Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-575/2021 02.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 02 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh), Cavabdeh3 (bundan sonra üçüncü cavabdeh), Cavabdeh4 (bundan sonra dördüncü cavabdeh) və Cavabdeh5 (bundan sonra beşinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada əvəzlənmiş torpaq sahəsi üçün 11000 manat, mənəvi zərərə görə 10000 manat – cəmi 21000 manat pulun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, birinci Cavabdeh1 onun bibisi oğludur. 2012-ci ildə bibisi oğlu olan cavabdeh ona müraciət edərək Rusiya Federasiyasında yaşayan oğluna toy etmək üçün pul lazım olduğunu, ona görə də özünə və ailə üzvlərinə məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsini satmaq istədiyini, lakin sata bilmədiyini bildirmişdir. Cavabdeh ona demişdir ki, o, torpaq sahəsini satmaq üçün "xxxx" QSC-nin nümayəndəsi Xalid Quliyevə də müraciət etmiş, lakin sonuncu "xxxx" QSC üçün alınmış torpaq sahələrindən kənar ərazidə torpaq sahəsi almadıqlarını bildirmişdir. Ona məxsus torpaq sahəsi "xxxx" QSC-nin torpaq sahələrinə yaxın ərazidə yerləşdiyindən Dadaş xahiş etmişdir ki, ona məxsus 1,33 hektar torpaq sahəsini "xxxx" QSC-yə sataq, əvəzində özünə və ailə üzvlərinə məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsini ona versin. Onun torpaq sahəsi daha yaxşı ərazidə yerləşdiyindən Dadaşın təklifi ilə razılaşmamışdır. Dadaşın təkidli xahişini, çətin vəziyyətə düşdüyünü və qohum olduğunu nəzərə alaraq özünə məxsus 1,33 hektar torpaq sahəsini 1300 manata Xalidin vasitəsilə "xxxx" QSC-yə satılmasına və pulunun Dadaşa verilməsinə, əvəzində isə Dadaş özünə və ailə üzvlərinə məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsini ona verəcəyinə razılaşmışlar. Bu söhbətlərin aparılmasında Xalid də iştirak etmişdir. Xalid Quliyev ona məxsus 1,33 hektar torpaq sahəsinin alqı-satqısı məqsədi ilə işlədiyi firmadan Dadaşa 1300 manat pul veriləcəyini bildirmişdir. Həmin pulu onun əvəzinə oğlu Ruslan Cəfərov 2012-ci ildə Bakı şəhərində firmadan götürərək Cavabdeh1 vermişdir. Bunun əvəzində Dadaş özünə və ailə üzvlərinə məxsus 1,29 hektar torpaq sahəsinin sənədini ona vermişdir. Həmin vaxt alqı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişlər. Belə ki, cavabdehin oğlu Rusiya Federasiyasında yaşayırdı. Cavabdeh ona oğlu Rusiya Federasıyasından qayıdan kimi alqı-satqı müqaviləsini rəsmiləşdirəcəyini bildirmişdir. Cavabdehlə qohum olduğundan ona inanmış və alqı-satqı müqaviləsini rəsmiləşdirməyə tələsməmişdir. Onun təkidli tələbindən sonra cavabdeh və ailə üzvləri 24 iyul 2019-cu il tarixdə ona həmin torpaq sahəsi üzərində sərəncam hüququna dair etibarnamə vermişlər. Etibarnamə əsasında həmin torpaq sahəsini adına rəsmiləşdirmək istəyərkən Notariat Ofisindən bildirilmişdir ki, ona verilmiş etibarnamə ləğv olunmuşdur. Bunun səbəbini soruşduqda Dadaş həmin torpaq sahəsini ona satmadığını, icarəyə verdiyini bildirmişdir. 2020-ci ildə əkin əkmək üçün torpaq sahəsini şumlatmış, lakin Dadaş ondan xəbərsiz torpaq sahəsini əkərək məhsulunu da götürmüşdür. Yeddi ildir ki, həmin torpaq sahəsini əkib-becərməklə torpağa dair bütün vergiləri özü ödəmişdir. Həmin torpaq sahəsini yeddi il əkdiyi halda cavabdehlərin heç biri bu müddət ərzində nə torpağı geri tələb etməmiş, nə də ondan icarə haqqı istəməmişlər. 2012-ci ildən torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmuş, həmin torpaq sahəsinə xeyli mineral və üzvi gübrələr vermiş, daşdan təmizləmiş, tam yararlı vəziyyətə gətirmişdir. Bu məqsədlə hər il torpaq sahəsinə 350-400 manat vəsait xərcləmişdir. Torpaq sahəsini yararlı vəziyyətə salınması və münbitləşməsi üçün 8 il ərzində 3000 manat vəsait xərcləmişdir. O, torpaq sahəsini özününkü bildiyi üçün xərc çəkmişdir. Eyni kənddə yaşadıqlarından və qonşu olduqlarından Dadaş bütün bunları yaxşı bilir. Oğlu 26 noyabr 2017-ci il tarixdə avtomobil qəzasında vəfat etmişdir. Oğlu vəfat etdiyi və Dadaş pulu oğlundan aldığı üçün bundan öz xeyrinə istifadə edərək bir dəfə satdığı torpaq sahəsini təkrar sataraq varlanmaq istəyir. Aldığı pulu guya mərhum oğluna qaytardığı barədə insanlığa yaraşmayan yalanlar danışır. Hazırda Kürdmaşı kəndində həmin ərazilərdə torpaq sahəsinin bir hektarının orta bazar qiyməti 8000 manat civarındadır. Ona məxsus olmuş satılaraq pulunun Dadaşa verildiyi torpaq sahəsini "xxxx" QSC mülkiyyətinə götürmüşdür. Onun və ailə üzvülərinin Dadaşla dəyişdiyi torpaq sahəsindən başqa torpaq sahəsi qalmamışdır. Yaxın qohumu və qonşusu olan cavabdehin torpaq sahəsini ona verməkdən imtina etməsi, ona verdiyi etibarnaməni ləğv etdirməsi nəticəsində böyük sarsıntı keçirmişdir. Cavabdehlərin bu hərəkətləri nəticəsində ona 11000 manat maddi və 10000 manat mənəvi ziyan dəymişdir. Qeyd etdiklərinə əsasən 11000 manat əvəzlənmiş torpaq sahəsinin dəyəri, 10000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, oğluna toy etmək üçün pula ehtiyacı olduğuna görə 2012-ci ildə özünə və ailə üzvlərinə məxsus 1,29 hektar torpaq sahəsini satmaq istəmiş və bu məqsədlə "xxxx" QSC-nin nümayəndəsi Xalid Quliyevin yanına getmişdir. Xalid onun torpaq sahəsini almaq üçün 1180 manat verə biləcəyini bildirmişdir. O, verilən pul məbləği az olduğu üçün torpaq sahəsini satmamışdır. Oğlu Elçin özünə toy etmək məqsədi ilə hazırkı iş üzrə iddiaçı olan qohumu İddiaçı oğlu Ruslandan 1000 manat borc pul almış və Rusiya Federasiyasına getmişdir. Oğlu iki aydan sonra geri qayıtmış və Fəqaninin oğlu Ruslandan aldığı 1000 manatı ona qaytarmışdır. Fəqaninin oğlu çətin vaxtda onlara kömək etdiyi üçün oğlunun təkidi ilə özlərinə məxsus torpaq sahəsini əkmək üçün Fəqaniyə vermişdir. Həmin torpaq sahəsindən onların istifadə etməyə ehtiyacları olmamışdır. Ötən müddət ərzində torpaq sahəsini Fəqani özü əkib-becərmiş, gəlirini özü götürmüş, ona heç nə verməmişdir. Torpaq sahəsinin münbitləşməsi üçün heç bir iş aparılmamış, təmizlik işi görülməmiş, torpaq sahəsi daşlı-kəsəkli qalmışdır. Bu müddət ərzində torpaq sahəsinə verilən subsidiyanı o, il yarım Rusiya Federasıyasında olduğu müddətdə isə kürəkəni almışdır. 2019-cu il ildə o yaşamaq üçün Rusiya Federasıyasına getmək istədiyindən Fəqaniyə etibarnaməni torpaq sahəsini əkmək və verilən subsidiyanı almaq üçün vermişlər. Rusiya Federasiyasında sənədləri düzəlmədiyindən üç aydan sonra geri qayıtmış və etibarnaməni ləğv etdirmişdir. Fəqani öz torpaq sahəsini 9000 manata satmışdır. Fəqaniyə verdiyi torpaq sahəsini 2020ci ildə özü əkmiş və məhsulu da özü götürmüşdür. İddia tələbini əsassız hesab edir və rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi Vəkil2 cavabdehlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İkinci-dördüncü cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. İşə ikinci-dördüncü cavabdehlərin iştirakı olmadan baxılması qərara alınmışdır. X4 ifadə verərək göstərdi ki, Cavabdeh1 2012-ci ildə ona müraciət edərək Rusiya Federasıyasında yaşayan oğluna toy etmək üçün pula ehtiyacı olduğuna görə özünə və ailə üzvlərinə məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsini satmaq istədiyini bildirmişdir. O, Dadaşa demişdir ki, "xxxx" QSC üçün alınmış torpaq sahələrindən kənar ərazidə torpaq sahəsi almırlar. Əgər onun yaxınlarından kiminsə "xxxx" QSC-nin almış olduğu torpaq sahələrinə yaxın ərazidə torpaq sahəsi varsa o ərazini ala bilərlər. Təxminən üç gün sonra Dadaş Fəqani ilə onun yanına gələrək Fəqaninin 1,33 hektar torpaq sahəsinin satılaraq pulunun Dadaşa verilməsinə, Dadaşa məxsus 1,29 hektar torpaq sahəsinin isə Fəqaniyə verilməsinə dair aralarında razılaşma olduğunu bildirmişlər. O, Fəqaniyə məxsus 1,33 hektar torpaq sahəsini 1300 manata razılaşmışlar və o, bu barədə "xxxx" QSC-nin Bakı şəhərində yerləşən baş ofisinə məlumat vermişdir. Baş ofis həmin torpaq sahəsinin alınmasına razılığını vermişdir. Bundan sonra baş ofisə müraciət edərək Fəqaniyə məxsus 1,33 hektar torpaq sahəsinin alınmasına görə verilməli olan 1300 manat pul məbləğinin Fəqaniyə ödənilməsini bildirmişdir. Fəqaninin mərhum oğlu Ruslan Dadaşla birlikdə baş ofisə gələrək 1300 manat pul götürmüş və Dadaşa vermişdir. Dadaş pulu aldıqdan sonra oğluna toy etmək məqsədi ilə Rusiya Federasiyasına getmişdir. Onda olan məlumata görə Dadaş və ailə üzvləri 2019-cu ildə Fəqaniyə torpaq sahəsinin alqı-satqı olunması üçün etibarnamə vermiş, bir müddət sonra isə həmin etibarnaməni ləğv etdirmişlər. Fəqaninin mülkiyyətində olmuş 1,33 hektar torpaq sahəsi "xxxx" QSC-nin adına rəsmiləşdirilmişdir. X1 ifadə verərək göstərdi ki, o, Kürdmaşı kəndində yaşayır. Tərəfləri yaxından tanıyır. 2012-ci ildən başlaraq bir neçə ilə ardıcıl olaraq İddiaçı özünə məxsus olduğunu bildirdiyi torpaq sahəsinin daşdan təmizlənməsi və digər abadlıq işlərinin görülməsində iştirak etmişdir. Torpaq sahəsində olan daşlar yük maşınlarına yığılaraq sahədən çıxarılmışdır. Görülmüş işlər üçün fəhlələrə və maşınlara pulu Fəqani ödəmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-465 kod 40718018 nömrəli Dövlət Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayon Kürdmaşı kənd sakinləri X8, X9, X7, Cavabdeh3 və X5 mülkiyyətlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 07 dekabr tarixli 62 saylı qərarı ilə 2,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 10 may 2019-cu il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 noyabr 2017-ci il tarixdə ölmüş X3 vərəsəsi atası-İddiaçı və X10 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 16 avqust 1999-cu il tarixdə X6 verilmiş seriya nömrəsi JN-663 Kod 40718018 olan dövlət aktına əsasən İsmayıllı rayonu Kürdmaşı kəndi ünvanında yerləşən ümumi sahəsi 2,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. 24 iyul 2019-cu il tarixli AR-İ 840808 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 tərəfindən JN-465 Kod 40718018 qeydiyyat nömrəsi 6592 olan dövlət aktına əsasən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 2,18 ha torpaq sahəsindən 1,29 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etmək səlahiyyətləri İddiaçı ötürülmüş, İddiaçı isə həmin hərəkətləri etməyi X12 etibar etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 12 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, Kürmaşı kəndi ərazisində yerləşmə koordinatlarına uyğun alternativ boş torpaq sahələrinin 0,1 ha ölçüsünün hazırda mövcud bazar qiymətlərinə uyğun dəyəri 7000-7500 manat arasında dəyişir. Orta bazar qiyməti faktiki olaraq (7000.0+7500.0/2)=7250-00 manat həddindədir. Beləliklə İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən və JN-465 Kod 40718018 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı əsasında paylı mülkiyyət hüququ əsasında X8 və onun ailə üzvlərinə məxsus 1,296665 ha kənd təsərrüfatı təyinatlı torpağın hazırda ərazi üzrə mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri(1,296665x7250)=9400 (doqquz min dörd yüz) manat müəyyən edilir. 04 iyun 2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə X8, X9, X7, Cavabdeh3 və X5 mülkiyyətinə 2,18 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. 2012-ci ildə cavabdeh özünə və ailə üzvlərinə məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsini satmaq istəməsi barədə Xalid adlı şəxsə bildirmiş, lakin onun torpaq sahəsi Xalidin "xxxx" QSC üçün aldığı torpaq sahələrindən kənar ərazidə yerləşdiyindən torpaq sahəsini sata bilməmişdir. İddiaçı "xxxx" QSC-nin torpaq sahələrinin ərazisində yerləşən ona məxsus 1,33 hektar torpaq sahəsini "xxxx" QSC-yə 1300 manata sataraq pulunu cavabdehə verilməsinə, əvəzində onlara məxsus 2,18 hektar torpaq sahəsinin 1,29 hektar hissəsinin iddiaçıya verilməsinə razılaşmışdır. İddiaçıya məxsus 1,33 hektar torpaq sahəsinin alqı-satqısı məqsədi ilə 1300 manat pulun "xxxx" QSC-nin Bakı şəhərində yerləşən baş ofisindən iddiçının mərhum oğlu götürərək Dadaşa vermişdir. Bunun əvəzində Dadaş özünə və ailə üzvlərinə məxsus 1,29 hektar torpaq sahəsini faktiki olaraq iddiaçıya vermişdir. 2012-ci ildən torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olmuşdur. Mübahisəli torpaq sahəsinin alqı-satqısı rəsmiləşdirməmişdir.Tərəflər arasında mübahisə olmamışdır. Cavabdeh və ailə üzvüləri 24 iyul 2019-cu il tarixdə həmin torpaq sahəsinə dair iddiaçıya etibarnamə vermişlər və bir müddət sonra isə cavabdeh həmin torpaq sahəsini satmadığını, icarəyə verdiyini əsas gətirərək etibarnaməni ləğv etdirdiyini bildirmişdir. 2020-ci ildə torpaq sahəsini iddaçı şumlatsa da cavabdeh əkərək məhsulunu götürmüşdür . Hazırda Kürdmaşı kəndində həmin ərazilərdə torpaq sahəsinin bir hektarının orta bazar qiyməti 7000-7500 manat arasındadır. İddiaçı hesab edir ki, birinci cavabdehə pulu vermiş oğlunun vəfat etməsindən cavabdeh məqsədli şəkildə istifadə edir və mübahisəni öz xeyrinə həll etmək istəyir. İddiaçı cavabdehlərdən müştərək qaydada əvəzlənmiş torpaq sahəsi üçün 11000 manatın, onların hərəkətləri nəticəsində ona dəymiş 10000 manat mənəvi ziyanin və 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh mübahisəli torpaq sahəsini satmadığını, cavabdehə əkmək üçün verdiyini, borc kimi aldığı 1000 manatı qaytardığını göstərərək iddia tələbini qəbul etmir və rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Həmin Məcəllənin 164.2.-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2- ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 407.1 -ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi 2012-ci ildə tərəflər arasinda torpaq sahələrinin əvəzlənərək satılmasına dair danışıqlar işgüzar adətlərə uyğun aparılmışdır. Cavabdeh iddiaçı ilə torpaq sahəsini əvəzləməklə satmaq istəmişdir. Lakin bununla bağlı tərəflər arasında razılaşma olsa da onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilməklə alqısatqı müqaviləsi bağlamamışlar. Ötən müddət ərzində tərəflər arasında mübahisə olmamış, iddiaçı mübahisəli həmin sahəni yeddi il maneəsiz əkib - becərmişdir. Məhkəmə hesab edir ki, tərəflərin arasında qarşılıqlı razılığ olduğundan cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyə dair 24 iyul 2019-cu il tarixdə etibarnamə vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçıla Cavabdeh1 arasında torpaq sahəsinin icarəyə verilməsi və ya torpaq sahələrinin yerlərinin dəyişdirilərək alqısatqı aparılması ilə bağlı aparılan şifahi danışıqlarda cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirak etməmişlər. Məhkəmə hesab edir ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hazırkı iş üzrə iddia tələbinin yönəldildiyi cavabdeh şəxslər hesab oluna bilməzlər və iddiaçının onlara qarşı hazırkı iddia tələbi əsassızdır. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddaçının bir müddət əvvəl həmin kəndin ərazisində yerləşən özünə məxsus torpağ sahəsini 9000 min manata satdığını etiraf etməklə həmin ərazidə torpaq sahələrinin qiymətinin baha olmasını təsdiq edir. Mübahisə predmetinə aid olan torpaq sahəsinin satışından hazırda təxminən 10000 min manatdan yuxarı vəsait əldə etmək mümkündür. Cavabdeh1 təxminən 9 il əvvəl iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş 1300 (bir min üç yüz) manat miqdarında pul aldığı halda hazırda həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Ona görə də məhkəmə iddiaçıya ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən hazırda həmin ərazidə bir hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiymətinin aşağı həddinə əsaslanaraq və tərəflərin iradə ifadəsinin həqiqi mənasını, işgüzar adətləri, tərəflərin aparmalı olduqları sonrakı hərəkətləri nəzərə alaraq Cavabdeh1 9400 (doqquz min dörd yüz) manat miqdarında pulun alınaraq iddiaçıya verilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı həyata keçirdiyi abadlıq işləri və torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi xərclərə dair sübutlar təqdim etməmişdir. Bundan əlavə iddiaçı mənəvi ziyana görə cavabdehlərdən müştərək qaydada 10000 (on min) manat ödənilməsini tələb etsə də öz tələbinin nədə ifadə olunduğunu izah edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada mənəvi zərərə görə 10000 (on min) manat məbləğinin alınıb iddiaçıya ödənilməsinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu birinci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 9400 manat pul və 30 manat dövlət rüsumu olmaqla cəmi 9430 (doqquz min dörd yüz otuz) manat məbləği alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-575/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-575/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver