Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-715/2021 20.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul və zərər tələbinə dair mülki işə 20 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 410 manat əsas borc, 60 manat məbləğində maddi zərər və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 490 manat vəsaitin onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı1 İsmayıllı Kommunal Müəssisələri Kombinatında bir yerdə işləyir, cavabdeh onun briqadiridir. Eyni zamanda cavabdeh digər İddiaçı2 dayısı arvadının yeznəsidir. 2019-cu ilin ortalarında cavabdeh iddiaçılardan ona təcili 500 manat pul lazım olduğunu bildirmiş, İddiaçı2 evdə müalicəsi üçün saxladığı 500 manatı ona vermişdir. Həmin puldan cavabdeh ötən müddət ərzində 50 və 40 manat olmaqla cəmi 90 manat hissəsini ödəmiş, qalan 410 manatı isə hazırkı vaxtadək ödəməmişdir. Bu müddət ərzində dəfələrlə cavabdehə borcunu qaytarması barədə bildirsə də heç bir nəticəsi olmamışdır. Belə olan halda cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara 60 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, əlavə olaraq göstərdi ki, cavabdehə verdiyi 500 manat onun müalicəsi üçün yığılmış pul idi. Belə ki o təcili yardımda xəstə baxıcısı işləyir, əsəb xəstəsidir və mütəmadi müalicə alır. Cavabdeh ona verdiyi 500 manatı guya onun anasından aldığını deyir, lakin onun anası uzun müddətdir ki, həm hərəkət edə bilmir, həm də danışıq qüsurludur, yataq xəstəsidir. Belə olan halda cavabdehin pulu onun anasından alması absurtdur. Cavabdeh 500 manatı övladına toy edəcəyini və ona təcili pul lazım olduğunu bildirərək almış və əmək haqqı kartını onlara vermiş, lakin şifrəsini verməmişdir. Bir müddət sonra isə həmin əmək haqqı kartını onlardan almışdır. Cavabdeh borcundan 40 və 50 manat olmaqla ümumilikdə 90 manat Yaşar adlı şəxs vasitəsi ilə ödəniş etmiş, qalan borcunu isə hazırkı vaxtadək müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, əlavə olaraq göstərdi ki, cababdeh onun briqadiri olduğuna görə ona inanmış və arvadı Naibəyə məxsus kartda saxladığı 500 manat məbləğində pulu ona vermiş, cavabdeh onlara əmək haqqı kartını vermişdir. Lakin həmin kartın şifrəsi onda olmadığından kartdan pul çəkə bilməmişlər, bir müddət sonra isə kartı cavabdeh onlardan almışdır. Belə ki, bankomatdan kimin nə vaxt pul çəkməsinin video görüntüsünü almaq olar, bununla da həmin kartdan onların pul çıxarmadıqları müəyyən olunacaqdır. Cavabdehin bu qanunsuz əməlləri sadəcə onlarla məhdudlaşmır, o bir neçə nəfər barəsində bu cür yollara əl ataraq dələduzluq edir. Cavabdehin qanunsuz əməlləri nəticəsində o müxtəlif vaxtlarda xərc çəkərək, telefonla cavabdehlə danışaraq və maşınla evinə gedərək 60 manat məbləğində zərərə uğramışdır. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçılardan İddiaçı2 sonralar tanımışdır. İddiaçı1la isə birlikdə işləyirlər. Ərizədə göstərilən 500 manat pulu o İddiaçı1 almışdır. Belə ki, o, Tapdığa ona təcili pul lazım olduğunu bildirmiş, Tapdıq ona bir tanışı sələm verən xanım vasitəsi ilə pul təşkil edəcəyini, lakin faizi ilə verə biləcəyini bildirmiş, o da razılaşaraq 500 manat pulu ondan götürmüşdür. Pulu götürdükdən sonra içərisində hər ay 300 manat olan maaş kartını Tapdığa vermişdir. Tapdıq onun maaş kartından birinci dəfə 150 manat, sonra 100 manat, daha sonrakı ayda isə 100 manat olmaqla, cəmi 350 manat pul çəkmiş, sonradan o maaş kartını onlardan alaraq hissə-hissə Tapdığa ümumilikdə 800 manat pul ödəmişdir. Belə olan halda o, Tapdığa iradını bildirərək 800 manat ödənildiyini, bundan artıq sələm ödəyə bilməyəcəyini bildirdikdə,Tapdıq o qadının buna razı olmadığını bildirmiş, o da bununla razılaşaraq, yenidən ümumilikdə 1300 manat məbləğində ödəniş etmişdir. Sonradan ona məlum olmuşdur ki, sələmlə pul verən o qadın, onun arvadı, hazırkı İddiaçı2dır. Bildirmək istəyir ki, o borcunu artıqlaması ilə ödəmişdir. Sadəcə bir müddət iddiaçılar arasında ailə münaqişəsi olduğundan onlar boşanmaları üçün məhkəməyə müraciət etmişlər və bu səbəbdən İddiaçı1 ondan aldığı ümumilikdə 1300 manat məbləğində pulu arvadından danır, gizlədir. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, İddiaçı1 və Cavabdehla birlikdə işləyir. Cavabdeh iddiaçılardan borc olaraq aldığı 500 manat məbləğini ödədiyini təsdiq edir. Belə ki, o 40 və 50 manat olmaqla ümumilikdə 90 manat məbləğində pulu İddiaçı1 vermişdir. Əlavə olaraq isə nə qədər pul verildiyi barədə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, 2019-cu ilin ortalarında cavabdeh iddiaçılardan 500 manat məbləğində borc almışdır. Bu hal işin mübahisəsiz halıdır. Cavabdeh həmin borcdan 90 manat qaytarmış, qalan 410 manatını isə hazırkı vaxtadək qaytarmamışdır. Bu hal isə işin mübahisələndirilən halıdır. Belə ki, cavabdeh məhkəmə iclasında 500 manat aldığını etiraf etmiş, lakin həmin məbləğin sələm (faiz) qarşılığında aldığını, nəticədə özünə məxsus əmək haqqı kartının iddiaçılara verdiyini, bir müddət iddiaçılar tərəfindən həmin kartdan hissə-hissə ümumilikdə 350 manat məbləğin çıxarıldığını,sonradan isə hər ay hissə-hissə ödəniş etməklə ümumilikdə 1300 manat məbləğdə pulun iddiaçılara ödənildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir,məsələn, pul ödəməli,xidmətlər göstərməli,əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddiaçılar tərəfindən cavabdehin qanunsuz əməlləri nəticəsində onlara 60 manat maddi zərər dəydiyini bildirsələr də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə cavabdehin etiraz mülahizəsinə hüquqi qiymət verərək bildirir ki, cavabdeh məhkəmə iclasındakı ilkin ifadəsində özünə məxsus əmək haqqı kartından iddiaçılar tərəfindən hissə-hissə ümumilikdə 350 manat pulun çıxarıldığını bildirmiş, belə olan halda iddiaçılar tərəfindən bu halın təkzib edildiyi, həmin bankomatdan nə vaxt və kim tərəfindən pulun çıxarılması üçün video görüntülərin əldə olunması barədə təklif edildikdən sonra, cavabdeh tərəfindən həmin məbləğlərin onun özü tərəfindən sözügedən bankomatdan çıxarılaraq iddiaçılara verilməsi barədə bir-birinə ziddiyyətli ifadələr müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdehin iddia tələbinə dair etiraz mülahizəsindəki göstərdiyi xüsusatları sübutetmə yükü özünün üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdeh 500 manat borcundan 90 manat ödəmiş, qalan borcunu isə ödəməkdən yayınır. Belə olan halda Cavabdeh 410 manat əsas borc məbləği iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 410 manat borc məbləği və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 430 (dörd yüz otuz) manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-715/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-715/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver