Məhkəmə qərarları › İş №2(037)-569/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-569/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-569/2021 01.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Rəşid oğluna qarşı pul tələbinə dair mülki işə 01 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh Rəşid oğlundan (bundan sonra cavabdeh) 550 manat borc pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 (beş yüz səksən) manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. Onun atası ilə cavabdehin atası dost olmuş və bir-birlərinin evlərinə gediş-gəlişləri olmuşdur. Cavabdehi uşaq yaşlarında olduğu vaxtlarda görmüş, lakin son 24 ildə Rusiyada yaşadığından onunla heç bir münasibəti olmamışdır. 2020-ci ildə Rusiyadan qayıtdıqdan sonra İsmayıllı şəhərində təsadüfən cavabdehlə rastlaşmış və birbiri ilə hal-əhval etdikdən sonra cavabdeh İsmayıllı şəhərində yanğınsöndürmə dəstəsində işlədiyini, kredit götürmək istədiyini, ona təcili 200 manat pul lazım olduğunu, krediti götürdükdən sonra aldığı pulu qaytaracağını bildirmişdir. O, cavabdehin səmimiyətinə inanaraq ona 200 manat borc pul vermişdir. Səhərisi günü cavabdeh ona yaxınlaşaraq krediti götürmək üçün kiçik xərclərə görə 70 manat pul lazım olduğunu bildirmiş və o da cavabdehə 100 manat borc pul vermişdir. Cavabdeh səhərisi gün yenidən ona yaxınlaşaraq 100 manat borc pul almışdır. Cavabdeh kredit alacağı adı ilə ondan müxtəlif vaxtlarda ümumilikdə 400 manat borc pul almışdır. Cavabdeh səhərisi günü onun yanına gələrək atasının təzyiqi qalxdığı üçün təcili dərman almaq üçün 50 manat pul lazın olduğunu bildimiş, o da cavabdehə inanaraq növbəti dəfə ona 50 manat borc pul vermişdir. Cavabdeh səhərisi günü yenidən onun yanına gələrək atasının qan təzyiqindən komaya düşdüyünü, komadan çıxarılması üçün təcili iynə vurulmalı olduğunu, iynənin qiymətinin 100 manat olduğunu bildirmiş və o da cavabdehə inanaraq sonuncu dəfə ona 100 manat pul vermişdir. Beləliklə cavabdeh müxtəlif vaxtlarda müxtəlif adlarla ondan 550 manat məbləğində borc almış, aldığı borcu 3-4 gün ərzində qaytaracağını bildirsə də, yeddi aya yaxın müddət keçməsinə baxmayaraq aldığı 550 manat borcu qaytarmamışdır. Bir neçə dəfə cavabdehin yaşadığı evə gedərək borclu olduğu pulu qaytarmasını tələb etmişdir. Cavabdeh aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmədə ərizə yazaraq ondan 550 manat məbləğində borc almasını etiraf etmiş və 550 manat borc məbləği və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 580 manat pulu 30.07.2021-ci il tarixdə tam ödəyəcəyinə söz versə də, həmin pulu ona qaytarmamışdır. O, cavabdehdən 550 manat borc pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 manat pulun alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş,iştirak etdiyi məhkəmə iclasında ərizə yazaraq iddia tələbini qəbul etdiyini, 30.07.2021-ci il tarixdək iddiaçıya olan 580 manat borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə işə Azərbyacan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib,cavabdehin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 12 iyul 2021-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış ərizədən görünür ki, Cavabdeh yazdığı ərizədə İddiaçı olan 580 manat borc məbləğini 30.07.2021-ci il tarixədək tam şəkildə ödəyəcəyini qeyd etmişdir. 02 iyun 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.4 manat dövlət rüsumu ödəmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan 2020-ci ilin noyabr ayından başlayaraq müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 550 manat məbləğində borc pul almış və aldığı borcu hazırkı vaxtadək iddiaçıya qaytarmamışdır. İddiaçı cavabdehdən 550 manat borc pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 manat pulun alınmasını tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş, iştirak etdiyi məhkəmə iclasında yazdığı ərizədə iddiaçıya 580 manat məbləğində borcu olmasını etiraf etmiş və həmin borc məbləğini iddiaçıya ödəyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iddiaçının izahatına, cavabdehin ərizəsinə və işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdehin iddiaçıdan ümumilikdə 550 manat məbləğində borc pul alması və aldığı borcu etiraf etməsi məhkəmə iclasında yazdığı ərizə ilə təsdiq edildiyindən cavabdehdən 550 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat dövlət rüsumu məbləği alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Rəşid oğlundan 550 manat borc məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 (beş yüz səksən) manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar