Məhkəmə qərarları › İş №2(037)-978/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-978/2021

29.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-978/2021 29.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Fı̇ zuli qızının cavabdehlər Cavabdeh1 Afı̇ q oğlu və Əhmədov Afı̇ q Rasul oğluna qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki işə 29 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Fı̇ zuli qızı (bundan sonra iddiaçı) Əhmədov Afı̇ q Rasul oğlu (bundan sonra birinci cavabdeh) və Cavabdeh1 Afı̇ q oğluna (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək onun 28 iyun 2011-ci il tarixdə doğulmuş Cəsarət və 25 noyabr 2012-ci il tarixdə doğulmuş Fatimə adlı övladları ilə birlikdə cavabdehlərin yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndindəki fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, vəkili işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci cavabdeh və nümayəndəsi işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 21 oktyabr 2010-cu il tarixdə ikinci cavabdehlə rəsmi nikahla ailə qurmuş və sonuncunun valideynlərinə məxsus İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən evə gəlin köçmüşdür. Birgə nikahlarından 28 iyun 2011-ci il tarixdə Cəsarət və 25 noyabr 2012-ci il tarixdə Fatimə adlı övladları doğulmuşdur. O və övladları qeyd olunan evə qeydiyyata alınmışlar. O, həmin fərdi yaşayış evində ikinci cavabdehlə birgə yaşamaqla ümumi təsərrüfatı idarə etmişlər. Halhazırda bütün cehiz əmlakları həmin evdə yerləşir. Cavabdehlər onun valideynlərinə məxsus evə getməyindən sui-istifadə etmiş və onu həmin evə buraxmamışlar. Onun başqa yaşayış yeri olmadığından iki azyaşlı övladları ilə birlikdə müvəqqəti olaraq valideynlərinə məxsus evdə yaşamağa məcbur olmuşlar. O, birgə nikah dövründə qazandıqları vəsait hesabına əsaslı təmir-tikinti işləri apardıqları və istifadə hüququ əldə etdiyi cavabdehlərin yaşadıqları evə köçüb yaşamaq istəyir. O, övladları ilə birlikdə cavabdehlərin yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndindəki fərdi yaşayış evinə köçürülməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 1998-ci ildə İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində xüsusi mülkiyyət hüququ əsasında bir mərtəbəli, iki otaqlı ümumi sahəsi 89,7 kv.metr olan ev tikmişdir. 2010-cu ildə iddiaçı oğlu Cavabdeh1la rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və mülkiyyət hüququ əsasında ona məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı gəlin köçdükdən 20 gün sonra oğlu ilə Bakı şəhərinə köçərək kirayədə qalmışlar. İddiaçı onun ailə üzvü deyil və iddiaçının ona məxsus evə qayıdaraq orada yaşamasına nə özü, nə də oğlu razı deyil. İddiaçının övladları ilə birlikdə ona məxsus fərdi yaşayış evinə köçürülməsi tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Birinci cavabdehin vəkili və nümayəndəsi İslam İsmayılov birinci cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İkinci cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, birinci cavabdeh (atası) ikinci cavabndehin işi ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyini və işə ikinci cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının vəkili işə ikinci cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ikinci cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 09 iyun 1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən 35.7 kv.metr yaşayış sahəsi, 54.0 kv.metr köməkçi sahədən ibarət ümumi sahəsi 89,7 kv.metr olan iki otaqlı fərdi yaşayış evi Cavabdeh2 məxsusdur. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Əhmədova X2 rayonu Qubaxəlilli kəndində qeydiyyatdadır. İsmayıllı rayon İHB-nin Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyinin 02 noyabr 2020ci il tarixli 454, 455 və 456 nömrəli arayışlarından görünür ki, İddiaçı, X3 və X1 rayonu Qubaxəlilli kəndində qeydiyyatdadırlar. İsmayıllı rayon İHB-nin Qubaxəlilli kənd İƏD üzrə nümayəndəliyinin 19 oktyabr 2021ci il tarixli 330 nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh1 21 oktyabr 2010-cu il tarixdə X7 ilə nikah bağlamış və bir neçə gün yaşadıqdan sonra Bakı şəhərinə köçmüşdür. X5 kəndində yaşamayıb və hal-hazırda da yaşamır. Cavabdeh1 və Ruxsara Abasova 17 oktyabr 2018-ci il tarixdə boşanmışlar. Ruxsara Abasova hal-hazırda İsmayıllı rayonunda atası evində yaşayır. Məhkəmə birinci cavabdeh və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 09 iyun 1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən ümumi sahəsi 89,7 kv.metr olan iki otaqlı fərdi yaşayış evi birinci cavabdehin mülkiyyətindədir. İddiaçı ikinci cavabdehlə 2010-cu ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və birgə nikahlarından 2011-ci ildə Cəsarət və 2012-ci ildə Fatimə adlı övladları doğulmuşdur. İddiaçı ikinci cavabdehlə ailə qurduqdan sonra birinci cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı nikaha daxil olduqdan 20 gün sonra ikinci cavabdehlə Bakı şəhərinə köçərək kirayədə yaşamışlar. İddiaçı birinci cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçdüyünü, onun və övladlarının həmin evdə qeydiyyatda olmasını əsas gətirərək övladları ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə köçürülməsini tələb edir. Birinci cavabdeh iddiaçının köçmək istədiyi evin şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olduğunu və iddiaçının onun ailə üzvü olmadığını əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş edir. İkinci cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Tərəflər arasında hüquq münasibətləri 2010-cu ildə yaranmışdır. Mübahisəli ev 1998-ci ildən birinci cavabdehin mülkiyyətindədir. Ona görə də tərəflər arasında yaranmış mübahisənin həlli üçün 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına istinad edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin məzmununa əsasən yaşayış sahəsi mülkiyyətçisinin qardaşı, bacısı, babası, nənəsi, nəvəsi, ögey bacı və qardaşı onun digər qohumları sayılır. İddiaçının övladları ilə birlikdə köçməsini tələb etdiyi fərdi yaşayış evi birinci cavabdehin mülkiyyətindədir. İddiaçı birinci cavabdehin ailə üzvü deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən iddiaçı yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri hesab edilən “digər qohumlar” anlayışına da aid deyil. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Fı̇ zuli qızının cavabdehlər Cavabdeh1 Afı̇ q oğlu və Əhmədov Afı̇ q Rasul oğluna qarşı onun 28 iyun 2011-ci il tarixdə doğulmuş Cəsarət və 25 noyabr 2012-ci il tarixdə doğulmuş Fatimə adlı övladları ilə birlikdə cavabdehlərin yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndindəki fərdi yaşayış evinə köçürlüməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar