Məhkəmə qərarları › İş №2(037)-602/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-602/2020

28.08.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-602/2020 28.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul və zərər tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 855 manat əsas borc, 1026 manat vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1911 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla tikinti materialları satır. Cavabdeh onun müştərisi olmuşdur. Cavabdeh 2018-ci ilin iyul ayına qədər onunla nağd və nisyə alver etmiş, aldığı malın pulunu qismən də olsa vaxtında ödəmişdir. Cavabdeh xx xxxx 2018-ci il tarixdə ******* saylı qaimə faktura ilə 434 manatlıq, xx xxxx 2018-ci il tarixdə isə ******* saylı qaimə faktura ilə 561 manatlıq material alaraq hər ikisinin pulunu bir həftəyə ödəyəcəyi barədə söz vermişdir. O, isə cavabdehə bir ay vaxt verdiyini bildirmişdir. Bundan sonra cavabdeh 995 manat ümumi borcdan 140 manat ödəniş etmiş, qalan borcu isə ödəməmişdir. Cavabdeh ona məlum olmayan səbəblərdən borcunu ödəmək istəmir. Cavabdeh onun 855 manat məbləğində pulunu 24 ay ərzində gecikdirməklə hər ay adi dövriyyə şəraitində həmin məbləğin azı beş faiz miqdarında gəlirdən məhrum etmişdir. Bu da hər ay 42,75 manat olmaqla, xx xxxx 1026 manat təşkil edir. O, cavabdehdən dəfələrlə əsas borc və vurulmuş zərər məbləğini tələb etsə də ödəməmişdir. Cavabdedən 855 manat əsas borc, 1026 manat vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1911 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, dam ustası işləyir. İddiaçı ilə dəfələrlə alver etmiş və borcunu ödəmişdir. O, iddiaçıdan sonuncu dəfə götürdüyü 995 manat məbləğində material götürmüş, sonradan isə 140 manat ödəmiş və qalan 855 manat pulu isə maddi imkanı yaxşı olmadığından ödəyə bilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx xxxx 2018-ci il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, cavabdeh iddiaçıdan 434 manat məbləğində material almış, sonradan isə cavabdeh 140 manat ödəniş etmiş və cavabdehin iddiaçıya 294 manat məbləğində borcu qalmışdır. xx xxxx 2018-ci il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, cavabdeh iddiaçıdan 561 manat məbləğində material almışdır. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə 855 manat məbləğində material vermişdir. Cavabdeh əsas borc məbləğini qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçının göstərdiyi faktlar məhkəmə iclasında sübuta yetirildiyindən iddia tələbi 855 manat əsas borc məbləği hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin 1026 manat vurulmuş zərər hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin 2018-ci ildə 855 manat məbləğində material götürərək pulunu vaxtında ödəmədiyindən 1026 manat ona zərər vurduğunu bildirsə də, məhkəmə iddiaçının materialların pulunu vaxtında almadığından əldə edəcəyi gəlirlərin əldən çıxdığını nəzərə alaraq iddia tələbinin həmin hissədə qismən - 300 manat məbləğində təmin edilməsini ağlabatan hesab edir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi 1026 manat vurulmuş zərər hissəsində qismən - 300 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 855 (səkkiz yüz əlli beş) manat əsas borc, 300 (üç yüz) manat vurulmuş zərər və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu – cəmi 1185 (bir min bir yüz səksən beş) manat məbləği alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar