Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-568/2021 14.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 14 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 10 yanvar 2021-ci il tarixdə bir oğlan uşağı doğması faktının müəyyən olunması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 30 yanvar 2020-ci il tarixdə Xızı rayonun Türkoba kənd sakini X10 ilə faktiki nikahla ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Bir neçə ay birlikdə yaşadıqdan sonra 2020-ci ilin payızında Osman onu valideynlərini görmək üçün İsmayıllı rayonuna göndərmişdir. Həmin vaxtdan da ayrılmışlar. Osman bir neçə dəfə ona dəyməyə gəlmişdir. Valideynlərinin yanına gələrkən hamilə olmuşdur. İki dəfə həkim müayinəsinə getmişdir. 10 yanvar 2021-ci il tarixdə atası evində bir oğlan uşağı dünyaya gətirmişdir. Maddı imkanı ağır olduğundan doğuş vaxtı və doğuşdan sonra həkimə müraciət etməmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin uşaq tibb müəssisəsindən kənarda ev şəraitində doğulması ilə əlaqədar ona doğum haqqında arayış verilməsi mümkün olmadığından İsmayıllı rayon Qeydiyyat Şöbəsi uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. Osman uşağa atalıq verməkdən imtina etmiş, 2021-ci ilin iyun ayında hərbi xidmətə getmişdir. Qeyd etdiklərini nəzərə alaraq 10 yanvar 2021-ci il tarixdə bir oğlan uşağı doğması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Qeydiyyat Şöbəsinin rəisi X13 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi oğluna doğum haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, şöbənin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında tibbi şəhadətnamə olmadığı üçün doğum haqqında akt qeydinin tərtib olunması mümkün olmamış və ərizəçiyə doğum faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qızıdır. Qızı 30 yanvar 2020-ci il tarixdə Xızı rayonun Türkoba kəndində yaşayan Osman Rüstəmli adlı şəxslə faktiki nikahla ailə qurmuşdur. Osmanın yaşı az olduğundan nikahlarını rəsmiləşdirə bilməmişlər. Bir müddət birlikdə yaşadıqdan sonra Osman qızını onların evinə gətirmiş, sonradan isə gəlib aparmamışdır. Qızı onlara gələrkən hamilə olmuşdur. Qızını hamilə vaxtı iki dəfə həkim müayinəsinə aparsa da sonradan buna maddi imkanları olmamışdır. 10 yanvar 2021-ci il tarixdə qızı onların yaşadığı evdə bir oğlan uşağı dünyaya gətirmişdir. Uşaq doğularkən qızının yanında olmuş, lazım olan köməkliyi etmişdir. Uşaq ev şəraitində doğulduğundan ona doğum haqqında tibbi arayış alınmamışdır. Tibbi arayış olmadığından uşağa doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Ərizəçinin İsmayıllı rayonun Ruşan kəndində 10 yanvar 2021-ci il tarixdə ev şəraitində bir oğlan uşağı doğmasını təsdiq edir. X1, X4 və X2 X3 ilə eyni məzmunlu ifadələr verərək ərizəçinin 10 yanvar 2021-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində ev şəraitində bir oğlan uşağı doğmasını təsdiq etdilər. İsmayıllı RMX-nın PHŞ-in ASM şöbəsi tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli 833 nömrəli arayışdan görünür ki, ərizəçinin 10 yanvar 2021-ci il təvəllüdlü övladı İsmayıllı RMX-nın PHŞ-in ASM şöbəsində 23 aprel 2021-ci il tarixdə tibbi müayinədən keçmiş və uşaq praktiki sağlamdır. İsmayıllı rayon X9 X12 və Doğum şöbəsi tərəfindən verilmiş 27 may 2021-ci il tarixli 05-02-846/21 nömrəli arayışdan görünür ki, ərizəçi 01 yanvar 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək İsmayıllı rayon X9 hüquqi şəxsin Ginekologiya və Doğum şöbəsinə qəbul edilməmiş, doğuş həyata keçirilməmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 27 may 2021-ci il tarixli 05 / Q - 265 nömrəli məktubundan görünür ki, ərizəçi 10 yanvar 2021-ci il tarixdə anadan olmuş uşağa doğum haqqında şəhadətnamə əldə etmək üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, uşağın doğum haqqında akt qeydi aşkar edilməmiş, doğum haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat Şöbəsində uşağın doğumunun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi 30 yanvar 2020-ci il tarixdə faktiki nikahla ailə qurmuş, İsmayıllı rayonun Ruşan kəndinə valideynlərinin yanına qayıdarkən hamilə olmuşdur. Valideynlərinin evində yaşadığı dövürdə 10 yanvar 2021-ci il tarixdə ev şəraitində bir oğlan uşağı dünyaya gətirmişdir. Doğuş vaxtı həkimə müraciət olunmamışdır. Uşaq ev şəraitində doğulduğundan ona doğum haqqında tibbi şəhadətnamə alınmamışdır. Uşaq sağlam olmaqla hazırda İsmayıllı rayonun Ruşan kəndində ərizəçinin himayəsində yaşayır. Ərizəçi 10 yanvar 2021-ci il tarixdə doğulmuş uşağa doğum haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Qeydiyyat Şöbəsi tərəfindən müraciətinin təmin olunması mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçinin uşağın doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərzəçinin 10 yanvar 2021-ci il tarixində ev şəraitində bir oğlan uşağı doğması faktı özünün izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin uşağın doğum faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi 10 yanvar 2021-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-568/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-568/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver