Məhkəmə qərarları › İş №2(037)-83/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-83/2023

10.02.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-83/2023 10.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə 10 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək 1907-ci ildə İsmayıllı rayon köhnə Zanqı kəndində anadan olmuş, İsmayıllı rayon Cülyan kəndində yaşamış X8 21 iyun 1955-ci il tarixdə İsmayıllı rayon Cülyan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, atası X15 1907-ci ildə İsmayıllı rayonun köhnə Zanqı kəndində doğulmuş, daha sonra İsmayıllı rayonun Cülyan kəndinə köçərək həmin kənddə yaşamışdır. Anasının dediyinə görə atasının təyziq xəstəliyi olmuş, 1955-ci ilin yay fəslinin girdiyi gün həmin xəstəlikdən də vəfat etmişdir. Atası yaşadıqları İsmayılllı rayon Cülyan kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt o yeni doğulmuş körpə olmuşdur. Atasının ölümü ona məlum olmayan səbəblərdən qeydə alınmamışdır. Atasının ölümü haqqında tibbi şəhadətnamə olmadığına görə Maraqlı şəxs ölümü qeydə almaqdan imtina etmişdir. Atasının ölümünün qeydə alınmaması onun və digər vərəsələrin varəsəlik hüquqlarını həyata keçirmələrinə mane olur. Bu faktın məhkəməyəqədər və məhkəmədənkənar təsdiqi mümkün olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də 1907-ci ildə İsmayıllı rayon köhnə Zanqı kəndində anadan olmuş, İsmayıllı rayon Cülyan kəndində yaşamış X8 21 iyun 1955-ci il tarixdə İsmayıllı rayon Cülyan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, o, ərizəçinin dayısıdır. Ərizəçi və ailəsi ilə eyni kənddə, İsmayıllı rayonun Cülyan kəndində yaşayır. O, hələ uşaq olarkən qohumlarının dediyinə görə ərizəçinin atası X12 rayonun köhnə Zanqı kəndində doğulmuş, daha sonra İsmayıllı rayonun Cülyan kəndinə köçərək həmin kənddə yaşamışdır. Qəhrəman Dadaşov 1955-ci ilin yay fəslinin ilk ayında təyziq xəstəliyindən vəfat etmiş və Cülyan kənd qəbristanlığında dəfn edilmişdir. Qəhrəman Dadaşovun məzarı kənd qəbristanlığındadır və o da qohum kimi həmin məzarı ziyarət etməyə gedir. O, X8 21 iyun 1955-ci il tarixdə İsmayıllı rayonun Cülyan kəndində xəstəlikdən vəfat etməsi və həmin kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. X2 ərizəçinin qohumu olmaqla X1 ilə eyni məzmunlu ifadə verərək X8 21 iyun 1955-ci il tarixdə İsmayıllı rayonun Cülyan kəndində xəstəlikdən vəfat etməsi və həmin kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. 07 fevral 1955-ci il tarixli ИЖ № 215919 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Qəhriman oğlu xx xxxxxx 1955-ci il tarixdə doğulmuş, valideynləri X16 və X7r. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə İsmayıllı rayonun Cülyan kəndində anadan olmuş, İsmayıllı rayonun Cülyan kəndində yaşayır. Maraqlı şəxs tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli 509 saylı arayışdan görünür ki, xx.xx.1955-ci ildə İsmayıllı rayonu, Cülyan kəndində vəfat etmiş X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə Maraqlı şəxs arxivində 1951-1958-ci illər üzrə və xx.xx.2022-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 530 saylı arayışdan görünür ki, X16 və X6 nikahları haqqında xx.xx.1955-ci il tarixdə 08 nömrəli akt qeydi tərtib olunmuşduir. Nikahın qeydə alındığı yer: Maraqlı şəxs. Nikahdan sonra ərə Dadaşov, arvada Dadaşova soyadı verilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Cülyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli 91 saylı arayışdan görünür ki, yaşlı kənd sakinlərinin dediyinə görə X15 1907-ci ildə İsmayıllı rayonun köhnə Zanqı kəndində doğulmuş və 1955-ci ildə İsmayıllı rayonun Cülyan kəndində yaşayış yeri üzrə vəfat etmişdir. Vəfat etdiyi zaman Cülyan kənd qəbristanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli 05/Q-586 nömrəli məktubdan görünür ki, xx.xx.1955-ci ildə vəfat etmiş X9 ölümü haqqında arayış verilməsi barədə ərizəyə cavab olaraq İsmayıllı Rayon arxiv məlumatları 1952-1958-ci illər üzrə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmadığına görə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İsmayıllı rayon X13 Hüquqi Şəxsi tərəfindən verilmiş 6-47-3-2022-92 nömrəli 14 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İsmayıllı rayon Cülyan kənd sakini xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi atası 1907-ci il təvəllüdlü X15 1955-ci il tarixdə vəfat etmişdir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına vəfat etməsi barədə müraciət etmədiyi üçün Ərizəçi ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. Məhkəmədə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən olundu ki, ərizəçinin atası X3 rayonun Cülyan kəndində yaşamışdır. Ərizəçi ərizəsində və izahatında, şahidlər isə ifadələrində ərizəçinin atası X9 21 iyun 1955-ci il tarixdə xəstəlikdən vəfat etdiyini və onun İsmayılllı rayonun Cülyan kənd qəbristanlığında dəfn olunduğunu göstərirlər. Həmin vaxt ərizəçi körpə olmuşdur. Qəhriman Dadaşovun ölümü həmin vaxt məlum olmayan səbəblərdən qeydə alınmamış, sonuncunun ölümü haqqında tibbi şəhadətnamə olmadığına görə Maraqlı şəxs ölümü qeydə almaqdan imtina etmiş və bununla əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. Ölüm haqqında şəhadətnamə olmadığından ərizəçi və digər bacı-qardaşları vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmirlər. Ərizəçinin X9 ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X9 21 iyun 1955-ci il tarixdə İsmayıllı rayonun Cülyan kəndində vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin ölüm haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X16 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu yer İsmayıllı rayonun Zanqı kəndi, daimi yaşadığı yer İsmayıllı rayonun Cülyan kəndi, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı rayonun Cülyan kəndi, ölüm tarixi 21 iyun 1955-ci il, ölümün səbəbi “xəstəlik” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X9 21 iyun 1955-ci il tarixdə İsmayıllı rayonun Cülyan kəndində ölməsi faktı müəyyən edilsin. X16 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu yer İsmayıllı rayonun Zanqı kəndi, daimi yaşadığı yer İsmayıllı rayonun Cülyan kəndi, milliyyəti azərbaycanlı, ölüm yeri İsmayıllı rayonun Cülyan kəndi, ölüm tarixi 21 iyun 1955-ci il, ölümün səbəbi “xəstəlik” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar