Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-64/2024 22.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı həyətyanı torpaq sahəsinə baxan pəncərənin bağlanması tələbinə dair mülki işə 22 iyul 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin şəxsi mülkiyyətində olan,qeyd olunan ünvanda yerləşən yaşayış evinin arxa tərəfində yerləşən onun həyətyanı torpaq sahəsinə,yaşayış evinə baxan pəncərənin bağlanması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki,İsmayıllı şəhərində yaşayır.Cavabdeh qonşusudur. Ərizəsinə əlavə etdiyi Qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********93-10301 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur.O, həmin evə 37 il əvvəl gəlin gəlmişdir və bu 37 ildə həmin ünvanda yaşamışdır. Onunla birlikdə 1-ci qrup əlil olan bacısı da yaşayır. Bacısının ondan başqa heç bir yaxın qohumu olmadığı üçün onunla yaşayır və bacısına da o xidmət göstərir. Özü də onkoloji xəstəlikdən əziyyət çəkir. Mütəmadi müalicə kursu keçir.Ərizəsi üzrə cavabdeh olan Cavabdeh onunla qonşudur, yəni cavabdehin evi onun evinin qabaq tərəfində yerləşir,evin arxa tərəfi onun evinin qabaq tərəfinə baxır. O, həmin evə gəlin gələndə hər iki ev indiki vəziyyətdə idi və bu illər ərzində,12-13 sentyabr 2023-cü il tarixlərdə cavabdeh tərəfindən edilmiş dəyişiklik çıxmaq şərti ilə heç bir dəyişiklik aparılmamışdır.Cavabdeh qonşu olsa da məhəllədə mənfi bir şəxs kimi tanınır və bu 37 ildə onun cavabdehlə heç bir münasibətləri olmamışdır. Amma özü mümkün olduqca qonşulara sataşmağa bəhanə axtarır və ona görə mümkün olduqca hamı ondan kənar durmağa çalışır. Yuxarıda göstərdiyi kimi o evində tək 1-ci qrup əlil olan bacısı ilə yaşayır və 12-13 sentyabr 2023-ci il tarixdə evdə olmamışlar.14 sentyabr 2023-cü il tarixdə evə gələndə ona aydın oldu ki, cavabdeh onun evdə olmamağından istifadə edərək evinin arxa hissəsindən onun həyətinə, yəni evinin qabaq hissəsinə pəncərə açdırıb və oradan evinin qabaq hissəsi, həyətinin tam hissəsi tam görünür.Artıq həyətdə sərbəst gəzmək,söhbət eləmək,orada oturmaq mümkün deyildir.Bu şəxsin hansı məqsədi olduğunu bilmir,amma oradan bütün gün onu izləyir.Buna görə heç evinin qabaq hissesinə çıxa bilmir.Xəstə bacısını çölə çıxara bilmir. Bu barədə rayon Polis Şöbəsinə şikayət eləsə də, onlar gəlib baxdılar,çalışırlar ki, cavabdehi başa salsınlar ki,qonşunun həyətinə açılmış pəncərə qanunsuzdur,onu bağlanmasını tələb etsələrdə,cavabdeh bundan boyun qaçırdı və ona izah olundu ki,iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir.Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə,hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla,qanunla ona verilmiş hüquqdan məhrum edilməsini qadağan etmişdir.Yuxarıda göstərdiyi kimi cavabdehin evinin onun həyətyanı sahəsinə,evinin qarşı tərəfinə baxan pəncərəsi onun yaşayışına mənfi təsir göstərməklə həyatını dözülməz vəziyyətə gətirib,hər hərəkəti,həyətyanı sahədə,evdə etdiyi söhbət,hərəkət,evinə kimlərin gəlib getdiyi,kimlərlə,nə söhbət etməyi qonşu olan cavabdeh və ailəsi tərəfindən bağlanması tələb olunan pəncərə vasitəsi ilə izlənir və həyatını dözülməz vəziyyətə gətirmişdir.Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır.İddiaçı qonşusudur.Qonşusu İddiaçı onun haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, hesab edir ki, iddiaçının ona qarşı olan iddia tələbi əsassızdır.Şər və böhtandan başqa bir şey deyildir.Belə ki, o,mülkiyyətində olan fərdi yaşayış evinin arxa hissəsində açdığı pəncərəni evdə nəmişlik olduğundan nəfəslik üçün açmışdır. O, pəncərəni iddiaçıya məxsus evə və həyətyanı sahəyə baxmaq üçün açmamışdır. O, iddiaçı ilə görüşüb aralarında olan mübahisəni həll etməyə çalışsa da, sonuncu tərəfindən aralarındakı mübahisənin həlli istiqamətində heç bir addım atılmamışdır. O, mülkiyyətində olan fərdi yaşayış evinin arxasında iddiaçıya məxsus fərdi yaşayış evinə baxan hissədə inşa edilmiş pəncərənin şüşəsini görünməyən şüşə ilə əvəz etməyə və pəncərənin qarşısını dəmir təbəqə ilə bağlamağa hazırdır və qısa vaxt ərzində həmin pəncərənin şüşəsini görünməyən şüşə ilə əvəz edəcədir və eyni zamanda pəncərənin qarşısını iddiaçıya məxsus fərdi yaşayış evini və həyətyanı sahəsini görməmək şərti ilə dəmir təbəqə ilə bağlayacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş,xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli,**********93- 10301 reyestr nömrəli çıxarışın və çıxarışa əlavə edilmiş həmin tarixli fərdi yaşayış evinin texniki pasportunun sürətlərindən görünür ki,İsmayıllı şəhəri,M.Orucov küçəsi ev 143 ünvanında yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 150.70 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli kitabın 19 nömrəli vərəqində İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli, № 3-16-16/2-10/9138 nömrəli ekspert rəyindən görünür ki,İsmayıllı şəhəri,M.Orucov küçəsi ev 36 ünvanında yerləşən, iş üzrə cavabdehə məxsus fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evinə baxan hissəsində mövcud olan nəfəsliyin inşası (açılması) zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları” nın müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan və eyni zamanda tərəflər sözügedən rəyi mübahisələndirmədiklərindən mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin arxasında iddiaçıya məxsus fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxan hissəsində sonradan pəncərə tikilisi inşa etmişdir. İsmayıllı şəhəri,M.Orucov küçəsi ev 36 ünvanında yerləşən, iş üzrə cavabdehə məxsus fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evinə baxan hissəsində mövcud olan nəfəsliyin inşası (açılması) zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması,mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuşdur.Hazırda cavabdehə məxsus evin arxasında iddiaçıya məxsus fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxan hissədə inşa edilmiş mübahisəli pəncərə tikilisi cavabdehin istifadəsində və sahibliyindədir. İddiaçı dəfələrlə fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxan mübahisəli pəncərənin bağlanması ilə bağlı cavabdehə təklif etmiş, lakin sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun,ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir.Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə pəncərənin bağlanmasının əsaslarını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İsmayıllı şəhəri,M.Orucov küçəsi ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin arxa tərəfində inşa edilmiş İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə baxan pəncərə bağlanmalıdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş ekspert rəyinin verilməsi zamanı aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat ekspert xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu barədə hər hansı tələb olmadığından iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İsmayıllı şəhəri,M.Orucov küçəsi ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin arxa tərəfində inşa edilmiş İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə baxan pəncərə bağlansın. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595,büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab-AZ 41NAB Z**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN- **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-64/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-64/2024
22.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver