Məhkəmə qərarları › İş №2(037)-544/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-544/2021

02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-544/2021 02.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri X4 doğum aktı qeydinin bərpa olunması və doğum haqqında şəhadətnamədə doğum yerinin İsmayıllı rayonu Mican kəndi, doğum tarixinin 12.09.1943-cü il, atasının adının, soyadının, ata adının X5, anasının adının, soyadının, ata adının X10 göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o 26.03.1970-ci il tarixdə İsmayıllı rayonu, Mican kənd sakini mərhum X7 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. X2 15.02.1999-cu il tarixdə, əri Əsabəli Əhmədov isə 15.02.2016-cı il tarixdə vəfat etmişdir. Onların ölümündən sonra vərəsəlik haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Kontoruna müraciət etmiş, lakin əri Əsabəli Ramazanova aid doğum haqqında şəhadətnamə olmadığı üçün müvafiq əməliyyatların aparılmasından imtina edilmiş və ərinin doğum akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət edilməsi izah edilmişdir. Belə ki, Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli, 66 saylı qərarı ilə onların ailə üzvlərinə 2,11 ha kənd təsərrüfatı torpaq sahəsi verilmişdir. Hazırda ərinin doğum haqqında şəhadətnaməsi olmadığından, o, sözügedən torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs İsmayıllı Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanlarının olmadığı üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs İsmayıllı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X3 göstərdi ki, mərhum Əsabəli Əhmədov ərinin bibisi oğludur. Əsabəli Mican kəndində anadan olmuş, atası Ramazan, anası isə Fatmadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 göstərdi ki, mərhum Əsabəli Əhmədov atasının əmisi oğludur. Əsabəli Mican kəndində anadan olmuş, atası Ramazan, anası isə Fatmadır. Məhkəmə ərizəçinin və şahidlərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 26.03.1970-ci il tarixli, AZ№063118 saylı evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 12.09.1948-ci il təvəllüdlü X7 ilə 02.12.1953-cü il təvəllüdlü X9 26 mart 1970-ci il tarixdə İsmayıllı rayon VVAQ Bürosunda rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İş materiallarına əlavə edilmiş, 23 fevral 2016-cı il tarixli, AZ-İ№769811 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 15.02.2016-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli 05/Q-255 saylı məktubundan görünür ki, X4 doğum haqqında Vətəndaşlıq Vəziyyəti aktları X1 sistemində daxil edilmiş bütün Vətəndaşlıq Vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. Arxiv məlumatları 1945-1951-ci illər üzrə yoxlanılmışdır. Odur ki, ərizəçinin ərinin doğum haqqında akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ərizəçi, 26.03.1970ci il tarixdə İsmayıllı rayonu, Mican kənd sakini X7 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. X2 15.02.1999-cu il tarixdə, əri Əsabəli Əhmədov isə 15.02.2016-cı il tarixdə vəfat etmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin ərinin 12.09.1948-ci il təvəllüdlü olduğu qeyd edilmişdir. Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, ərizəçinin əri X4 12.09.1943-cü tarixdə İsmayıllı rayonu, Mican kəndində doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, doğum akt qeydində və doğum haqqında şəhadətnamədə onun doğum tarixi - 12.09.1943-cü il, doğum yeri - İsmayıllı rayonu, Mican kəndi, “ata" qrafasında X5, "ana" qrafasında isə X10 yazılmalıdır. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. X4 12.09.1943-cü tarixdə İsmayıllı rayonu, Mican kəndində doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin və onun doğum akt qeydi bərpa edilsin. X4 doğum akt qeydində və doğum haqqında şəhadətnamədə onun doğum tarixi - 12.09.1943-cü il, doğum yeri - İsmayıllı rayonu, Mican kəndi, “ata" qrafasında X5, "ana" qrafasında isə X10 yazılsın. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar