Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-19/2023 14.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin sədri X3 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı evinə gələn avtomobil yolunun zəbtdən azad edilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq evinə gələn yolun zəbtdən azad edilməsini tələb etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 1965-ci ildə iddiaçının atası tərəfindən mülkiyyətə götürülmüş torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir və o, həmin evdə yaşayır. Yardımlı rayonu Şəfəqli kəndi ərazisində yerləşən həmin 0.10 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışla onun xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinə onun adına reyestr nömrəsi **********79-10301 olan texniki pasport verilmişdir. Qeyd etdiyi torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəzərdə tutulmuş avtomobillə gediş-gəliş yolu qonşusu, Cavabdeh tərəfindən metal torla çəpərlənərək və darvaza qoyularaq tutulmuşdur. Bir müddət yaxınlıqdan axan çayın içərisindən avtomobillə keçməklə həyətinə getmiş, lakin son vaxtlar çayın suyu həmin ərazini yuyub apardığından həmin yoldan istifadə edə bilmir və avtomobilini kənarda saxlayaraq piyada olaraq həyətinə gedir. Həyətə gedən digər alternativ yol yoxdur. Cavabdeh zəbt etdiyi yola qoyduğu darvazanı götürərsə, yolu açılar və o, həyətyanı torpaq sahəsinə avtomobillə gedib-gələ bilər. Dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, cavabdeh yolu zəbtdən azad etmir. Odur ki, iddia tələbi təmin olunmaqla, Cavabdeh tərəfindən zəbt edilmiş həyətyanı torpaq sahəsinə avtomobillə gediş-gəliş yolunun zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin təşəbbüsü ilə Yardımlı rayon Şəfəqli Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, işi ilə əlaqədar ailəsi ilə birlikdə faktiki Bakı şəhərində yaşasa da, daimi yaşayış yeri Yardımlı rayonu Şəfəqli kəndidir. Bu səbəblə tez-tez evinə gəlib baş çəkir, ailəvi gəlib öz evlərində yaşayırlar. Lakin evlərinə gedən piyada yolu və avtomobil yolu cavabdeh tərəfindən qanunsuz bağlanmışdır. Belə ki, onun avtomobil yolu çay hissədən olsa da, sel yolu yararsız hala saldığına görə, əvəllər həmişə avtomobilini Cavabdeh evinə gedən yolda saxlamış, oradan uzun illər istifadə olunan piyada yolu ilə evinə getmişdir. Lakin cavabdeh 1 ilə yaxındır ki, piyada və avtomobil yolunu bağlamış, avtomobil yoluna dəmir tordan olan darvaza qoymuş, piyada yolunu isə dəmir torla çəpərləmişdir. Bu səbəblə avtomobilini kəndin ümumi yolunun kənarında saxlayıb, digər ərazidən evinə gedir. Beləliklə, ona məxsus evə gediş-gəlişə maneə yaranmışdır. Bu səbəbdən məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, İddiaçı ilə Yardımlı rayonu Şəfəqli kəndində qonşuluqda yaşayır. İddiaçının iddia etdiyi avtomobil yolu Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsi 1980-ci ildən onun istifadəsindədir. İddiaçı evinə görə ayrıca avtomobil yolu vardır. İddiaçı əvvəllər piyada yolu kimi istifadə etməklə onun həyətindən keçərək öz evinə getsə də, təqribən 1 ildən artıqdır ki, İddiaçı özü həmin piyada yoluna dəmir tor çəkmiş və yolu bağlamış, digər ərazidən özünə piyada yolu çəkmiş, avtomobilini həmin piyada yolunun yanında, asfalt yolun kənarında saxlamışdır. Həmin vaxt aralarında heç bir mübahisə olmamışdır. Onun öz evinə gedən yoldan yalnız özü istifadə etdiyinə görə, dəmir torpan hazırlanmış darvazanı asfalt yola yaxın hissədə quraşdırmışdır. Həmin darvazının yerini dəyişdirdikdən sonra İddiaçı etirazını bildirmiş və sökülməsini tələb etmişdir. Bununla bağlı bildirir ki, həmin darvaza dəmir tordan olmaqla, həmişə istənilən şəxs açıb bağlaya bilir, üzərində kilidi yoxdur. İddiaçı da istədiyi vaxt sərbəst darvazanı açıb, irəlidə avtomobilini saxlaya bilər, özünün bağlamış olduğu piyada yolundan istifadə edə bilər. O, buna etiraz etmir. Darvazanın yerini dəyişdirməsində məqsədi həyətyanı sahəsini mühafizə etmək olmuşdur. Hətta yaranmış mübahisədən sonra darvazının yerini 5-6 metr dəyişdirmiş, həmçin ərazidə də İddiaçı avtomobilini sərbəst saxlayıb evinə gedə bilər. Lakin İddiaçı təkidlə darvazanın sökülməsini tələb edir. Hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin sədri X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı iddia etdiyi avtomobil və piyada yolu Şəfəqli Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı həyətinə və evinə oradan heç vaxt avtomobil yolu olmamış, yalnız əvvəllər piyada yolu olmuşdur. Ona ayrılmış maşın yolu çay tərəfdəndir. Təqribən bir il əvvəl İddiaçı həmin piyada yolunu özü məftildən hazırlanmış torla bağlamış və bələdiyyə sədri kimi onun razılığı ilə digər bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində özünə piyada yolu hazırlamışdır. Cavabdeh darvazanın yerini dəyişdikdən sonra İddiaçı məftil torla hazırlanmış qapının (darvazanın) sökülməsini tələb etmişdir. Hal-hazırda Cavabdeh həmin darvazanın yerini 5-6 mertr evi istiqamətində dəyişmiş, İddiaçı oradan istifadə etməsinə maneə yaratmır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, 24 oktyabr 2017-ci il qeydiyyat tarixli çıxarışın və 17 oktyabr 2017-ci il tarixli, **********79-10301 reyestr nömrəli texniki pasportun surətlərindən görünür ki, Yardımlı rayonu Şəfəqli kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 92 kvadratmetrdən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5012 saylı ekspert rəyindən və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir:
1. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına əsasən iddia olunan 0,022 ha və darvaza qoyulmuş yer Yardımlı rayon Şəfəqli bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsidir.
2. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına **********79-10301 reyestr nömrəli Çıxarışın “Texniki Paspotr”unun planına əsasən İddiaçı fərdi yaşayış evinə gediş-gəliş yolu iddia olunan ərazidən nəzərdə tutulmuşdur. Bu gedişgəliş yolunun yerləşmə vəziyyəti rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır.
3. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına və **********79-10301 reyestr nömrəli Çıxarışın “Texniki Paspotr”unun planına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0,022 ha ümumi istifadəli torpaq sahəsi hissəsi Cavabdeh tərəfindən dəmir torla çəpərlənmiş və darvaza qoyulmuş ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.
4. Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə başqa ərazidən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 03 №-li məktubundan görünür ki, İddiaçı iddia etdiyi maşın yolu Şəfəqli Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı həyətinə oradan heç vaxt maşın yolu olmamışdır. Adı çəkilən yoldaşın həyətinə maşın yolu başqa yerdəndir. Məhkəmə tərəfindən mülki işin halları araşdırılarkən mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh məxsus torpaq sahələri qonşudur və bir-birindən dəmir materialdan olan tor çəpər ilə ayrılmışdır. İddiaçının əvvəllər istifadə etdiyi piyada yolunda faktiki olaraq meşə ağacları bitmiş, əvvəllər yalnız piyada yolu kimi istifadə olunmuşdur, hal-hazırda piyada yolu kimi istifadə etmək getmək üçün həmin ağaclardan təmizlənməsi zərurəti vardır, bələdiyyə sədrinin və İddiaçı deməsinə görə ərazi bələdiyyə mülkiyətindədir, lakin İddiaçı icarə müqaviləsi əsasında istifadəsindədir. Həmin yolun (çığırın) bir tərəfi cavabdeh X1 yaşadığı həyət, digər tərəfi isə İddiaçı yaşadığı həyətdir. İddiaçı yaşadığı fərdi yaşayış evinə və torpaq sahəsinə çay yatağı istiqamətindən başqa bir avtomobil yolu vardır, lakin həmin yoldan istifadə olunmur, İddiaçı kəndin içindən keçən asfalt yolun kənarında avtomobilini saxlamaqla, özünün hazırlamış olduğu digər hissədən, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən piyada yolu ilə evinə gedir, həmin piyada yolun faktiki onun istifadəsindədir, dəmir torla əhatə olunmuşdur, kiçik qapı qoyulmaqla ərazi mühafizə olunur. Bundan başqa qeyd edilən avtomobil yolundan və iddiaçının açılmasını tələb etdiyi piyada yolundan başqa iddiaçının yaşadığı həyətlə kənd içərisindən keçən avtomobil yolunu birləşdirən alternativ cığır-piyada yolu vardır. İddiaçı sökülməsini tələb etidiyi darvaza faktiki olara dəmir metaldan olan tordandır, iki laylıdır, heç biri kilidi yoxdur, hündürlüyü təqribən 1,50 metr, eni 3,50 metrdir, istənilən şəxs sərbəst açıb-bağlaya bilir. İddiaçı məhz həmin darvazanın yerləşdiyi ərazini avtomobil yolu kimi etməsi üçün, həmçinin onun əvvəllər piyada yolu kimi istifadə etdiyi yoldan istifadə etməsinə maneə yaratdığı üçün darvazanın sökülməsi ilə yolun zəbtdən azad edilməsini tələb edir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-nin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. MM-nin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. MM-nin 175.3-cü maddəsinə əsasən əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, hazırkı iddia tələbləri üzrə iddiaçı qonşuluq hüququnun həyata keçirilməsinə maneələrin yaradılması qanuni əsasından çıxış edir. Ona görə də mübahisə həmin münaibətlər baxımından həll olunmalıdır. İddiaçı iddiasının əsasları mülkiyyətində olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən zəbt edilməsi, həmin yolun üzərində darvaza qoyulması nəticəsində avtomobil yolunun bağlanmasıdır. Belə olan halda o, hər iki əsas üzrə yolunun bağlanmasını sübuta yetirməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş həyətyanı torpaq sahəsinə gedən yolun zəbtdən azad edilməsi tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması, yəni ümumi istifadədə olan yol baxımından darvazanı həmin yerdə quraşdırmaqla cavabdeh tərəfindən onun mənafeyinə toxunulması məsələsi araşdırılmalıdır. İddianın sübuta yetməsi və subyektiv hüquqla bağlı məhkəmə qeyd edir: -Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, mübahisəli yol Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsidir. İşin faktiki halları ilə, eləcə də yerində baxış və bələdiyyə sədrinin izahatı ilə məlum olmuşdur ki, İddiaçı təqribən 1 il əvvəl könüllü olaraq əvvəllər piyada yolu kimi istifadə etdiyi yola dəmir tor çəkməklə yolu bağlamış, həmin ərazidən gediş-gəliş əlaqəsini kəsmiş, kənd asfalt yoluna yaxın daha rahat ərazidən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində evinə getmək üçün torpaq səthində pilləkənlər hazırlamaqla piyada yolu düzəltmiş, giriş hissəyə kiçik qapı qoymaqla ərazinin mühafizəsini təmin etmişdir. -Bundan başqa dəmir tordan olan darvazanın faktiki vəziyyətinə və Cavabdeh mövqeyinə görə İddiaçı sərbəst şəkildə darvazanı açaraq həmin yolda avtomobil saxlaması və əvvəllər istifadə etdiyi piyada yoluna daxil olması mümkündür. Bu hərəkətin icra olunması üçün darvazanın mütləq sökülməsi zərurəti yoxdur. Qeyd edilən hər iki hal ilə aşkar müəyyən olunur ki, iddiaçının heç bir hüquq və mənafeyi pozulmur, Cavabdeh məhz İddiaçı yolunu bağlamaq məqsədi ilə darvazanı quraşdırmamış, əksinə iddiaçı könüllü olaraq özü üçün yeni yol hazırladıqdan sonra həyətinə gedən yolun giriş hissəsinə dəmir tordan hazırlanmış darvaza qoymuşdur.Tərəflər arasında bir il əvvəl razılıq olmuş və hazırda tərəflərin istifadəsində olan yollar onların özü tərəfindən aralarındakı razılaşmaya uyğun olaraq müəyyənləşdirilmişdir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli yol Şəfəqli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Bu halda məhkəmə hesab edir ki, hüquq və mənafeyinə toxunmadığı üçün iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, məhkəmə tikinti-texniki ekspertiza rəyi və mütəxəssis rəyinə hüquqi qiymət verərək qeyd edir ki, rəylərdə İddiaçı tərəfindən mübahisələndirilən yolun iddiaçının fərdi yaşayış evinə yeganə gediş-gəliş yolu kimi nəzərdə tutulması qeyd edilsə də, işin halları, tərəflərin izahatları və məhkəmə tərəfindən keçirilmiş yerli baxış əsasında rəydə qeyd edilən hallar öz hüquqi təsdiqini tapmamış, cavabdeh tərəfindən iddiaçıya hər hansı maneələr yaradıldığı müəyyən edilməmiş, iddiaçının fərdi yaşayış evinə avtomobil yolunun əslində çay yatağı hissədən olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə, iş üzrə alınmış mütəxəssis və ekspert rəylərini mötəbər hesab etməmiş və sübut kimi qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, izahatlarla, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı zəbt edilmiş həyətyanı torpaq sahəsinə gedən yolun zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ekspertiza xərci 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X2 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.
Hakim: Habil Bəhmənov