Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-909/2021 29.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı/cavabdeh “X7” MMC-nin cavabdeh/iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 9 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbi barədə iddiası, cavabdeh/iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 cavabdeh/iddiaçı “X7” MMC, cavabdeh X13 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 9 saylı Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə vurulumuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə 29 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı/cavabdeh “X7” MMC iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən **********08 reyestr və ********** nömrəli qeydin ləğv edilməsi və həmin qeydin əsasında daşınmaz əmlakın dövlət reyestrində 06 aprel 2021-ci il tarixdə qeydə alınaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 adına birgə mülkiyyət hüququ əsasında verilmiş **********09 reyestr və ********** nömrəli qeydin ləğv edilməsi və həmin qeydin əsasında verilmiş 06 aprel 2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh/iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı/cavabdeh “X7” MMC-nin İsmayıllı rayon AİK-nın 22 aprel 1998-ci il tarixli 45 saylı qərarı ilə onlara JN-559 kod 40705018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə ümumilikdə 2,49 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin alğı-satqısı ilə bağlı İsmayıllı rayon Notariat kontorunda 11.03.2005-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçı/cavabdeh “X7” MMC-dən ötən dövr ərzində onlara dəyən maddi ziyana görə 8.500 manat, mənəvi ziyana görə 10.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat, ümumilikdə 18,530,40 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı/cavabdeh “X7” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Hacıhətəmli kənd sakini olan Cavabdeh1 və ailə üzvlərinə İsmayıllı rayon AİK-nın 22 aprel 1998-ci il tarixli, 45 saylı qərarına əsasən 11 oktyabr 1999-cu il tarixdə verilmiş JN-559 kod 40705018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında məxsus olan 2,49 ha pay torpaq sahəsini İsmayıllı rayon Dövlət Notariat kontorunda 11 mart 2005ci il tarixli, 4Ə-1-113 sayı ilə qeyd edilmiş alğı-satqı müqaviləsinə əsasən “X7” MMC-yə satılmışdır. Həmin vaxtdan hal-hazıradək sözügedən torpaq sahəsi “X7” MMC-nin qanunu istifadəsində və sahibliyindədir. Lakin müəyyən texniki səbəblərdən alğı-satqı müqaviləsi üzrə şirkətin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu fürsətdən istifadə edən cavabdehlər qanunsuz yolla özlərinə məxsus torpaq sahəsinə dair adlarına ümumi birgə mülkiyyət hüququna dair yeni mülkiyyət sənədi, reyestr nömrəsi **********31 və qeydiyyat nömrəsi ********** olan 24 fevral 2021-ci il tarixli Çıxarış almışlar. Həmin Çıxarış qanunsuz və əsassızdır və alındığı vaxtdan etibarsızdır. Məhkəmə iclasında iddiaçı/cavabdeh “X6” MMC-nin nümayəndəsi X1, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sözügedən torpaq sahəsinə dair alğı-satqı müqaviləsi 2005-ci il tarixdə bağlanmış, həmin vaxtdan torpaq sahəsi şirkətin qanuni sahibliyində və istifadəsindədir. Ötən 16 il ərzində cavabdehlər alğı-satqı müqaviləsi ilə razılaşaraq, həmin müqavilənin etibarsızlığı barədə hər hansı bir iddia qaldırmamışlar, çünki alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. Eyni zamanda cavabdehlər əgər hüquqlarının pozulduğunu iddia edirlərsə onlar bu halı 16 il öncə bilirdilər və ya bilməli idilər. Çünki cavabdehlər həmin kənddə yaşamaqla satdıqları torpaq sahələrini mütəmadi olaraq görür və müşahidə edirlər. Əgər hər hansı bir narazılıqları olsa idi 16 il ərzində müraciət olunardı. Hesab edir ki, cavabdehlər müqavilənin etibarsızlığı ilə bağlı iddia müddətini ötürmüşlər. Ona görə də cavabdeh/iddiaçıların tələbi əsassız olduğundan rədd edilməli, hazırkı iddia tələbi isə təmin edilməlidir. Məhkəmə iclasında cavabdeh/iddiaçı Cavabdeh1 iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək göstərdi ki, ona və ailə üzvlərinə İsmayıllı rayon AİK-nın 22 aprel 1998-ci il tarixli, 45 saylı qərarına əsasən 11 oktyabr 1999-cu il tarixdə verilmiş JN-559 kod 40705018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında 2.49 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 2004-cü ildə qızı Rəvanəyə toy şənliyi keçirmək üçün onun mərhum həyat yoldaşı borc olaraq 2000 manat pul almış və Dövlət Aktını onlara vermişdir. Həmin tarixdən sözügedən torpaq Qubatov İzzətin sahibliyində və istifadəsində olmuşdur. Onlar heç vaxt alğı-satqı müqaviləsi bağlamışdır və həmin müqavilədəki imzalar onlara məxsus deyil. Dövlət aktı məhz aldıqları 2000 manat borc müqabilində verilmişdir.Ona görə də həmin alğı-satqı müqaviləsi ləğv edilməli və iddiaçı/cavabdeh tərəfindən 2004-cü il tarixdən hazırkı vaxtadək onlara məxsus torpaq sahəsindən istifadə etdiklərinə görə onlara dəyən maddi ziyana görə 8.500 manat, mənəvi ziyana görə 10.000 manat pul alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh/iddiaçılar Cavabdeh2 və Cavabdeh4 eyni məzmunlu ifadə verərək ilkin iddianın rədd, qarşılqlı iddianın isə təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X13 göstərdi ki, sözügedən torpaq sahəsinə dair müqavilə bağlanan vaxt o İsmayıllı rayonu Hacıhətəmli kəndində komissiya sədri vəzifəsində işləmiş, həmin dövrdə kənd sakini Cavabdeh1lə yanaşı kəndin yüzdən çox sakini də onlara məxsus torpaq sahələrini “X7” MMC-yə satmışlar. Həmin tarixdə şirkətlə kənd sakinləri arasında alğı-satqı müqavilələri bağlanmış, lakin torpaq sahələrinin hansı məbləğdə satılmasını xatırlamır. Mübahisəli torpaq sahəsi Cavabdeh1 və ailə üzvlərindən onun iştirakı ilə alınmışdır. Sabir adlı şəxsin bu işə heç bir aidiyyatı olmamışdır. Torpaq sahələri satıldıqdan sonra şirkət həmin sahələrin məhsuldarlığının yoxlanılması barədə müayinələr aparmış və torpaq sahələrinin əksər hissələrində üzüm bağları salınmışdır. Bildirmək istəyir ki, Cavabdeh1 və onun ailə üzvlərinə məxsus torpaq sahəsi onlar tərəfindən alğı-satqı müqaviləsi əsasında satılmışdır. Cavabdeh/iddiaçı Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh/iddiaçı Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 9 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş, JN-559 Kod 40705018 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayonu Hacıhətəmli kənd sakini olan Cavabdeh1 və ailə üzvlərinə İsmayıllı rayon AİK-nın 22 aprel 1998-ci il tarixli, 45 saylı qərarına əsasən 11 oktyabr 1999-cu il tarixdə verilmiş JN-559 kod 40705018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında 2.49 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Dövlət Notariat kontorunun 11 mart 2005-ci il tarixli, 4Ə-1-113 saylı alğı-satqı müqaviləsin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 (əslində Cavabdeh1) adından etibarnamə əsasında çıxış edən satıcı X9 ilə alıcı “X7” MMC-nin direktoru X2 arasında X4 (əslində Cavabdeh1) qızı və ailə üzvləri Cavabdeh3, Beybutov Rumlan (Ruslan) Rafiq oğlu və X3 İsmayıllı rayon AİK-nın 22 aprel 1998-ci il tarixli, 45 saylı qərarına əsasən 11 oktyabr 1999-cu il tarixdə verilmiş JN-559 kod 40705018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında məxsus olan 2,49 ha pay torpaq sahəsinə dair İsmayıllı rayon Dövlət Notariat kontorunda 11 mart 2005-ci il tarixli, 4Ə-1-113 sayı ilə qeyd edilmiş alğı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesrtindən verilmiş, 24.02.2021-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Hacıhətəmli kəndində yerləşən 2.4929 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 159 reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesrtindən verilmiş, 06.04.2021-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Hacıhətəmli kəndində yerləşən 1.8697 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında Cavabdeh2, Cavabdeh1, və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 161 reyestr kitabının 09 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesrtindən verilmiş, 06.04.2021-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Hacıhətəmli kəndində yerləşən 0.6232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə işə əlavə edilmiş sübutları, işdə iştirak edən şəxslərin izahatları, eləcə də alqı-satqı müqavilələrinin şərtləri ilə müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, cavabdeh/iddiaçılar arasında sözügedən torpaq sahələrinə dair notarial qaydada alğı-satqı müqaviləsi bağlanarkən sözügedən müqavilənin predmeti olmuş torpaq sahəsi üzərində hər hansı yüklülük və ya qadağa olmayıb və bu fakt işin mübahisə olunmayan halıdır. Bundan başqa məhkəmə hüquqi müəyyənlik prinsipi baxımından mübahisəli torpaq sahələrinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin şərtlərini təfsir edərək qeyd edir ki, torpaq sahələrinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi, X4 (əslində Cavabdeh1) adından etibarnamə əsasında çıxış edən satıcı X9 ilə alıcı “X7” MMC-nin direktoru X2 arasında X4 (əslində Cavabdeh1) qızı və ailə üzvləri Cavabdeh3, Beybutov Rumlan (Ruslan) Rafiq oğlu və X3 İsmayıllı rayon AİK-nın 22 aprel 1998-ci il tarixli, 45 saylı qərarına əsasən 11 oktyabr 1999-cu il tarixdə verilmiş JN-559 kod 40705018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında məxsus olan 2,49 ha pay torpaq sahəsinə dair İsmayıllı rayon Dövlət Notariat kontorunda 11 mart 2005-ci il tarixli, 4Ə-1-113 sayı ilə qeyd edilmiş alğısatqı müqaviləsi bağlanmışdır. Cavabdeh/iddiaçılar həmin müqavilənin bağlanması üçün verilmiş etibarnamədəki imzaların onlar tərəfindən icra edilmədiyini, ümumiyyətlə onlara məxsus torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmadığını, Dövlət aktının aldıqları 2000 manat borc müqabilində sonradan qaytarılmaq şərti ilə Sabir adlı şəxsə verildiyini, bu səbəbdən də İsmayıllı rayon Dövlət Notariat kontorunda 11 mart 2005-ci il tarixli, 4Ə-1-113 sayı ilə qeyd edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini bildirmişlər. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və sair) Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Bu baxımdan hər hansı əqdin (o, cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Eləcə də, Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Həmin Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki,aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, qeyd edir ki, mübahisəli torpaq sahələrinə dair sözügedən alqı-satqı müqaviləsi lazımi subyektlərin, yəni səlahiyyətli şəxslərin iştirakları ilə bağlandığından və alqı-satqı müqavilələri onlar arasında olan iradə və onun bildirilməsi vahidliyinin mövcudluğuna əsaslanmış və qanunvericiliyin tələb etdiyi formada və məzmunda bağlanmışdır. Göründüyü kimi cavabdeh/iddiaçılar özlərinə məxsus torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlamaqla artıq iradələrini ifadə etmişlər. Belə ki,cavabdeh/iddiaçıların mübahisələndirdiyi torpaq sahələrinə dair tərəflər arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən, həmin torpaq sahələri üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır. Mübahisə olunan müqavilə bağlanarkən müqavilə üzrə tərəflər azad surətdə öz iradələrini ifadə etmiş və onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmiş, notarius tərəfindən onlara hüquq və vəzifələri izah olunmuşdur. Lakin “X7” MMC həmin alğı-satqı müqaviləsini daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim edərək, sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarını rəsmiləşdirməmişlər. Belə olan halda cavabdeh/iddiaçılar hüquqdan sui-istifadə edərək özlərinə məxsus torpaq sahəsinə dair adlarına ümumi birgə mülkiyyət hüququna dair yeni mülkiyyət sənədi, reyestr nömrəsi **********31 və qeydiyyat nömrəsi ********** olan 24 fevral 2021-ci il tarixli çıxarış almışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-cı maddəsinə əsaəsn fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1.qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2.şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3.müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsaəsn öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. İstinad olunan maddi hüquq normalarının əsas dispozitiv şərtləri baxımından işin faktiki hallarına yanaşaraq məhkəmə qeyd edir ki, iddiaçı/cavabdehin sözügedən alğısatqı müqaviləsini dövlət reyestri xidmətində qeydiyyata aldırmaması, cavabdeh/iddiaçılar tərəfindən artıq bir dəfə iradə ifadələrini bildirdikləri torpaq sahəsinə dair yeni çıxarışın alınmasına əsas verməməklə, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcı olan iddiaçı/cavabdehin torpaq sahələri üzərində hüququnun pozulması və ya məhdudlaşdırılması ilə nəticələnə bilməz. Əksi mülki dövriyyə iştirakçıları arasında güvəni sarsıtmaqla, əmlakı vicdanlı əldə edənin hüquqlarına və eyni zamanda da mülki dövriyyənin sabitliyinə xələl gətirəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Ona görə də məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ilkin iddia təmin edilməli, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən cavabdeh/iddiaçı Cavabdeh4 adına verilmiş **********08 reyestr və ********** nömrəli qeyd və həmin qeyd əsasında verilmiş 06.04.2021-ci il tarixli və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən cavabdeh/iddiaçı Cavabdeh2 adına verilmiş **********09 reyestr və ********** nömrəli qeyd və həmin qeyd əsasında verilmiş 06.04.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar ləğv edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildiriək qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Qeyd olunan məcəllənin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki, iddiaçının mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, 26 noyabr 2021-ci il tarixli 4/1514 saylı ekspert rəyindən görünür ki, 11 mart 2005-ci il tarixli, 7E-1-318 reyesr nömrəli torpağın alğı-satqı müqaviləsinə dair etibarnamənin 1-ci səhifəsinin aşağı hissəsində “12.Betbutov Q.M.” soyadı qarşısındakı imzanın – Cavabdeh1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəssində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Tədqiqat prosesinin təsviri hissəsində isə tədqiq olunan imza, ekspertizaya təqdim edilmiş, 11 mart 2005-ci il tarixli, 7E-1-318 reyestr nömrəli torpağın alğı-satqı müqaviləsinə dair etibarnamənin 1-ci səhifəsinin aşağı hissəsində “12.Betbutov Q.M.” soyadı qarşısındakı imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzanı Cavabdeh1 imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, həmçinin Cavabdeh1 sərbəst imza nümunəsi (i/v 76-da 18.10.2010-cu il tarixli, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası) ilə eksperimental imza nümunələri arasında fərqin olması müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzanın Cavabdeh1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, həmin imzanın Cavabdeh1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən, İsmayıllı rayonu Hacıhətəmli kənd sakini olan Cavabdeh1 və ailə üzvlərinə İsmayıllı rayon AİK-nın 22 aprel 1998-ci il tarixli, 45 saylı qərarına əsasən 11 oktyabr 1999-cu il tarixdə verilmiş JN-559 kod 40705018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında məxsus olan 2,49 ha pay torpaq sahəsini İsmayıllı rayon Dövlət Notariat kontorunda 11 mart 2005-ci il tarixli, 4Ə-1-113 sayı ilə qeyd edilmiş alğı-satqı müqaviləsindən cavabdeh/iddiaçıların məlumatlı olmuşdur. Belə ki, sözügedən alğı-satqı müqaviləsi 2005-ci il tarixdə bağlanmış və həmin tarixdən iddiaçı/cavabdehin istifadə və sahibliyində olmuşdur. Eyni zamanda cavabdeh/iddiaçılar məhkəmə iclasında X8 vasitəsi ilə iddiaçı/cavabdehdən 2000 manat pul alaraq torpaq şəhadətnaməsini onlara verdiyini, lakin sonradan həmin borcu qaytardıqlarını bildirsələr də, həmin 2000 manat məbləğin borc olaraq alınmasını sübut edə bilməmişlər. Eyni zamanda cavabdeh/iddiaçılar sözügedən alğı-satqı müqaviləsindəki, onlar tərəfindən verilməsi iddia edilən etibarnamədəki imzaların onların olmadığını və nəticədə alğı-satqı müqaviləsinin etibarsız olduğunu bildirmişlər. Məhkəmə hesab edir ki, sözügedən alğı-satqı müqaviləsinə dair etibarnamədəki imzaların tərəflərdən birinə aid olmaması, onlar tərəfindən deyil başqa şəxs və ya şəxslər tərəfindən icra olunması həmin alğı-satqı müqaviləsinin etibarsızlığı üçün əsasdır, lakin qanunvericilik müqavilənin etibarsızlığını irəli sürməyi müəyyən müddətlə məhdudlaşdırmışdır. Həmin müddət “kəsici müddət” olmaqla bir il müəyyən edilmişdir. Yəni tərəf etibarsızlığa əsas olan səbəbi bildiyi və ya bilməli olduğu vaxtdan bir il ərzində irəli sürməzsə o, həmin hüququnu itirir. İş materiallarından və tərəf ifadələrindən də göründüyü kimi, sözügedən alğı-satqı müqaviləsi 2005-ci il tarixdə bağlanmış, həmin müddətdən keçən 16 il ərzində tərəflər müqavilənin etibarsızlığı ilə bağlı hər hansı bir iddia və ya etirazla məhkəməyə və ya aidiyyatı orqanlara müraciət etməmişlər. Göründüyü kimi,cavabdeh/iddiaçılar 13.09.2021-ci il tarixdə, məhz iddiaçı/cavabdehin iddia ərizəsi məhkəməyə müraciətlərindən sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini mübahisələndirmişlər. Mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin 2005-ci ildə bağlandığını nəzərə aldıqda görünür ki, ötən 16 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddət ötürülmüşdür. Əgər mübahisəli alqı-satqı müqaviləsinin etibarsızlığı müəyyən edilmirsə, torpaq sahəsinə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinin də hər hansı bir əhəmiyyəti qalmır. Bu səbəbdən də məhkəmə qeyd edir ki, cavabdeh/iddiaçılar alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmək hüququnu itirdiklərindən, qarşılıqlı iddianın “torpaq sahəsinə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə münasibətdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə dövlət rüsumu barədə tələb olmadığından və qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına verilmiş **********08 reyestr və ********** nömrəli qeyd və həmin qeyd əsasında verilmiş 06.04.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş **********09 reyestr və ********** nömrəli qeyd və həmin qeyd əsasında verilmiş 06.04.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti, X13 və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. İlkin və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-909/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-909/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver