Məhkəmə qərarları › İş №2(037)-63/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-63/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-63/2022 22.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh Məmmədov Arı̇ z Məmməd oğluna qarşı pul tələbinə dair iddiası, Məmmədov Arı̇ z Məmməd oğlunun İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə 22 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Məmmədov Arı̇ z Məmməd oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən borclu olduğu 4000 manat əsas borcun və əldən çıxmış gəlir kimi 6000 manat məbləğində gəlirin pulla indeksləşdirilmiş qaydada qaytarılıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məmmədov Arı̇ z Məmməd oğlu qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ona məxsus 12 baş ana qoyun, 11 baş quzu və 2 baş keçinin alınaraq ona verilməsi, heyvanlar olmadıqda onun 3550 manat məbləğində dəyərinin, habelə ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında izahat verərək göstərmişdir ki, cavabdeh onun ailəsinə məxsus olan fermada işləməklə mal-qaranı otarıb, becərməklə məşğul olmuşdur. O, hazırda cavabdehlə qarşılıqlı razılığa gəlmişdir. Qarşılıqlı razılaşmaya əsasən cavabdeh öz qarşılıqlı iddia tələbindən imtina edir, o isə iddia tələbini 1900 manat həcmində azaldır. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və cavabdehdən 1900 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bu barədə ərizəsini təqdim edir. Cavabdeh məhkəmə hazırlıq iclasında izahat verərək göstərmişdir ki, o, iddiaçı ilə qarşılıqlı razılığa gəlmişdir. Qarşılıqlı razılaşmaya əsasən iddiaçı iddia tələbini 1900 manat həcmində azaldır, o isə öz qarşılıqlı iddia tələbindən imtina edir. O, 1900 manat borc məbləğini etiraf edir. Həmin məbləği yaxın zamanlarda ödəyəcəkdir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qeyd etdikləri nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş edir. Bu barədə ərizəsini təqdim edir. Tərəflər məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə tərəflərin işə onların iştirakı olmadan baxılması barədə ərizələrini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(037)-63/2022 nömrəli qərardadına əsasən qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında iş münasibətləri olmuşdur. Hazırda iddiaçı iddia tələbini 1900 manat həcmində azaltması, cavabdeh isə öz qarşılıqlı iddia tələbindən imtina etməsi barədə qarşılıqlı razılığa gəlmişlər. İddiaçı cavabdehdən borclu olduğu 1900 manat pulu tələb edir. Cavabdeh iddiaçının ondan tələb etdiyi 1900 manat pulu etiraf etdiyini və həmin məbləği yaxın zamanlarda ödəyəcəyini bildirərək qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə tərəflərin izahatlarına və işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 1900 manat borcunun olması, həmin məbləği indiyədək iddiaçıya qaytarmaması faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir. Həmçinin cavabdeh iddiaçıya 1900 manat borcunun olmasını etiraf edir. Məhkəmə cavabdehin etirafını qəbul edir və qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Məmmədov Arı̇ z Məmməd oğlundan 1900 (bir min doqquz yüz) manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar