Məhkəmə qərarları › İş №2(037)-76/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-76/2023

16.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-76/2023 16.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2 qarşı daşınmaz əmlakın reyestrində qeydiyyatın əsassız hesab edilməsi tələbinə dair mülki işə 16 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İsmayıllı şəhəri B.Mirzəyev küçəsi, dalan 2-də istifadədə olan 0,1459 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 4 otaqlı, 86,6 kv.m yaşayış, 81,5 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının, 103 nömrəli vərəqində xx.xx.2009-cu il tarixli qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon XDSİK-nin 25 may 1990-cı il tarixli 6 saylı qərarı ilə növbəlik əsasında fərdi yaşayış evi tikmək üçün ona İsmayıllı şəhəri B.Mirzəyev küçəsi D2, 10 saylı sahədə 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qeydə alınaraq RX seriyalı ******* saylı çıxarış verilmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi heç bir hüquqi əsas olmadan qanuni əsaslarla ona ayrılmış torpaq sahəsində inşa etdiyi bir mərtəbəli, 4 otaqlı, 86,6 kv.m yaşayış, 81,5 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evini Cavabdeh2 adına qeydiyyatdan keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş inzibati orqanların Təsnifatına əsasən ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti inzibati orqan hesab olunur. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair 19 may 2014-cü il tarixli Qərarına əsasən, - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. - DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Məhkəmə qeyd edir ki, iddia tələbinə dair mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Çünki hazırda iddiaçının iddia tələbi daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının, 103 nömrəli vərəqində xx.xx.2009-cu il tarixli qeydiyyatın etibarsız hesab edilməsi ilə əlaqədardır. Belə ki, iddiaçının iddia ərizəsindəki tələbindən aydın olur ki, hazırda iddiaçı cavabdehin adına tərtib edilmiş Çıxarışın həmin əmlakların həqiqi hüquqi vəziyyətinə uyğun olmamasını mübahisələndirir. Ona görə də iddiaçı qeyd edilən məsələ ilə bağlı halı ilk öncə inzibati orqanda mübahisələndirə, inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Belə ki, sözügedən çıxarış bağışlama, alğı-satqı və ya digər mülki-hüquqi münasibətlər əsasında verilmiş olsaydı, o zaman sözügedən mübahisəyə(sənədin etibarsızlıq və ya ləğvinə) mülki məhkəmə icraatı qaydasında baxıla bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəlləsinin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki işin məhkəmə hazırlıq icraatı zamanı Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının, 103 nömrəli vərəqində xx.xx.2009-cu il tarixli qeydiyyatın etibarsız hesab edilməsi tələbinin inzibati məhkəmədə baxılmalı olması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia tələbi inzibati məhkəməyə aid tələb olduğu müəyyən edildiyindən həmin tələbin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2 qarşı daşınmaz əmlakın reyestrində qeydiyyatın əsassız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar