Məhkəmə qərarları › İş №2(037)-738/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-738/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-738/2021 15.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 15 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 540 manat əsas borc, kredit müqaviləsi üzrə hesablanmış 421,09 manat faiz boru olmaqla, ümumilikdə 961,09 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə xəsarət almış və Qarabağ əlili kimi təqaüd alır. O, 15 dekabr 2014-cü il tarixdə bankdan şəxsi məqsədləri üçün 1500 manat kredit götürmək istədikdə, cavabdeh onun da pula ehtiyacı olduğunu, lakin ona kredit vermədiklərini bildirərək,ondan əlavə olaraq 1500 manat kredit götürərək ona verməyini, kredit ödənişlərinin isə özünün ödəyəcəyinə söz vermişdir. Belə olan halda o, cavabdehin səmimiyyətinə inanaraq, Azərbaycan Beynəlxalq Bankın İsmayıllı filialından öz adına 24 ay müddətinə illik 25 faiz olmaqla 3000 manat məbləğində kredit götürmüş və 1500 manat hissəsini cavabdehə vermişdir. 24 ay müddətinə götürdüyü kredit məbləğinə ümumilikdə 842.19 manat faiz hesablanmışdır. Cavabdeh hesablanmış faiz və kredit məbləğini qaytarmağı bardə söz versə də ilk əvvəl ümumi borcundan 960 manat hissəsini ödəmiş, qalan 540 manat əsas borc və bank tərəfindən hesablanmış faiz məbləğinin yarısının yəni, 421.09 manatı geri qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, əlavə olaraq göstərdi ki, hazırlıq iclasından sonra cavabdeh ona 100 manat məbləğində ödəniş etmiş və söz vermişdir ki, evi satılan kimi borcunu ödəyəcəkdir. Onda olan məlumata görə cavabdeh evini satmış və vədinə əməl etməyərək onun borcunu ödəmir. Cavabdehlə bir neçə dəfə əlaqə saxlamağa çalışsa da onun telefonlarına cavab vermir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, 15 dekabr 2014-cü il tarixli, 20-15.12.2014-SM73 saylı kredit müqaviləsinin surətindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı ilə həmin tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, İddiaçı 24 ay müddəinə, illik 25% olmaqla 3000 manat kredit verilmişdir. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankının İsmayıllı filialından öz adına 24 ay müddətinə illik 25 faiz olmaqla 3000 manat məbləğində kredit götürmüş və 1500 manat hissəsini cavabdehə vermişdir. Götürdüyü kredit məbləğinə ümumilikdə 842.19 manat faiz hesablanmışdır. Cavabdeh hesablanmış faiz və kredit məbləğini qaytarmağı barədə söz versə də ilk əvvəl ümumi borcundan 960 manat hissəsini ödəmiş, qalan 540 manat əsas borc və bank tərəfindən hesablanmış faiz borcunun yarısının yəni, 421.09 manatı geri qaytarmamışdır. Bu hal işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdeh 961.09 manat borcundan 100 manat ödəmiş, qalan borcunu isə ödəməkdən yayınır. Belə olan halda Cavabdeh 861.09 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 540 manat əsas borc, 321.09 manat kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 861.09 manat (səkkiz yüz altmış bir manat doqquz qəpik) məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar