Məhkəmə qərarları › İş №2(037)-89/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-89/2023

13.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-89/2023 13.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əkin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 13 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində **********00 və Daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində **********20 reyestr nömrələri ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışlara əsasən İsmayıllı rayonu,Quşencə kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.492 və 0.985 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin boşaldılması və Cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ona məxsus torpaq sahələrini zəbt edərək mülkiyyət hüququnu pozmuşdur. Belə ki, o, həmin torpaq sahələrini X7 notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən satın almış və hər iki torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh isə həmin torpaq sahələrinin ona məxsus olduğunu bildirərək, onu mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə qoymur. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasında iştirak etməmiş, teleqram ilə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, 2011-ci ildə məhkəmənin qərarı ilə onunla keçmiş arvadı X4 arasında torpaq sahələri bölünmüş və onun adına 0,05 ha həyətyanı və 0,492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair çıxarışlar verilmişdir. Bu vaxta qədər həmin torpaq sahəsindən fasiləsiz və etirazsız olaraq istifadə etmişdir. O, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Odur ki, izahatında göstərdiklərini nəzərə alaraq, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-085A Kod 40717018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında Cavabdeh Şamo oğlu, X4, X10 və X5 məxsusdur. İşdə olan JN-0156 Kod 40717005 saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında Cavabdeh Şamo oğlu, X4, X10 və X5 məxsusdur. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında paylı mülkiyyətdə olan torpaq sahələri naturada bölünmüşdür. İşdə olan Seriya RX ******* saylı, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, İsmayıllı rayonu,Quşencə kəndi ərazisində yerləşən 0,985 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. İşdə olan Seriya RX ******* saylı, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, İsmayıllı rayonu, Quşencə kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İşdə olan Seriya RX ******* saylı, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, İsmayıllı rayonu,Quşencə kəndi ərazisində yerləşən 0,492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İşdə olan əmlakın qiymətləndirilməsi barədə xx.xx.2015-ci il tarixli hesabatdan görünür ki, İsmayıllı rayonu,Quşencə kəndində yerləşən 0,05 ha torpaq sahəsi 2500 manat,0,49 ha torpaq sahəsi isə 700 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Seriya RX ******* saylı,xx.xx.2017-ci il tarixli,********** qeydiyyat nömrəli,**********00 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, İsmayıllı rayonu, Quşencə kəndi ərazisində yerləşən 0,492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X6 məxsusdur. İşdə olan Seriya RX ******* saylı,xx.xx.2017-ci il tarixli,********** qeydiyyat nömrəli,**********03 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, İsmayıllı rayonu, Quşencə kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X6 məxsusdur. İşdə olan AN-1 ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 və X1 rayonu Quşencə kəndində yerləşən, ümumi sahəsi 0,985 ha torpaq sahəsini birgə mülkiyyət üzrə İddiaçı satmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli,********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki,İsmayıllı rayonu,Quşencə kəndi ərazisində yerləşən 0,985 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İşdə olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********000 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, İsmayıllı rayonu, Quşencə kəndi ərazisində yerləşən 0,492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki,AİK-nın qərarları ilə Cavabdeh Şamo oğlu, X4, X10 və X3 ümumi birgə mülkiyyətinə İsmayıllı rayonu Quşencə kəndi ərazisində 0,20 ha həyətyanı və 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmiş,sözügedən torpaq sahələri məhkəmənin qərarı ilə naturada bölünmüş, Cavabdeh və Qarayeva Natəvanın adlarına ayrı-ayrılıqda çıxarışlar verilmişdir. Cavabdeh məxsus 0,05 ha həyətyanı və 0,492 kənd təsərrüfatlı torpaq sahələri 3200 manat dəyərində qiymətləndirilərək Cavabdeh yığılmış aliment borcu əvəzinə Qarayeva Natəvana təklif edilmiş və məhz bundan sonra sözügedən torpaq sahələrinə dair Qarayeva Natəvanın adına Çıxarış verilməklə rəsmiləşdirilmişdir. Natəvan Qarayeva isə öz növbəsində ona məxsus torpaq sahələrini hazırkı tələb üzrə iddiaçı olan İddiaçı notarial qaydada satmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuların nəticəsi olaraq hazırda Cavabdeh adına torpaq sahəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının sözügedən torpaq sahələrindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər Cavabdeh münasibətdə məcmu halında mövcuddur.Belə ki,iddiaçının mübahisəli torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahələri cavabdehin istifadəsində və sahibliyindədir.Cavabdehin həmin torpaq sahələri üzərində heç bir hüququ qeydiyyata alınmamışdır.Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində **********00 və Daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində **********20 reyestr nömrələri ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışlara əsasən İsmayıllı rayonu,Quşencə kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.492 və 0.985 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh çıxarılaraq torpaq sahələri boşaldılmalı və onun tərəfindən edilən maneçiliklərə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində **********00 və Daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində **********20 reyestr nömrələri ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışlara əsasən İsmayıllı rayonu,Quşencə kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.492 və 0.985 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh çıxarılaraq torpaq sahələri boşaldılsın və onun tərəfindən edilən maneçiliklərə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar