Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-737/2021 23.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Şəfı̇ yev Tahı̇ r Ağalar oğlunun cavabdeh Məhərrəmov Rası̇ m Məhərrəm oğluna qarşı borc pul və zərər tələbinə dair mülki işə 23 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəfı̇ yev Tahı̇ r Ağalar oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Məhərrəmov Rası̇ m Məhərrəm oğlundan (bundan sonra cavabdeh) əsas borc və vurulmuş zərərlə birlikdə 2136 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 2166 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2013-cü ilin dekabr ayında cavabdeh ondan öz adına "xxxx" ASC-dən 2500 manat kredit götürərək ona verməyini xahiş etmişdir. Cavabdeh aldığı krediti, kreditlə bağlı hesablanacaq bütün faizləri və əlavə xərcləri ödəyəcəyini ona vəd etmişdir. O, cavabdehin vədinə inanaraq 26 dekabr 2013-cü il tarixdə "xxxx" ASC-dən öz adına 24 ay müddətinə illik 23 faiz olmaqla, 1800 manat kredit götürərək sonuncuya vermişdir. Cavabdeh üzərinə şifahi öhdəlik götürsə də verdiyi sözə əməl etməmişdir. O, banka ümumilikdə 2386 manat pul ödəmişdir. Həmin puldan cavabdeh ona cəmi 250 manat pul ödəmişdir. Cavabdeh qalan 2136 manat pulu isə bu vaxta qədər ona qaytarmamışdır. Cavabdehdən 1800 manat əsas borc, 336 manat vurulmuş zərər və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 2166 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, 26 dekabr 2013-cü il tarixdə o, iddiaçının razılığı ilə "xxxx" ASC-dən sonuncunun adına kredit götürmüşdür. O, maddi vəziyyəti çox ağır olduğundan kredit borcunu ödəyə bilməmişdir. O, kredit borcundan 250 manat iddiaçıya ödəmişdir. Onun kredit borcundan iddiaçıya 2136 manat borcu qalmışdır. O, kredit borcuna görə iddiaçı tərəfindən ödənilən 2136 manat pulu hissə-hissə sonuncuya ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Kredit reyestrindən çıxarışın surətindən görünür ki, Şəfı̇ yev Tahı̇ r Ağalar oğlu "xxxx" ASC-dən aldığı 24 ay müddətinə illik 23 faiz olmaqla, 1800 manat kredit borcuna görə, ümumlikdə 2385,97 manat ödəmişdir. 12 iyul 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia tələbində 1800 manat əsas borc və 336 manat vurulmuş zərər məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya 2136 manat borcu olduğunu və həmin borcu hissə-hissə ödəyəcəyini bildirir. Şərh edilənlərə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Məhərrəmov Rası̇ m Məhərrəm oğlundan 1800 manat əsas borc, 336 manat vurulmuş zərər, 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 2166 (iki min bir yüz altmış altı) manat alınaraq iddiaçı Şəfı̇ yev Tahı̇ r Ağalar oğluna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-737/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-737/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver