Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-62/2023 06.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 06 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) X1 İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən kənarlaşdırılması ilə bağlı X1 İdarəsinin rəisini müvəqqəti əvəz edən Həsrət Şabilinin 20 oktyabr 2022-ci il tarixli 98 nömrəli əmrinin ləğv edilməsi və onun əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, ali təhsillidir, təxminən 40 ilə yaxındır ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində fəaliyyət göstərmişdir. Əvvəlcə Mərkəzdə qarmon ixtisası üzrə müəllim, daha sonra isə direktor müavini vəzifəsində işləmişdir. O, Mərkəzdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən cəzalandırma intizam məsuliyyətinə cəlb olunmamış, əksinə bacarıq və qabiliyyətinə uyğun olaraq vəzifədə yüksəlmişdir. Daim kollektivin hörmət və ehtiramını qazanmışdır. 20 oktyabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, X1 İdarəsinin rəisini müvəqqəti əvəz edən Həsrət Şabilinin 20 oktyabr 2022-ci il tarixli 8 nömrəli əmrinə əsasən o, işdən kənar edilmişdir. Səbəb kimi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndi göstərilmişdir. Hesab edir ki, barəsində olan cinayət işi direktor müavini vəzifəsinin icrası ilə əlaqədardır. Cavabdeh təşkilatın onu müəllim işindən kənarlaşdırılması isə 40 illik müəllimlik fəaliyyətinə qarşı haqsızlıqdır. Ona görə də X1 İdarəsinin 20 oktyabr 2022-ci il tarixli 98 nömrəli əmrini qanunsuz və ədalətsiz hesab edir, əmrin ləğv edilməsini və onun əvvəlki iş yerinə bərpa olunmasını tələb edir. Qeyd etdikləri nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iddia inzibati münasibətlərlə bağlı olduğundan, həmin iddiaya müvafiq inzibati məhkəmədə baxılmalıdır. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq işdən kənar edilmə müvəqqəti xarakter daşıyır və iddiaçının barəsində hər hansı hüquqi nəticə yaratmır. Belə olan halda, iddiaçı cavabdeh dövlət orqanının inzibati səlahiyyətini mübahisələndirir ki, həmin iddiaya da inzibati qaydada baxılmalıdır. Eyni zamanda iddia özlüyündə əsassız olmaqla, sadalanan dəlillər heç bir halda əsaslandırılmamış, mübahisə predmeti olan əmrin hansı əsaslarla qanunsuz hesab edilməsi göstərilməmişdir. Əvvəla hesab edirlər ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, iddianın obyekti düzgün göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt va hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən isə görünür ki, o, ümumiyyətlə əsaslandırılmamış, iddiaçı sadəcə müvafiq normaları sadalamaqla kifayətlənmişdir. Eyni zamanda, iddiaçı tələbində məhkəmədən "işə bərpa olunması” barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddiaçı işdən azad edilməmiş, işdən kənar edilmişdir. İddiaçının işdən kənar edilməsi isə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Belə ki, iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 ve 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Sözügedən cinayət işi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində başlanılmaqla, həmin İdarənin 24 iyun 2022-ci il tarixli qərarı əsasında İddiaçı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə, işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Göründüyü kimi, işəgötürən kimi X1 idarəsi qanuni olaraq iddiaçını işdən kənar etmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilərək barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edilmişdir. Eyni zamanda mülki prosessual hüquqda tətbiq olunan "müvəqqəti təminat tədbiri” kimi, əmək hüququndakı "işdən kənar edilmə” institutu müvəqqəti xüsusiyyəti ilə xarakterizə edilir. Bu, iddiaçının işdən azad edilməsi deyil, barəsində başlanmış cinayət işi üzrə yekun qərar qəbul edilib qanuni qüvvəyə minənədəkdir. Cavabdeh X1 İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirdi və etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 iyun 2022-ci il tarixli Qərarın və Azərbaycan Respublikası Baş prokurorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən 30 iyun 2022-ci il tarixdə təsdiq edilmiş ittiham aktının surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. . Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 1(124)-405/2022 saylı qərarının surətindən görünür ki, təqsirləndirilən şəxslər İddiaçı və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə məhkəməyə verilmişlər. Şəki İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2-1(116)-1899/2022 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “işdən kənarlaşdırılması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa edilməsi” barədə iddiası mübahisəyə baxılması ümumi məhkəməyə aid olmasına görə mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2- 1(107)-323/2022 saylı qərardadının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2-1(116)-1899/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin 20 oktyabr 2022-ci il tarixli 98 nömrəli əmrinin surətindən görünür ki, X1 İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində müəllim vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən 20 oktyabr 2022-ci il tarixdən müvəqqəti olaraq işdən kənar edilmişdir. 27 oktyabr 2022-ci il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı rəis vəzifəsini müvəqqəti icra edən X2 qarşı əmək mübahisəsinə dair müraciəti ilə əlaqədar tərəflər mediasiya prosesində iştirak etmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.2-ci maddəsinə əsasən, yəni mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən mediasiya prosesinə xitam verilmişdir. Beləliklə, işin həqiqi halları, tərəflərin izahatları və iş materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 24 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qeyd edilən maddələrlə ona ittiham elan olunmuşdur. Hazırda cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı mərhələsindədir. Ona görə də iddiaçı cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən 20 oktyabr 2022-ci il tarixdən müvəqqəti olaraq işdən (müəllim vəsifəsi) kənar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinə əsaslanmaqla vurğulamışdır ki, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanaraq sənədləşdirilməli, işəgötürənin bu barədə qərarının zəruriliyi əsaslandırılmalı və əsaslandırma ümumi xarakter daşımamalıdır. Belə ki, bu tədbir işçi barəsində əmək haqqı ödənişinin dayandırılması, əmək funksiyalarının yerinə yetirilməsi imkanından məhrum etmə kimi əlverişsiz nəticələrə səbəb olduğundan, yalnız ictimai (müəssisə və cəmiyyət üçün zərərli və təhlükəli nəticələrin qarşısını almaq) və şəxsi (işçilərin həyat və sağlamlığını qorumaq) mənafelərin müdafiəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda tətbiq edilə bilər. Eləcə də, işçinin işdən kənarlaşdırılmasının zəruriliyi aradan qalxdıqda işəgötürən işçinin işdən kənarlaşdırılması barədə qərarını ləğv etməlidir. İşçi bu tədbirin tətbiqi zərurəti aradan qalxdıqda məsələnin qəti həllinə qədər özünün əmək funksiyalarının yerinə yetirilməsinə qaytarılmağı tələb etməkdə haqlıdır. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, işçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıdığından bu qərar yalnız ibtidai araşdırma və məhkəmə baxışı müddətində, habelə inzibati xəta haqqında iş üzrə icraatın gedişində qüvvədə olur. Araşdırma bitib şübhəli və ya təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən və ya təyin olunmuş cəza icraya yönəldikdən, habelə inzibati xəta haqqında iş üzrə yekun akt qəbul edildikdən sonra işçinin işdən kənarlaşdırılması barədə işəgötürənin qərarı qüvvəsini itirir. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən kənar edilməsinə səbəb sonuncunun Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndiriləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddələrlə ittiham elan edilməsi olmuşdur. İddiaçı işə bərpa olunmasını tələb etsə də, o, işdən azad olunmamış, müvəqqəti olaraq işdən kənar edilmişdir. Məhkəmə cavabdehin iddiaya inzibati məhkəmədə baxılmalı olması ilə bağlı etiraz ərizəsində qeyd etdiyi xüsusatlara münasibətdə qeyd edir ki, İddiaçı X1 İdarəsinə qarşı “işdən kənarlaşdırılması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa edilməsi” barədə iddiası mübahisəyə baxılması ümumi məhkəməyə aid olmasına görə mümkün sayılmamış, həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2-1(107)-323/2022 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2-1(116)-1899/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən kənar edilməsi müvəqqəti xarakter daşımaqla, qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-62/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-62/2023
06.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver