Məhkəmə qərarları › İş №2(037)-939/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-939/2021

05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-939/2021 05.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə Ərizəçi Səmədova (Qəribova) Mələk Akı̇ f qızının İsmayıllı rayon Notarı̇ at Kontoru, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi miras əmlakın qəbul edilməsi hüquq faktının müəyyən edilməsi tələbinə dair mülki işin materiallarına 05 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Səmədova (Qəribova) Mələk Akı̇ f qızı ərizə ilə müraciət edərək mərhum əri X3 18 dekabr 2020-ci ildə ölümü ilə ondan qalmış İsmayıllı şəhəri, K.Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin 0,06 hektar həyətyanı torpağından ibarət əmlaka açılmış mirasın mərhum ərinin vərəsəsi olaraq onun tərəfindən qanun və ya vəsiyyət üzrə vərəsəlik qaydasında faktiki qəbul edilməsi hüquqi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Səmədova (Qəribova) Mələk Akı̇ f qızı tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 14 iyul 2017-ci il tarixdə X6 ilə ailə həyatı qurmuşdur. Onlar birgə nikah dövründə torpaq sahəsi almaqla fərdi yaşayış evi inşa etdirmişlər. Həmin ev və evin yerləşdiyi 0,06 hektar torpaq sahəsi əri Fazil Səmədovun adına qeydə alınmışdır. Əri 18 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etmiş və həmin təsərrüfatı idarə edərək sahiblik etmişdir. O, mərhum ərinin sağlığında onunla birgə yaşamış, təsərrüfatı idarə etmiş, bütün qayğılarını çəkmiş, vəfat etdikdə onun bütün yas xərclərini özü çəkmişdir. Mirasa sahiblik və idarə etdiyini ödədiyi kommunal ödənişlərlə də öz təsdiqini tapır. Bundan əlavə mərhum əri 15 dekabr 2020-ci il tarixdə əlyazma vəsiyyətnamə yazaraq bütün əmlakını ona vəsiyyət etmişdir. Mərhum əri qəflətən vəfat etdiyindən vəsiyyətnaməni qanuni yolla qeydə aldıra bilməmişdir. Mərhumun ərinin ondan əvvəl də başqa arvadları olmuş, onlar və uşaqları üçün başqa yerdə ev tikmişdir. Həmin uşaqların bu evlə heç bir əlaqəsi olmamış, mərhum ərinin dəfn və yas mərasimləri üçün heç bir maddi köməklik göstərməmişlər. Mərhum ərinin uşaqları mirasın açılmasından 6 aydan da artıq vaxt keçdikdən sonra gecə vaxtı qanunsuz olaraq evin qapılarını qıraraq ona zor tətbiq etməklə evə girmişlər. Qeyd etdiklərinə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs3 ərizəçinin tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, ərizəçi atası X6 ailə həyatı qurmuşdur. Atasının ikinci nikahdan övladı olmamışdır. Atası 18 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Ataları sağ ikən o və digər övladları onun bütün qayğılarını çəkmiş, vəfat etdikdə dəfn və hüzr xərclərini ödəmişlər. X2 və X1 Respublikasında yaşadıqlarından dəfn mərasiminə koronovirus xəstəliyi ilə əlaqədar gələ bilməmişlər. Atalarının vəfatından bir neçə gün sonra mirasın qəbulu üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişlər. Lakin həmin təşkilat mirasın qəbulu ilə bağlı mübahisə olduğundan heç bir sənəd verməmişdir. Mübahisə predmeti olan əmlakla bağlı onlar məhkəməyə müraciət etməyə məcbur olmuş və hazırda iş məhkəmənin icraatındadır. Ataları vəfat etdikdən sonra onlar mirası faktiki olaraq qəbul etmiş və həmin təsərrüfatı idarə edərək sahiblik etmişlər. Qeyd etdiklərinə əsasən ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisi və Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə ərizəçi və Maraqlı şəxs3 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, X3 18 dekabr 2020-ci ildə ölümü ilə ondan qalmış İsmayıllı şəhəri, K.Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin 0,06 hektar həyətyanı torpağından ibarət miras əmlak üzərində ərizəçi ilə miras qoyanın övladları arasında hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Ərizəçiyə izah olunur ki, ümumi əsaslarla məhkəməyə iddia vermək hüququ var. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 260, 263-264, 266-268, 306.4-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Səmədova (Qəribova) Mələk Akı̇ f qızının İsmayıllı rayon Notarı̇ at Kontoru, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi miras əmlakın qəbul edilməsi hüquq faktının müəyyən edilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar