Məhkəmə qərarları › İş №2(037)-811/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-811/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-811/2022 24.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması tələbinə dair mülki işə 24 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 24 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayon Notariat Kontorunda bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayon Notariat Kontorunda daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlayaraq mülkiyyətində olan, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0,12 ha torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini cavabdehə 13000 manat məbləğinə satmışdır. Müqavilə bağlanarkən cavabdeh notariusun depozit hesabına 7000 manat ödəmiş və qalan 6000 manat məbləği 3 ay müddətində, yəni 24 dekabr 2014-cü il tarixə kimi notariusun depozit hesabına ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilə üzrə öhdəliyini yerinə yetirərərək satdığı əmlakı dərhal cavabdehin sahibliyinə və istifadəsinə versə də sonuncu müqavilə öhdəliklərini icra etməmiş və bu vaxta kimi müqavilə üzrə borclu olduğu 6000 manatı notariusun depozit hesabına ödəməmişdir. Alğı-satqıdan qalan məbləğin ödənilməsi barədə dəfələrlə etdiyi şifahi tələblər müsbət nəticə vermədiyi üçün 21 fevral 2020-ci il tarixdə cavabdehə yazılı, yəni teleqram vasitəsi ilə müraciət edərək 10 gün müddətində 6000 manat pulu notariusun depozit hesabına ödəməsə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. Pandemiya ilə əlaqədar cavabdehə qarşı iddia tələbi irəli sürmək imkanı olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu ifadə verərək,əlavə olaraq göstərdi ki, cavabdeh Göyçay şəhərində onunla qonşu olmuşdur. Sözügedən daşınmaz əmlakla bağlı iki dəfə alğı-satqı olmuş, birinci alğı-satqıdan sonra cavabdeh evi ona təkrarən satmışdır. Hazırkı mübahisə doğuran alğı-satqı isə 2014-cü ildə bağlanmışdır. Cavabdehlə əvvəllər aralarında normal münasibət olmuş, alğı-satqıdan qalan 6000 manatın onun tərəfindən ödəniləcəyinə güman etmişdir. Onlar Göyçay şəhərində qonşu olmuşlar, sonradan cavabdeh Bakı şəhərinə köçmüşdür. Borcunu ödəmək üçün cavabdehlə dəfələrlə görüşmüş, hər dəfəsində müxtəlif bəhanələr gətirərərk ona vaxt verməsini xahiş etmişdir. Bununla yanaşı cavabdehin istifadəsində olan mobil nömrə ilə dəfələrlə əlaqə saxlanılmış, yenə ona vaxt verməsini, imkanı olmadığından ödəniş edə bilmədiyini, hər dəfə bir qohumunun xəstə olduğunu və ya rəhmətə getdiyini bildirmişdir. Təxminən 2018-ci ildə cavabdeh onun mobil nömrəsinə zəng vuraraq, 6000 borcundan hər ay hissə-hissə 300 manat ödəmək istədiyini bildirdikdə o razı olmamışdır. Bundan sonra cavabdehlə əlaqə zamanı, ərinin ürək əməliyyatı keçirdiyini, ora xeyli miqdarda xərci çıxdığını, buna baxmayaraq Masazırda yerləşən “Sevil” massivində fərdi yaşayış evi olduğunu, onun satışından əldə ediləcək vəsait hesabına borcunu ödəyəcəyini bildirmişdir. Bundan əlavə cavabdeh dəfələrlə onun qohumlarına zəng edərək ondan vaxt verilməsinin xahiş edilməsini bildirmişdir. Bütun bunlara baxmayaraq cavabdehin artıq borcunu ödəməyəcəyi qənaətinə gələrək hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil təmsil etmişdir. Məhkəmə iclasında Vəkil iddianı qəbul etməyərək göstərdi ki, 24 sentyabr 2014-cü il tarixdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan daşınmaz əmlakı Cavabdeh satmış, əmlaka dair ilkin olaraq 7000 manat cavabdeh tərəfindən ödənilmiş, qalan 6000 manat hissəsini isə xx.xx.2014-cü il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi iddia ərizəsi qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Belə ki, qanunvericilik daşınmaz əmlaklarla bağlı müqavilə tələbləri ilə bağlı iddia müddətini altı il müəyyən etmişdir. Alğısatqı müqaviləsi 24 sentyabr 2014-cü ildə bağlanmış cavabdeh isə borcunu ödəmək öhdəliyini 24 dekabr 2014-cü ilə qədər öhdəsinə götürmüşdür. Belə olan halda iddiaçı iddia müddətini 1 il 5 ay ötürmüşdür. Ona görə də iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, cavabdeh onun işçisi olmuşdur, iddiaçı isə onun qudasıdır. Hər ikisini yaxından tanıyır. Sözügedən alğı-satqı müqaviləsindən xəbəri vardır. Belə ki, Nizami özünə məxsus fərdi yaşayış evini 13000 manata Solmaza satmış,7000 manat ödəmiş qalan borcunu isə ödəməyi öhdəsinə götürmüşdür. Tarixini dəqiq xatırlamadığı, 2015, 2018 və 2019-cu illərdə Solmaz dəfələrlə ona zəng edərək qohumundan (Nizamidən) ona vaxt verməsini, hələ ki imkanı olmadığından borcunu ödəyə bilmədiyini xahiş etmişdir. Sonuncu dəfə də 30 iyun 2022-ci il tarixdə ona zəng edərək məsələni yoluna qoymasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, tərəflərin hər ikisi ilə qonşudurlar və yaxın münasibətləri olmuşdur. Bunlar arasındakı alğı-satqı müqaviləsindən xəbəri var idi. Təxminən 2 il əvvəl Nizami ilə avtomobildə getdiyi zaman Solmaz Nizamiyə zəng edərək, ona olan 6000 borcunu hissə-hissə ödəmək istədiyini bildirmiş, Nizami isə buna razı olmayaraq “apar hamısını notariusun depozit hesabına keçir” deyə cavab vermişdir. Bundan əlavə təxminən 4 il əvvəl Qalacıqda istirahət mərkəzlərinin birində istirahət zamanı Solmaz da onların yanına gəlmiş, orda onlar birlikdə çay içmişlər, hətda o Solmaza yemək yeməsini təklif etdikdə o razı olmamışdır. Həmin gün Solmaz ona Nizami ilə danışmasını, ona olan 6000 manat borcunu ödəməsi üçün vaxt verməsini xahiş etmişdir. Üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 24 sentyabr 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yaşayan İddiaçı ilə alıcı ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında İsmayıllı rayon, Qalacıq kəndində yerləşən ümumi sahəsi 27.9 kv.m, yaşayış sahəsi 27.9 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi barədə alğı-satqı müqaviləsi bağlanmış, satıcı daşınmaz əmlakı 13000 manata satmış, alıcı 7000 manat məbləği notariusun depozit hesabına ödəmiş, qalan 6000 manat məbləği isə 3 ay müddətə, xx.xx.2014-cü il tarixinədək notariusun depozit hesabına ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında 24 sentyabr 2014-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, sözügedən müqaviləyə əsasən ünvan 1 ünvanında yaşayan İddiaçı ilə alıcı ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında İsmayıllı rayon, Qalacıq kəndində yerləşən ümumi sahəsi 27.9 kv.m, yaşayış sahəsi 27.9 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi barədə alğısatqı müqaviləsi bağlanmış, satıcı daşınmaz əmlakı 13000 manata satmış, alıcı 7000 manat məbləği notariusun depozit hesabına ödəmiş, qalan 6000 manat məbləği isə 3 ay müddətə, xx.xx.2014-cü il tarixinədək notariusun depozit hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bu hal işin mübahisəsiz halıdır.İddiaçı müqavilə üzrə öhdəliyini tam yerinə yetirdiyini, cavabdehin isə öhdəliyə əməl etmədiyini bildirərək, alğı-satqı müqaviləsinin ləğv edilməsini, cavabdehin nümayəndəsi/Vəkil isə müddət ötürüldüyündən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan,habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1). Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüququdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1).Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014cü il tarixdə nisyə alqı-satqı haqqında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh İsmayıllı rayon, Qalacıq kəndində yerləşən ümumi sahəsi 27.9 kv.m, yaşayış sahəsi 27.9 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi iddiaçıdan almışdır. Cavabdeh aldığı əmlaka görə pulun bir hissəsini, 7000 manat məbləği notariusun depozit hesabına ödəmiş, qalan 6000 manat məbləği isə xx.xx.2014-cü il tarixədə ödəməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə cavabdehin müqavilə üzrə iddiaçıya ödənilməmiş 6000 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən həmin müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh nisyə alqı-satqı haqqında müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, öhdəlik götürdüyü 6000 manat məbləğində pulu notariusun depozit hesabına keçirmədiyindən bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Belə olan halda iddiaçı nisyə alğı-satqı haqqında müqaviləsinin ləğv edilməsi və əmlakın boşaldılaraq ona qaytarılması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Cavabdehin etiraz mülahizəsinə gəlincə isə məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh alğı-satqı müqaviləsinin bağlandığını, 6000 manat borcunu xx.xx.2014-cü il tarixədək ödəməsini öhdəsinə götürdüyünü bildirir, lakin iddiaçı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində borcunu tələb etmədiyindən iddia müddətinin ötürüldüyünü əsas gətirərərk iddianın rədd edilməsini xahiş edir. Belə olan halda ilk növbədə məhkəmə iddia müddəti anlayışı, onun tətbiqi zərurəti və mahiyyəti barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsi iddia müddətinin axımının kəsilmə əsaslarından birini məhz cavabdeh tərəfindən öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallara aid etmişdir. Hazırkı mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən öhdəliklə bağlı iddia müddətinın axımı kəsildiyi üçün müddət ötürülməmişdir. Belə ki, mülki işin hazırlıq iclası zamanı iştirak etmiş Cavabdeh MPM-nin 67.1.2-ci maddəsinə əsasən tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif etdikdən sonra ilkin izahatında iddiaçı ilə çox yaxın münasibətinin olduğunu, onlar arasında müxtəlif dövrlərdə müxtəlif müqavilələr bağlandığını, sonuncu alğı-satqı müqaviləsi üzrə iddiaçıya 6000 manat borcu olduğunu, lakin müxtəlif səbəblərdən (yaxın qohumlarının dünyasını dəyişməsini, ərinin ürək əməliyyatı keçirilməklə xeyli xərc çəkdiyini) borcunu ödəyə bilmədiyini, ondan və yaxın qohumlarından dəfələrlə vaxt istədiyini, lakin iddiaçının buna razı olmadığını bildirərək, öhdəliyin icrası üçün möhlət istənməsini etiraf etmişdir. Eyni zamanda sözügedən hal şahid ifadələri və iş materialları ilə də da öz təsdiqini tapmışdır. Belə ki iddiaçı cavabdeh tərəfindən öhdəlik götürdüyü borcun ödənilməsi ilə bağlı möhlət istədiyindən ona sonuncu dəfə 21 fevral 2020-ci il tarixdə yazılı, yəni teleqram vasitəsi ilə müraciət edərək 10 gün müddətində 6000 manat pulu notariusun depozit hesabına ödəməsə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə xabərdar etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 24 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-718 nömrə ilə qeydə alınmış AN-İ№ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli və ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, **********09- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu,Qalacıq kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 27.9 kv.metr olan iki otaqlı fərdi yaşayış evi boşaldılaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 24 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-718 nömrə ilə qeydə alınmış AN-İ№ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010cu il tarixli, **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 27.9 kv.metr olan iki otaqlı fərdi yaşayış evi boşaldılaraq İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar