Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-817/2021 22.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası, Cavabdeh İddiaçı oğluna qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 22 noyabr 2021-ci il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən hər birinin dəyəri 200 manat olmaqla 10 baş qoyunun, hər birinin dəyəri 150 manat olmaqla 25 baş quzunun, heyvanlar olmadıqda onların cəmi 3750 manat dəyərinin, 80 manat yola çəkdiyi xərcin, 2000 manat mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 250 manat məbləğində əmək haqqı, onun heyvanlarına vermiş olduğu yem və ot məhsullarının dəyəri olan 3000 manat və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonun Yuxarı Cülyan kəndində özünə məxsus təsərrüfatda qoyun-quzu saxlamaqla məşğul olur. Cavabdehlə həmkəndli olmaqla normal münasibəti olmuşdur. 14 noyabr 2020-ci il tarixdə cavabdehlə görüşərək ona məxsus qoyun-quzunu qışlaqda saxlamağı təklif etmişdir. Cavabdeh hər ay 250 manat əmək haqqı ödəməklə heyvanlarına baxmağa razılaşmışdır. Şəxsi təsərrüfatında olan 78 baş 4- 5 yaşlı ana qoyunu, 22 baş 8-9 aylıq quzunu, 8 baş bir aylıq quzu olmaqla cəmi 108 baş xırda buynuzlu heyvanı İsmayıllı rayonun Cülyan kəndində cavabdehə təhvil vermişdir. Cavabdeh heyvanları qəbul etdikdən sonra Kürdamir rayonun Mollakənd kəndində qışlağa aparmış 17 may 2021-ci il tarixədək heyvanları həmin ərazidə otarmışdır. Razılaşmaya əsasən hər ay 250 manat olmaqla altı ay üçün cavabdehə cəmi 1500 manat əmək haqqı ödəməli idi. O, üzərinə götürdüyü öhdəlik üzrə cavabdehin əmək haqqının beş ayını özünə, bir ayını isə qardaşının borcunun əvəzinə başqa şəxsə ödəmişdir. Cavabdeh üç dəfə ona zəng edərək hər dəfə bir baş qoyununun öldüyünü, bir baş qoyunun isə dəli olduğunu bildirmişdir. O, dəli qoyununu götürmüş, ölən qoyunlara görə isə cavabdehə etirazını bildirməmişdir. Amma cavabdeh ona qoyunlarının ac olduğunu, yem və ot lazım olduğunu deməmişdir. Əksinə hər dəfə cavabdehdən heyvanlarını soruşanda ona hər şey yaxşıdır demişdir. 17 may 2021-ci il tarixdə qardaşı Şahid zəng vuraraq yaxın günlərdə sürünü yaylağa çıxaracaqlaını qeyd edərək ondan heyvanlarını aparmasını tələb etmişdir. Telman sürüdən ona məxsus 90 baş ana qoyunu və 54 baş quzunu ayıraraq ona vermişdir. Heyvanları təhvil alarkan cavabdeh tərəfin 8 baş südəmər quzunu, cavan və görünüşü yaxşı olan qoyunları satdığı, 2 baş yaşlı və 1 baş xəstə heyvanını onun sağlam qoyunu ilə dəyişdiyini, qışlaqda doğan qoyunların balalarını götürdüyünü, ümumlikdə 10 baş ana və şişək, 25 baş isə quzunun əksik olduğunu müəyyən etmişdir. Cavabdehin harada olduğunu soruşduqda isə ona bildirmişlər ki, cavabdeh Göyçay rayonun İnçə kəndinə getmiş və gec gələcəkdir. O, cavabdehin qardaşı Telmanın ayrıdığı qoyunları öz həyətinə gətirmişdir. Telman qoyunları özü ona vermiş və aparmasına etiraz etməmişdir. Ertəsi günü cavabdehi evinə dəvət edərək ona bu bərədə bildirdikdə o, əksik olan heyvanların Mollakənd kəndi ərazisində örüşdə öldüyünü qeyd edərək, heyvanları yaylağa apardığını, əksiklıyi orada ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməyərək dəymiş ziyanı ödəməmişdir. Hazırda da heyvanlarının bir neçəsi cavabdehin sürüsündədir. Cavabdehin hərəkətləri barədə ilk növbədə qardaşı Şahid bildirmiş və Telman heyvanları və aylıq pulu cavabdehə verdiyi üçün tələbini də ondan etməyi təklif etmişdir. Bundan sonra İsmayıllı rayon PŞ-nə müraciət etmiş, aparılmış araşdırmadan sonra 17 iyun 2021-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Cavabdehin qardaşı Telman məhkəmə iclasında verdiyi ifadəsində ona 93 baş qoyun, 72 baş quzu verdiyini bildirir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında ona 92 baş qoyun, 58 baş quzu verdiyini göstərir. Qeyd etdiyi bu ziddiyətli faktlar onun iddia tələbinin əsaslı olduğunu və cavabdehin onun heyvanlarını mənimsədiyini təsdiq edir. Əgər o, həqiqətən də 72 baş quzu aparmış olsaydı heç bir şikayəti olmazdı. Bundan başqa şahid kimi ifadə vermiş baytar həkim Mirzəxan Əhədov cavabdehin heyvanların ölməsi ilə bağlı qışlaq dövründə ona cəmi dörd dəfə zəng etdiyini göstərsə də ölən heyvanların məhz ona məxsus olmasını cavabdeh təsdiq edə bilməz. Cavabdehdən heyvanları almaq üçün bir neçə dəfə İsmayıllı rayonun Yuxarı Cülyan kəndindən 50-60 km. məsafədə yerləşən Aşağı Cülyan kəndinə gəlib-getmişdir. Bunun üçün hər dəfə 20 manat olmaqla ümumilikdə 80 manat yanacaq pulu xərcləmişdir. Cavabdehlə arasında ilkin danışıqda yalnız 250 manat əmək haqqı söhbəti olmuş, heyvanlara ot və yem veriləcəyi ilə bağlı heç nə danışmamışlar. Cavabdehə hər ay 250 manat əmək haqqını heyvanları qışlaqda saxlaması və yemləməsi üçün vermişdir. Cavabdeh onun etibarından sui istifadə edərək dələduzluq hərəkətləri etdiyinə görə xeyli mənəvi sarsıntı keçirdiyindən cavabdehdən mənəvi zərər də tələb edir. Ona görə məhkəməyə müraciət edərək cavabdehdən hər birinin dəyəri 200 manat olmaqla 10 baş qoyunun, hər birinin dəyəri 150 manat olmaqla 25 baş quzunun, heyvanlar olmadıqda onların cəmi 3750 manat dəyərinin, 80 manat yola çəkdiyi xərcin, 2000 manat mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbinə münasibət bildirərək göstərir ki, cavabdehlə razılaşdığı aylıq əmək haqqını özünə və qardaşına ödəmiş, əmək haqqı borcu qalmamışdır. Cavabdehlə heyvanlara ot və yem verilməsi ilə bağlı heç bir danışıq və razılaşma olmamışdır. Cavabdehin onun heyvanlarına hansı miqdarda və məbləğdə ot və yem verməsinə dair sübutu yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, qardaşları ilə birlikdə xırda buynuzlu heyvanlar saxlaımaqla məşğul olurlar. İddiaçı ilə həmkəndli olmaqla aralarında səmimi münasibət olmuşdur. 2020-ci ilin noyabr ayında İsmayıllı rayonun Cülyan kəndində iddiaçı ona məxsus heyvanları saxlamağı, əvəzində ayda 250 manat əmək haqqı, heyvanlar üçün ot və yem verəcəyini təklif etmişdir. Aralarında olan şifahi razılıq əsasında iddiaçı 78 baş ana qoyunu, 30 baş quzu olmaqla cəmi 108 baş xırda buynuzlu heyvanları İsmayıllı rayonun Cülyan kəndində ona təhvil vermişdir. Heyvanları qəbul etdikdən sonra öz heyvanları ilə birgə Kürdamir rayonun Mollakənd kəndində qışlağa aparmışdır. İlin quraqlıq və sərt keçməsi ilə əlaqədar örüş sahəsində ot ehtiyatı az olduğundan o, yanvar-aprel ayları ərzində ətraf kəndlərdən yem, arpa və ot almaqla özünün və iddiaçının heyvanlarına vermişdir. Dəfələrlə iddiaçıya heyvanlarının ac olduğunu bildirərək, təcili ot və yem məhsulları gətirməsini xahiş etsə də iddiaçı başının ailə probleminə qarışdığını qeyd edərək qışlağa gəlməmiş, ot və yem almasına köməklik göstərməmişdir. 2021-ci ilin may ayına kimi cavabdehin də qoyunları daxil olmaqla heyvanlara ümumilikdə 22 tona yaxın arpa və 6000 bağlamaya yaxın ot vermişdir. İddiaçıya bir baş qoyununun dəli olduğunu bildirərək heyvanı ona təhvil vermişdir. Bundan başqa qışlaqda olduqları müddətdə dörd dəfə iddiaçıya zəng vuraraq qoyununun və quzuların öldüyünü, boğaz qoyunlarının ölü bala doğduğunu bildirsə də iddiaçı “Canun sağ olsun” demişdir. İddiaçı hər ay 250 manat olmaqla 1250 manat pul ona versə də sonuncu ay üçün 250 manat əmək haqqını və heyvanların saxlanılması üçün yem və ot verməmişdir. 2021-ci ilin may ayında heyvanları qışlaqdan İsmayıllı rayonunun Cülyan kəndinə gətirmişlər. O, iddiaçıya zəng vuraraq görüşüb qoyunları təhvil-təslim etməyi, sonuncu ay üçün 250 manat əmək haqqı və qoyunların ot və yem pullarını haqq-hesab etməyi təklif etmişdir. 17 may 2021-ci il tarixdə o Göyçay rayonunun İnçə kəndində olarkən iddiaçı gələrək qardaşı Teymurdan 92 baş qoyun, 58 baş quzu olmaqla ümumilikdə 150 baş heyvanı almış, buna heç bir etiraz etmədən heyvanları kəndə aparmışdır. Hesab edir ki, iddiaçıdan son ayın əmək haqqını, qoyunlarının ot və yeminə verdiyi pulu tələb etdiyinə görə iddiaçı onu məhkəməyə vermişdir. Ona görə də iddiaçıdan 250 manat məbləğində əmək haqqı, onun heyvanlarına vermiş olduğu yem və ot məhsullarının dəyəri olan 3000 manat və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi, iddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid X2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonun Qələyə kəndində yaşayır. Altı il iddiaçının qoyunlarına baxmış, cavabdehi də tanıyır. Əvəllər iddiaçının 60 heyvanı olmuşdur. O, iddiaçının heyvanlarına baxdığı vaxt ayda 200 manat əmək haqqı almış, heyvanlara ot və yem verilməsi barədə əlavə pul danışmamışdır. Qışın sərt vaxtı lazım gələndə iddiaçının heyvanlarına da öz hesabından arpa, ot vermişdir. Heyvanın ot və yeminin kim tərəfindən ödənilməsi tərəflərin danışıqlarından və gəldikləri razılıqdan aslıdır. Heyvan itdikdə və ya canavar parçaladıqda zərəri çoban ödəməlidir. Şahid X3 ifadə verərək göstədi ki, İsmayıllı rayonun Qoşakənd kəndində yaşayır. İddiaçı ondan qoyunlarına baxmağa çoban istəmişdir. Sonradan iddiaçı qoyunları baxmaq üçün öz həmkəndlisi olan Qurban adlı şəxsə verdiyini, ayda 250 manat əmək haqqı ödəyəcəyini, qoyunun yemini, otunu Qurban öz üzərinə götürdüyünü bildirmişdir. Ümumiyyətlə bu cür danışıqlar tərəflərin qarşılıqlı razılıqdan aslıdır. Şahid ifadə verərək göstərdi ki, qardaşları ilə birlikdə özlərinə məxsus xırda buynuzlu heyvanlar saxlayırlar. İddiaçı ilə həmkəndlidir. 2020-ci ilin noyabr ayında İsmayıllı rayonun Cülyan kəndində iddiaçı özünə məxsus heyvanları da saxlamağı, əvəzində ayda 250 manat əmək haqqı, heyvanlar üçün ot və yem verəcəyini təklif etmişdir. Aralarında razılıq əldə olunduğu üçün iddiaçı 78 baş ana qoyunu, 30 baş quzu olmaqla cəmi 108 baş xırda buynuzlu heyvanları İsmayıllı rayonun Cülyan kəndində onlara təhvil vermişdir. Heyvanları qəbul etdikdən sonra öz heyvanları ilə birgə Kürdamir rayonun Mollakənd kəndində qışlağa aparmışlar. İlin sərt keçməsi ilə əlaqədar örüş sahəsində ot ehtiyatı az olduğundan onlar yanvar-aprel ayları ərzində ətraf kəndlərdən heyvanlar üçün çuğundur, arpa və ot almışlar. İddiaçıya heyvanlarının ac olduğunu bildirərək, təcili ot və yem gətirməsini bildirsələr də iddiaçı müxtəlif bəhanələr gətirərək heyvanlarına ot və yem göndərməmişdir. Ona görə də öz heyvanları üçün aldıqları ot və yemdən iddiaçının da heyvanlarına vermişlər. İddiaçıya bir baş dəli olan qoyununu qaytarmışlar. Bundan başqa qışlaqda olduqları müddətdə iddiaçıya məxsus dörd baş qoyun və quzu ölmüş, boğaz qoyunları ölü bala doğmuşlar. Bu barədə qardaşı Qurban iddiaçıya və baytar həkimə məlumat vermişdir. 2021-ci ilin may ayınadək heyvanları həmin ərazidə otarmış və öz heyvanları ilə yanaşı iddiaçının heyvnlarına da yem, arpa və ot vermişlər. 2021-ci ilin may ayında onlar qoyun sürüsünü İsmayıllı rayonun Cülyan kəndinə gətirmişlər. O, iddiaçıya zəng vuraraq bir-iki günə yaylağa çıxaracaqları üçün qoyunlarını götürməyi təklif etmişdir. İddiaçı qoyunlarını götürməyə gələndə qardaşı Göyçay rayonun İnçə kəndində olmuşdur. İddiaçıya Qurbanın burada olmadığını, onu gözləməyi təklif etsə də iddiaçı Qurbanla danışdığını, heç bir problemin olmadığını bildirərək birgə ayırdıqları 93 baş qoyun, 72 baş quzu heyvanı almış, buna heç bir etiraz etmədən heyvanları kəndə aparmışdır. Sonradan qardaşı Qurban ona bildirmişdir ki, iddiaçı bir ayın 250 manat əmək haqqını ödəməmişdir. Şahid Əhədov Mirzəxan Əlmustafa oğlu ifadə verərək göstərdi ki, o baytar həkim işləyir. İddiaçını və cavabdehi tanıyır. 2020-2021-ci illərdə cavabdeh üç dəfə ona zəng edərək qoyunlarının öldüyünü demişdir. O, ərazi həkimi kimi gedib yerində ölmüş qoyuna baxmışdır. Heyvanlara dərman vermiş, lazımı köməklik göstərmişdir. İl sərt keçdiyindən örüş sahəsində ot ehtiyatı az olmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 iyun 2021-ci il tarixli qərarın surətindən müəyyən edilir ki, İddiaçı İsmayıllı rayon PŞ-nə ərizə ilə müraciət edərək həmkəndlisi Cavabdeh ilə şifahi razılaşma əsasında özünə məxsus olan 100 baş qoyunu ayda 250 manat əmək haqqı ödəməklə 6 aylıq saxlanması üçün ona verdiyini, qoyunu təhvil alarkən 10 baş qoyun, 20-25 baş quzusunun əksik gəldiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh qoyun-quzulara altı ay baxdıqdan sonra 92 qoyun, 58 quzunu ona qaytardığını, həmin vaxt Famil ona heç bir etiraz etmədiyini, son ayın 250 manat əmək haqqını tələb etdiyinə görə Familin ondan şikayət etdiyini, əslində Familə nə pul, nə də qoyun borcunun olmadığını bildirmişdir. Müraciət İsmayıllı rayon PŞ TB tərəfindən araşdırılaraq cinayət işi başlanması rədd edilmiş, İddiaçı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər özlərinə məxsus təsərrüfatda qoyun-quzu saxlamaqla məşğuldurlar. İddiaçı və cavabdeh arasında 2020-ci ilin noyabr ayında olan şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus qoyunquzunu qışlaqda saxlamağı, əvəzində isə iddiaçı cavabdehə hər ay 250 manat əmək haqqı ödəməli idi. İddiaçı ümumilikdə 108 baş qoyun-quzunu cavabdehə təhvil vermişdir. İddiaçı razılaşmaya əsasən 1250 manat əmək haqqı cavabdehin özünə, qalan bir ay üçün əmək haqqını cavabdehin qardaşının əvəzinə başqa şəxsə veriyini, cavabdehlə aralarında heyvanlara vermək üçün ot və yemin alınması üçün əlavə pul barədə danışıq olmadığını, 90 baş ana qoyun və 54 baş quzu təhvil aldığını, 17 may 2021-ci il tarixdə heyvanları təhvil alarkan cavabdeh tərəfindən ümumlikdə 10 baş ana və şişək, 25 baş quzunun ona əksik verildiyini göstərərək ondan hər birinin dəyəri 200 manat olmaqla 10 baş qoyunun, hər birinin dəyəri 150 manat olmaqla 25 baş quzunun, heyvanlar olmadıqda onların cəmi 3750 manat dəyərinin, 80 manat yola çəkdiyi xərcin, 2000 manat mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir. Cavabdeh qarşılıqlı iddianı qəbul etmir, iddiaçı ilə qarşılıqlı razılıq əsasında ayda 250 manat əmək haqqı və heyvanlar üçün ot və yem verəcəyinə razılaşmaqla ondan 108 baş qoyunquzunu təhvil aldığını, ilin quraqlıq və sərt keçməsi ilə əlaqədar əlavə ota və yemə ehtirac olmasına baxmayaraq iddiaçının ona heç bir köməklik göstərmədiyini, qoyunların və quzuların öldüyünü, iddiaçıya bu barədə dəfələrlə məlumat verməsinə baxmayaraq qışlağa gəlmədiyini, sonuncu ay üçün 250 manat əmək haqqını ödəmədiyini, 17 may 2021-ci il tarixdə iddiaçıya 92 baş qoyun, 58 baş quzunu təhvil verdiyini qeyd edərək iddiaçıdan 250 manat məbləğində əmək haqqı, onun heyvanlarına vermiş olduğu yem və ot məhsullarının dəyəri olan 3000 manat və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə İddiaçı iddia tələbində göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin xüsusatlar ziddiyyət təşkil etməklə bir-birini təkzib edir. İddiaçı 108 baş heyvanı saxlamaq üçün cavabdehə verdiyini, cavabdeh də həmin sayda heyvanları iddiaçıdan təhvil aldığını etiraf edir. İddiaçı cavabdehdən qoyun-quzunu əksik təhvil aldığın göstərsə də iddia tələbinin əsaslığını təsdiq edən sübutları məhkəməyə təqdim etmədi, həmin faktlar məhkəmə iclasında da təsdiq edilmədi. Məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbində göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, onun qarşılıqlı iddia tələbində göstərdiyi xüsusatlar da ziddiyyət təşkil edir. O, iddiaçının heyvanlarına hər ay 250 manat əmək haqqı almaqla baxdığını etiraf edir. Qış sərt olduğu üçün heyvanlara əlavə ot və yem verilməsi üçün iddiaçı ilə qarşılıqlı raılığa gəldiyini göstərsə də qarşılıqlı iddia tələbinin əsaslığını təsdiq edən sübutları məhkəməyə təqdim etmədi. Həmin faktlar məhkəmə iclasında da təsdiq edilmədi. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi baədə iddiası rədd edilsin. Cavabdeh İddiaçı oğluna qarşı pul tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-817/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-817/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver