Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-82/2022 31.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Mustafayeva (Səlimova) Günay Valeh qızı, Mustafayeva (Ağayeva) Aytən Valeh qızı, Cavabdeh9, İsmayıllı rayon Sulut bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı ona məxsus 20 sot torpaq sahəsi üzərində olan bütün maneələrin aradan qaldırılması tələbinə dair mülki işə 31 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 20 sot torpaq sahəsi üzərində bütün maneələrin aradan qaldırılması, cavabdehlər X9, Cavabdeh1 və Cavabdeh2 adına olan JN-103 kod 40722018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının, Cavabdeh3 məxsus JN-104 kod 40722018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının, Cavabdeh4 adına olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının, Cavabdeh5, X2, X6, X7 və Cavabdeh9 məxsus JN-106 kod ********* “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının ona məxsus hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İsmayıllı rayonu Kələzeyvə kəndində anadan olmuş və həmin kəndə böyümüşdür. Həmin kəndin ərazisində yerləşən “Moskva” sovxozunda işləmiş, sovxozun 29 dekabr 1990-cı il tarixli, 339 saylı əmri ilə ona fərdi yaşayış evinin tikintisi məqsədi ilə kəndin “Tayalıq” adlanan hissəsindən 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin sahə az olduğundan müraciətinə əsasən “Moskva” sovxozunun bazasında yaradılmış “Sulut” sovxozunun 26 may 1994-cü il tarixli əmri ilə həyətyanı torpaq sahəsinin yeri dəyişdirilərək “Dəllək bağı” adlanan ərazidən ölçülərək verilmiş, bu barədə 27 may 1994-cü il tarixli akt tərtib edilmiş, həmin aktda da torpaq sahəsinin çizgiləri çəkilmişdir.Sonradan 1995-ci ildə müraciətinə əsasən “Sulut” sovxozunun 15 noyabr 1995-ci il tarixli əmri ilə həyətyanı torpaq sahəsinin yanında 0,08 ha istifadəsiz ərazi onun istifadəsinə verilmişdir. 20 noyabr 1995-ci il tarixli aktla ölçülmüş, sərhədləri müəyyən edilərək ona təhkim edilmiş və həmin vaxtdan istifadə edir. Uzun müddət onun istifadəsində və sahibliyində olan torpaq sahəsinə mülkiyyət hüququ pozulur. Onun istifadəsində olan torpaq sahəsinə cavabdehlərə mülkiyyət hüququ haqqında akt verilmiş, lakin həmin torpaq sahəsi cavabdehlərə yerində təqdim edilməmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmənin 10.01.2022-ci il tarixli, 2(037)-82/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər X3 və qeyrilərinə qarşı “ona məxsus 20 sot torpaq sahəsi üzərində bütün maneələrin aradan qaldırılması, cavabdehlərə məxsus Dövlət aktlarının ona məxsus hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia “cavabdehlərə məxsus Dövlət aktlarının ona məxsus hissədə ləğv edilməsi” hissədə işin icraatına xitam verilmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, sözügedən 0,20 ha torpaq sahəsinin torpaq vergisini iddiaçı tam ödəmiş, lakin torpaq islahatı zamanı ona məlum olmayan səbəblərdən qanuni istifadəsində olan həmin torpaq sahəsinə dair iddiaçının adına hüquqmüəyyənedici sənəd verilməmişdir. Sözügedən torpaq sahəsinin bir hissəsi cavabdehlərin mülkiyyətində olsa da həmin torpaq sahəsi yerində mərzilənərək mülkiyyətçilərə verilməmiş və bu səbəbdən torpaq sahəsinin hansı hissəsinin kimə məxsus olması, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin harada yerləşməsi mübahisəlidir. Bu məsələ ilə bağlı müvafiq orqanlara rəsmi qaydada müraciət etmiş, lakin həmin torpaq sahəsinə cavabdehlər tərəfindən maneə olduğu üçün iddiaçının adına rəsmiləşdirilməsindən və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilərək, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh4 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, İsmayıllı rayonu AİK-nın 29 yanvar 1999-cu il tarixli 65 nömrəli qərarı ilə İsmayıllı rayonu Sulut kəndi ərazisində ona kənd təsərrüfatı məhsulları istehsalı məqsədli 0,29 ha torpaq sahəsi verilmişdir. Ona mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin 0,12 ha hissəsi iddiaçının sahibliyindədir. Belə olan halda hazırda onun cavabdeh kimi göstərilməsi maraq doğurur. Belə ki, o yox, əksinə iddiaçı ona mülkiyyət hüququ ilə məxsus torpaq sahəsini qanunsuz olaraq sahiblənmişdir və o hazırki mübahisə bitdikdən sonra torpaq sahəsini qanuni yolla tələb edəcəkdir. Ona görə də ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Digər cavabdehlərə, İsmayıllı rayon Sulut Bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər, bələdiyyənin və DƏDRX-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin,bələdiyyənin və DƏDRX-nin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 iyul 2015-ci il tarixli, 272 saylı arayışdan görünür ki, “Sulut” sovxozunun 26 may 1994-cü il tarixli, 65 saylı əmrin ilə sovxozun 25 may 1994-cü il tarixli əminə əsasən, sovxozun “Budaqlı tayalıq” sahəsi kiçik olduğu üçün tayalığa qonşu olan torpaq sahibi X1 0,12 ha torpaq sahəsi ondan təhvil alınaraq tayalığa birləşdirilmiş, ona başqa yerdən torpaq sahəsi verilmiş, X4 təsərrüfatın “Dəllək bağı” adlanan torpaq sahəsindən verilmiş həyətyanı torpağın yanında istifadəsiz qalmış 0,08 sota torpaq sahəsi heç bir yerə birləşdirilməsi mümkün olmadığına görə həmin istifadəsiz qalmış torpaq sahəsi verilmişdir. İşdə olan İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 iyun 2015-ci il tarixli, 224 saylı arayışdan görünür ki, İsmayıllı rayon Dövlət Arxivində saxlanılan 61 nömrəli Arxiv fondunda Sulut kənd İƏD-nin KələZeyvə kənd üzrə 1991-2010-cu illərin təsərrüfatbaşına kitablarında ailə başçısı kimi X8, qardaşı X12, evin tikili tarixi qeyd olunmamış, torpaq sahəsi 0,12 ha, 1995-ci ildən 0,20 ha kimi qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 fevral 2016-cı il tarixli, 52 saylı arayışdan görünür ki, İsmayıllı rayonu Sulut kənd “Moskva” sovxozunun 48 nömrəli Arxiv fondunda saxlanılan 1990-cı ilə dair əmri ilə Şükürova (Cavadova) Məlahət Mahir qızına fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması aşağıdakı kimidir: İsmayıllı rayonu Sulut kənd “Moskva” sovxozu üzrə Azərbaycan SSR NS-nin 31 avqust 1988-ci il tarixli 929 nömrəli və 28 iyun 1989-cu il tarixli 273 nömrəli qərarlarına əsasən təsdiq edilmiş həyətyanı torpaq fondundan 0,12 ha hesabı ilə torpaq sahəsi ev tikməkdən ötrü ölçülüb verilsin. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyun 2013-cü il tarixli, 2-2(107)-36/2013 saylı qərarından görünür ki, üçüncü şəxslər X5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2012-ci il tarixli qərarı JN-103 kod 40722018 nömrəli, JN-104 kod ******* nömrəli, JN-105 kod 40722018 nömrəli, JN-106 kod 40722018 nömrəli "Torpağın Mülkiyyətə verilməsinə dair” Dövlət Aktlarının qismən ləğv edilməsi, İddiaçı qanuni istifadəsində olan İsmayıllı rayon Kələzeyvə kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş və həmin hissə üzrə yeni qərar çıxarılaraq göstərilən tələblər təmin edilməmiş, qətnamənin nəticə hissəsində “iddia tələbi qismən təmin edilsin” cümləsi dəyişdirilərək “iddia tələbi təmin edilməsin” cümləsi ilə əvəz edilmişdir. Sözügedən qərarda iş materiallarına əlavə edilmiş: İsmayıllı rayon Sulut Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 27 iyul 2012-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçıya 1994-1995-ci illərdə “Moskva” sovxozunun və Sulut kənd fermer təsərrüfatının qərarları ilə iki dəfəyə 0,20 ha torpaq sahəsi verilmişdir. Aqrar islahat zamanı həyətyanı sahənin vətəndaşa məxsus olması barədə ona şəhadətnamə verilməmişdir.Sulut Bələdiyyəsinə verilmiş torpaq xəritəsinə görə həmin sahənin 0,12 ha hissəsi başqa vətəndaşa məxsus pay torpağı, 0,08 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan sahədir. Onun istifadə etdiyi 0,20 ha sahə üçün hər il torpaq vergisi bələdiyyəyə ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin məhkəməyə ünvanlanmış 25 iyul 2012-ci il tarixli, 227 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının atasının iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, onun iddia etdiyi torpaq sahəsinin bir hissəsi başqa vətəndaşların pay torpaq sahəsinə, bir hissəsi bələdiyyənin ehtiyat fondu torpağına, bir hissəsi isə kəndli torpaq sahəsinə düşdüyü üçün iddiaçının istifadə etdiyi torpaq sahəsinin 0,06 ha hissəsinə sənədin hazırlanması mümkün olmamış, qalan torpaq sahəsinin isə başqa mülkiyyətçilərə aid olduğu üçün sənədin hazırlanması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, hazırki tələb üzrə İddiaçı cavabdehlərə qarşı ona məxsus 20 sot torpaq sahəsi üzərində bütün maneələrin aradan qaldırılması tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, iddiaçı, “Sulut” sovxozunun 26 may 1994-cü il tarixli 65 nömrəli əmri ilə “Dəllək bağı” adlanan Kələzeyvə kəndinə bitişik sahədən 0,12 ha, 15 noyabr 1995-ci il tarixli 42 nömrəli digər əmri ilə isə həmin torpaq sahəsinin yanında istifadəsiz qalmış 0,08 ha həyətyanı torpaq sahəsi onun daimi istifadəsinə verildiyini və ölçülüb mərz nişanları qoyularaq ona təhkim edildiyini, həmin 0,20 ha həyətyanı torpaq sahəsi iddiaçının qanuni istifadəsinə verilmiş olduğu halda, islahat zamanı həmin torpaq sahəsinin bir hissəsinin vətəndaşların pay torpaq sahəsinə, bir hissəsinin bələdiyyənin ehtiyat fonduna, bir hissəsinin isə kəndaltı torpaq sahəsinə daxil edilməsi qanunsuz olduğunu bildirir, Cavabdeh3 isə iddiaçının iddia etdiyi torpaq sahəsinin 0,12 hahissəsinə dair onun mülkiyyət hüququnun olduğunu, digər 0,08 ha torpaq sahəsi ilə isə aidiyyətinin olmadığını bildirir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlər İsmayıllı rayon Sulut Bələdiyyəsinə, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə, AR ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsinə, üçüncü şəxslər (hazırki tələb üzrə cavabdehlər) X9 və qeyrilərinə qarşı JN-103 kod 40722018, JN-104 kod 40722018, JN-105 kod 40722018 və JN-106 kod 40722018 nömrəli “Torpağa Mülkiyyət hüququna dar” Dövlət Aktlarının ləğv edilməsi, İddiaçı adına qanuni istifadəsində olan 0,20 ha torpaq sahəsinə, X5 adına 0,81 ha pay torpaq sahəsinə, Cavabdeh3 adına 0,33 ha pay torpaq sahəsinə, Cavabdeh4 adına 0,29 ha pay torpaq sahəsinə, Cavabdeh5 adına 1,31 ha pay torpaq sahəsinə dair yeni torpaq sahəsinin plan və ölçüsü sənədlərinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə tapşırılması barədə iddiası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2012-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 25 iyun 2013-cü il tarixli,2-2(107)-36/2013 saylı qərarı ilə üçüncü şəxslər X5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2012-ci il tarixli qərarı JN-103 kod 40722018 nömrəli, JN-104 kod ******* nömrəli, JN-105 kod 40722018 nömrəli, JN-106 kod 40722018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” Dövlət Aktlarının qismən ləğv edilməsi, İddiaçı qanuni istifadəsində olan İsmayıllı rayonu, Kələzeyvə kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş və həmin hissə üzrə yeni qərar çıxarılaraq göstərilən tələblər təmin edilməmiş, qətnamənin nəticə hissəsində “iddia tələbi qismən təmin edilsin” cümləsi dəyişdirilərək “iddia tələbi təmin edilməsin” cümləsi ilə əvəz edilmişdir. Göründüyü kimi iddiaçının hazırki tələblə iddia etdiyi 0,20 ha torpaq sahəsinin bir hissəsi, yəni 0,12 ha hissəsi hazırki iş üzrə cavabdeh olan Cavabdeh3, digər 0,08 ha hissəsi isə Sulut Bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının onun sahibliyində olan 0,20 ha torpaq sahəsinə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmamış və qeydiyyata alınmamış, iddiaçı 1994- 1995-ci illərdə “Moskva” sovxozunun və Sulut kənd fermer təsərrüfatının qərarları əsasında ona verilmiş torpaq sahəsinə dair Aqrar İslahat Komissiyasının fəaliyyəti dövründə və ondan sonrakı dövrlərdə qanunamüvafiq qaydada müraciətlər edərək adına hüquqmüəyyənedici sənəd almamışdır. Eyni zamanda cavabdehlərin sahibliyi qanunsuz deyildir. Belə olan halda iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Eyni zamanda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsində torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin maddəyə əsasən: 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. 3.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4.Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi iddiaçı sözügedən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Mustafayeva (Səlimova) Günay Valeh qızı, Mustafayeva (Ağayeva) Aytən Valeh qızı, Cavabdeh9, İsmayıllı rayon Sulut bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı ona məxsus 20 sot torpaq sahəsi üzərində olan bütün maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Mustafayeva (Səlimova) Günay Valeh qızı, Mustafayeva (Ağayeva) Aytən Valeh qızı, Cavabdeh9, İsmayıllı rayon Sulut bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı ona məxsus 20 sot torpaq sahəsi üzərində olan bütün maneələrin aradan qaldırılmasına dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-82/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-82/2022
31.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver