Məhkəmə qərarları › İş №2(038)-43/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-43/2024

04.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-43/2024 04.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, iddiaçı Yardımlı Rayon Horavar Bələdiyyəsinin sədri X2, Cavabdeh iştirakı ilə, iddiaçı Yardımlı Rayon Horavar Bələdiyyəsinin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və yolun açılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı Yardımlı Rayon Horavar Bələdiyyəsi Cavabdeh zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yardımlı Rayonu Horavar kənd sakini Hüseynov X1 Rayonu Horavar Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və həmin ərazidən keçən yolu bağlamışdır. Bu da kənd sakinlərinin əsaslı narazılığına səbəb olmuşdur. Zəbt edilmiş torpaq sahəsinin boşaldılması və yolun açılması barədə dəfələrlə Cavabdeh rəsmi və şifahi bildirilsə də cavabdeh torpaq sahəsini zəbtdən azad etməməklə yolu açmamışdır. Cavabdehin qanuna zidd hərəkətləri barədə aidiyyəti orqanlara, o cümlədən Yardımlı Rayon Polis Şöbəsinə müraciət edilmişdir. 02 noyabr 2023-cü il tarixdə Yardımlı Rayon İHB-nın, Yardımlı Rayon İHB-nın Horavar İnzibati Ərazi dairəsi üzrə üzrə nümayəndəsinin, ƏMDX-nin Cəlilabad Ərazi Şöbəsinin və Yardımlı RPŞ-nin əməkdaşlarının iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh 32B/0,08 ha torpaq sahəsi ilə 32 A-0,54 ha torpaq sahələri arasında olan kənd arası yolu 2 yerdən, giriş hissədə dəmir darvaza qoyaraq kəsmiş, yerin orta hissəsindən isə tikanlı məftillə yolu kəsərək zəbt etmişdir. Bu barədə həmin tarixdə akt tərtib edilmişdir. Bundan sonra Horavar Bələdiyyəsində 03 noyabr 2023-cü il tarixdə iclas keçilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmək barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı Yardımlı Rayon Horavar Bələdiyyəsinin sədri X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddinı qəbul etməyib, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Torpağın mülkiyyət hüququna dair JN-032C KOD 80412018 dövlət aktının surətindən görünürki ki, Yardımlı rayonu Horavar kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi X3 və ailə üzvü Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətindədir. Torpağın mülkiyyət hüququna dair JN-032B KOD 80412018 dövlət aktının surətindən görünürki ki, Yardımlı rayonu Horavar kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi X3 və ailə üzvü Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki,Cavabdeh torpaq islahatı aparılan zaman həyətyanı sahəsinə JN 032A/0,54 ha; JN 32B/0,08 ha; JN32C/ 0,12 ha şəhadətnamələri ilə 0,74 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Vətəndan Cavabdeh 32B/0,08 ha torpaq sahəsi ilə 032A/0,54 ha tprpaq sahəsi arasında olan kəndarası yolu iki yerdən: giriş hissədə dəmir darvaza qoyaraq, yerin orta hissəsindən isə tikanlı məftillə kəsərək zəbt etmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Horavar kənd sakini Cavabdeh RİHB-nin qəbulunda olmuş və bildirmişdir ki, onun həyatyanı sahəsində olan 0,12 ha torpaq sahəsinə bitişik olan yolu yerinin əskik olması səbəbindən kəsmişdir. Araşdıra zamanı ona verilmiş 0,12 ha torpaq sahəsi ölçüllərək müəyyən olundu ki, həmin torpaq sahəsi faktiki olaraq 0,12 ha-dır, əskik sahə yoxdur və o yerə bitişik olan yolu qanunsuz olaraq dəmir barmaqlıqlıarla hasara salıb zəbt edərək kəsmişdir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş rəydən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən mübahisəli gediş-gəliş yolunun Yardımlı Rayon Horavar Bələdiyyəsinə aid olduğu, həmçinin TEKUlS-də həmin yolun ümumi istifadədə olan yol kimi göstərildiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən Yardımlı Rayon Horavar Bələdiyyəsinə aid olan mübahisəli gediş-gəliş yolunu bağlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/3474 №-li, 21 may 2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin Yerquruluşunun təşkili üzrə mühəndisi Seyfulla Abdullayevin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3- 44/2-1965/2024 saylı mütəxəssis rəyində torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən mübahisəli gediş-gəliş yolunun Yardımlı Rayon Horavar Bələdiyyəsinə aid olduğu, həmçinin TEKUlS-də həmin yolun ümumi istifadədə olan yol kimi göstərildiyi qeyd edilmişdir. Mütəxəssis rəyinə əsasən, iş üzrə Cavabdeh tərəfindən Yardımlı Rayon Horavar Bələdiyyəsinə aid olan mübahisəli gediş-gəliş yolunun bağlandığı qeyd olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. ƏSASLANDİRİCİ HİSSƏ: Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının tələbindən görünür ki, qanunla iddiaçının mülkiyyətinə verilmiş gediş gəliş yolunun cavabdehin qanunsuz istifadəsindən azad edilməsi və həmin yolun boşaldılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzası, 47-ci maddəsinin 3-cü bəndi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzasında qeyd olunur ki, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid torpaqlar hesab olunur. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndində göstərilir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur:

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı – bələdiyyənin ümumi istifadədə yolların üzərinə mülkiyyət hüququnun olması qanunla müəyyən olunur (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndi və 47-ci maddəsinin 3-cü bəndi)

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/3474 №-li, 21 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, iddiaçı Yardımlı rayonu, Horavar bələdiyyəsinə aid olan gediş-gəlişyolunu bağlamışdır.

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/3474 №-li, 21 may 2024-cü il tarixli rəyi ilə iddiaçı Yardımlı rayonu, Horavar bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi Cavabdeh sahibliyindədir.

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – cavabdehin mübahisəli torpaq sahəsini istifadə etməsi qanunla müəyyən edilmiş əsaslarla istifadə etməsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/3474 №-li, 21 may 2024cü il tarixli rəyi ilə mübahisəli gediş-gəliş yolunun Yardımlı rayonu, Horavar bələdiyyəsinə aid olduğu müəyyən edilmişdir. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.

5. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur.

6. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən mövcud olduğundan, qanunla iddiaçının mülkiyyətində olan gediş gəliş yolunun cavabdehin qanunsuz istifadəsindən alınmalı və həmin torpaq sahəsi boşaldılmalıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mərsəfləri ilə əlaqdar məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ:

Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Yardımlı rayonu, Horavar bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi yol Cavabdeh qanunsuz istifadəsindən azad edilməli və həmin gediş gəliş yolu hesab edilən torpaq sahəsi boşaldılmalı, iş üzrə ekspertiza xərci təşkil edən 100 manat Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Yardımlı rayonu Horavar bələdiyyəsinin mükiyyətində olan və Yardımlı rayonu, Horavar kəndində yerləşən (Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş sxemdə göstərilmiş) torpaq sahəsi (gediş gəliş yolu) Cavabdeh qanunsuz istifadəsindən azad edilsin və həmin gediş-gəliş yolu hesab edilən torpaq sahəsi boşaldılsın. İş üzrə ekspertiza xərci təşkil edən 100 manat Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar