Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-781/2021 01.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh İsmayıllı rayon Dövlət Notariat Kontoruna qarşı miras əmlakın qəbul olunması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 01 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) İsmayıllı rayon Dövlət Notariat Kontoruna (bundan sonra cavabdeh) qarşı məhkəməyə müraciət edərək 28 oktyabr 2002-ci il tarixdə vəfat etmiş anası Səlimova Mahi (Mahı) Məhəmməd qızından miras qalmış İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən JN 091F KOD 40718028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,09 hektar həyətyanı torpaq sahəsi və JN 106 KOD 40718028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,36 hektar pay torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsi işə iddiaçının işirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı 22 fevral 1929-cu il tarixdə İsmayıllı rayonu Aşıqbayramlı kəndində anadan olmuşdur. İddiaçının atası X5 29 dekabr 1975-ci il tarixdə, anası Səlimova Mahi (Mahı) Məhəmməd qızı isə 28 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. JN 091F KOD 40718028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,09 hektar həyətyanı torpaq sahəsi və JN 106 KOD 40718028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,36 hektar pay torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İddiaçının anası X7 rayonu Aşıqbayramlı kəndində 0,09 hektar həyətyanı torpaq sahəsi, həmin həyətyanı torpaq sahəsində olan köhnə yaşayış evi və 0,36 hektar pay torpaq sahəsi miras qalmışdır. İddiaçı anası vəfat etdikdən sonra ondan miras qalan əmlakı onun birinci dərəcəli vərəsəsi kimi faktiki qəbul edərək idarə etmiş, həmin evdə yaşamış, əmlak və torpaq vergisini ödəmiş, miras əmlaka sahiblik etməyə başlamışdır. Bundan başqa Mahi Səlimova sağlığında 21 noyabr 2000-ci il tarixdə vəsiyyətnamə qoyaraq bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. İddiaçının bacı-qardaşı miras əmlakı qəbul etməmiş, iddiaçı tərəfindən miras əmlakın qəbul olunmasına və idarə etməyinə heç bir etirazları olmamışdır. İddiaçı anasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon Notariat Kontoruna müraciət etmiş, notarius tərəfindən miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi və mirasın qəbulu ilə əlaqədar sübutlar təqdim edilməməsi səbəbi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edilmiş və bunun üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. 28 oktyabr 2002-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən JN 091F KOD 40718028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,09 hektar həyətyanı torpaq sahəsi və JN 106 KOD 40718028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,36 hektar pay torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. JN 106, KOD 40718028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. JN 091F, KOD 40718028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. 21 noyabr 2000-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X6 şəxsi mülkiyyət hüququ əsasında məxsus olan bütün əmlakını onun nədən ibarət olub-olmamasından asılı olmayaraq, habelə İsmayıllı rayonu Aşıqbayramlı kəndində yaşayış evini bütünlüklə oğlu İddiaçı vəsiyyət etmişdir. 18 oktyabr 2019-cu il tarixli AZ-İİ №029242 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X5 29 dekabr 1975-ci il tarixdə vəfat etmişdir. 30 oktyabr 2002-ci il tarixli AZ-İ №006783 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X6 28 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. 13 oktyabr 2020-ci il tarixli AZ-İV №516007 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı xx xxxx 1952-cı il tarixdə anadan olmuşdur, atası X5, anası isə X4r. İsmayıllı rayon Notariat Ofisinin 23 iyul 2021-ci il tarixli 1035 nömrəli cavab məktubundan müəyyən edilir ki, İddiaçı anası X1 miras qalmış əmlakın qəbulu ilə bağlı ərizə ilə Notariat Ofisinə müraciət etmiş, müraciətə əsasən qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin ötrüldüyü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ona mirasın qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İsmayıllı rayon Aşıqbayramlı bələdiyyəsinin 23 iyul 2021-ci il tarixli 17 nömrəli arayışından müəyyən edilir ki, X6 vəfat etdikdən sonra ona məxsus İsmayıllı rayon Aşıqbayramlı bələdiyyəsinin ərazisində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsi və 0,36 hektar pay torpaq sahəsinin vergi borcunu oğlu İddiaçı ödəmişdir. İsmayıllı rayon İHB-nin Aşıqbayramlı kənd İƏD üzrə nümayəndəliyinin 23 iyul 2021ci il tarixli 128 nömrəli arayışından müəyyən edilir ki, X6 vəfat etdikdən sonra ona məxsus İsmayıllı rayon Aşıqbayramlı kənd İƏD üzrə nümayəndəliyinin Aşqıbayramlı kəndində 0,09 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində və 0,36 hektar pay torpaq sahəsində oğlu İddiaçı yaşamış və bütün vergi borclarını ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsini izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsəvərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzilistismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, JN 091F KOD 40718028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,09 hektar həyətyanı torpaq sahəsi və JN 106 KOD 40718028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,36 hektar pay torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İddiaçının anası Mahi Səlimova sağlığında şəxsi mülkiyyət hüququ əsasında məxsus olan bütün əmlakını onun nədən ibarət olub-olmamasından asılı olmayaraq, habelə İsmayıllı rayonu Aşıqbayramlı kəndində yaşayış evini bütünlüklə iddiaçıya vəsiyyət etmişdir. İddiaçının anası 28 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. İddiaçı anası vəfat etdikdən sonra mirasın açılması və qəbulu barədə qanunla müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmişdir. Sonradan iddiaçı bu barədə İsmayıllı rayon Notariat Ofisinə müraciət etdikdə isə, notarius tərəfindən müddətin ötürülməsi və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmaması səbəbi ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı anası vəfat etdikdən sonra miras qalmış həmin evdə yaşamış, əmlak və torpaq vergisini ödəmiş, miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 2002-ci ildə vəfat etmiş Səlimova Mahi (Mahı) Məhəmməd qızından miras qalmış İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsi və 0,36 hektar pay torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-781/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-781/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver