilir ki, bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, 1995-cı ildən hal-hazıradək fasiləsiz və daimi olaraq İsmayıllı rayonunun Kəlbənd kəndində yaşaması iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə təsdiq olunduğundan, lakin ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-309-cu maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1995-ci ildən halhazıradək fasiləsiz və daimi olaraq İsmayıllı rayonunun Kəlbənd kəndində yaşaması faktları müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şrinov
Məhkəmə qərarları › İş №2(037)-54/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-54/2022
07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver