Məhkəmə qərarları › İş №2(037)-561/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-561/2020

15.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-561/2020 15.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, İddiaçı torpaq sahəsinin qaytarılması tələbinə dair ərizəsini 15 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ərizə ilə müraciət edərək İsmayıllı rayon Qazmalı kənd sakini Cavabdeh inhisarında olan ona məxsus torpağın onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində göstərilən forma və məzmuna riayət etmədən tərtib etmişdir. Ərizə bir surətdən ibarət tərtib olunmuş, ərizənin giriş hissəsində cavabdeh hesab olunan şəxsin soyad, ad, ata adı, poçt ünvanı göstərilməmiş, tələbin əsaslandırıldığı hallara dair sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətləri, qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş kserosurət olan arayışı ərizəyə əlavə etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: - ərizənin verildiyi məhkəmənin adı; - işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; - iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; - müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; Həmin Məcəllənin 89.3-cü maddəsinin məzmununa əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı ərizəni qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət etmədən tərtib etdiyinə və ərizəyə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığına görə ərizə geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, ərizənin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı torpaq sahəsinin qaytarılması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar