Məhkəmə qərarları › İş №2(038)-67/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-67/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-67/2025 11.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övlaları xx.xx.2022-ci il tarixdə doğulmuş X2 və xx.xx.2020ci il tarixdə doğulmuş X3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, , Yardımlı Rayon Məhkəməsinin 2(038)- 532/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə Yardımlı RUHB-nin Porsova inzibati ərazi dairəsi nümayəndəliyində 02 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə doğulmuş X2, xx.xx.2020-ci il tarixdə doğulmuş X1 onun yanında qalmasının müəyyən olunması qət edilmişdir. Belə ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən 85 saylı fərdi yaşayış evinə gəlin köçmüş və onun cehiz əmlakları həmin mənzilə yerləşdirilmişdir. Daha sonra onlar Cavabdeh1 ilə nikah dövründə öz vəsaitləri hesabına həmin fərdi yaşayış evinə artırılma edərək, otaqlar əlavə tikmişlər. Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən 85 saylı fərdi yaşayış evinin sadəcə Qiymətləndirilmə rəyi vardır. Həmin sənədələrdə keçmiş qaynatası Cavabdeh2 adınadır. Həmin həyətdə iki ev var və bir evdə o, həyat yoldaşı və iki azyaşlı övladları yaşayırdı. Digər evdə isə qaynatası. Həmin evin və torpaq sahəsinin Çıxarışı yoxdur. O,hal-hazırda iki azyaşlı övladı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, Quşçuluq massivi, ev 28-də kirayə yaşayırlar. Çətin vəziyyətdədir. Cavabdeh - Cavabdeh1 aliment belə tələb etməmişdir. Ona görə ki, aralarında olan danışığa əsasən o, həmin sənədsiz evdə iki azyaşlı övladları ilə birlikdə yaşayacaqdılar. Lakin onların aralarında olan razılıq pozuldu və o, iki övladı ilə birlikdə çətin və çıxılmaz vəziyyətdə qalmışdır. Ona görə də məcbur olub hazırkı iddia tələbini məhkəməyə ünvanlamışdır. Bu ciddi məsələ ilə bağlı o, ilk əvvəl ünvan 1iət etmişdir. Cavabdehlərin hər ikisi mediasiya təşkilatına dəvət olundu. Cavabdeh1 təklifi qəbul etmədi və Cavabdeh2 isə ümumiyyyətlə mediasiya sessiyasında iştirak etmədi və buna görə də ona xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, izah olunmuşdur ki, bundan sonra məhkəməyə müraciət edə bilər. Digər sənədlər ilə birlikdə həmin arayışı və ödədiyim pulun qəbzini o, iddia ərizəsinə əlavə etmişdir. Düşünür ki, qeyd edilən evdə onun da haqqı vardır. Çünki Cavabdeh1 ilə birlikdə nikah dövründə həmin mənzilin şəraitinin yaxşılaşdırılması və genişlənməsi üçün öz vəsaitləri hesabına xərc çəkmişdir. O, da cavabdehlər ilə birlikdə təsərrüfat aparmış və həmin evin təmiri üçün böyük əziyyət çəkmişdir. Cavabdeh tərəfindən həmin evə buraxılmamağı qanunsuzdur. Ona görə də köçürülmə hüququnun təmin edilməsini və istifadə qaydalarının müəyyən edilməsini məhkəmədən xahiş edir. Çünki cavabdeh bildirir ki, ev yalnız onundur və o yaşaya bilər. Cavabdeh onun da əziyyəti olan evdən onu uzalaşdırmaq və özü tək başına yiyələnmək istəyir. Onun bütün bu ərizədə qeyd etdiklərinəm cavabdeh özüdə şahiddir. Odur ki, qeyd etdiklərinə əsasən , öz hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı Rayon Məhkəməsinin 2(038)-532/2024 №-li, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında 07 aprel 2017-ci il tarixdə Yardımlı RİHB-nin Porsova inzibati ərazi dairəsi nümayəndəliyində 02 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuş, nikah pozulduqdan sonra 01 sentyabr 2022-ci il tarixdə doğulmuş X2, 11 may 2020-ci il tarixdə doğulmuş X1 anaları İddiaçı yanında qalması müəyyən edilmişdir. "xxxx" MMC-nin Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mexkalon 23 ünvanında yerləşən 154 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2004-cü ildə tikilmiş, ümumi sahəsi 48 kv.m, 3 otaqdan ibarətdir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, cavabdehlərin adına daşınmaz əmlakın reyestrində hər hansı fərdi yaşayış evi və yaxud torpaq sahəsi qeydə alınmamışdır. İddiaçının verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən belə müəyyən olunur ki, iddiaçı Cavabdeh1 arasında 07 aprel 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2022-ci il tarixdə X2 və xx.xx.2020-ci il tarixdə X3 doğulmuşdur. İddiaçı nikahdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən 85 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Qeyd edilən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamış və onun tikintisi üçün hər hansı sənədləşmə işi aparılmamışdır, yalnız qiymətləndirmə rəyi mövcud olmuşdur. İddiaçı həmin mənzildə 2024-cü ilə qədər yaşamış, daha sonra övladları ilə birlikdə o evdən çıxmışdır. Hazırda məhkəmə qaydasında həmin evə köçürülməsini və evdən istifadə qaydalarının müəyyən edilməsini tələb edir. Məhkəmə ilk növbədə hazırki halda iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin statusuna qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddiaçının köçmək istədiyi Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən 85 saylı fərdi yaşayış evinin lazımi icazələr almadan tikintildiyindən və ya buna dair hər hansı sübut təqdim edilmədiyindən qanunsuz tikili hesab olunur. Məhkəmə iddiaçının Abşeron Rayonu Xırdalan şəhəri,MD-23 qəsəbəsində yerləşən 85 saylı fərdi yaşayış evinə öz uşağı ilə birlikdə köçürülməli olması hissəsinə qiymət verərək, aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan hüquq münasibətləri 2017-ci ildə yarandığından və mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından tərəflər arasında mövcud olan mübahisə 2017-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, 01 oktyabr 2009-cu il tarixədən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından hesab edir ki, iddiaçının o mübahisəli mənzilə köçürülmə hüququ o halda təmin edilə bilər ki, onun mülkiyətçi ilə razılaşması olsun. Lakin iddiaçı Cavabdeh1 ilə birgə nikaha daxil olduqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən 85 saylı fərdi yaşayış evinə köçməsi, həmin evdə cehiz əşyalarının olması, həmin yaşayış evinə cavabdehlə birgə yaxşılaşdırmaların edilməsini, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində iki fərdi yaşayış evinin olmasını bildirsə də bunu təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddia ərizəsinə yalnız qiymətləndirmə rəyi əlavə etməklə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual hüquq norası sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlarla obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə müəyyən edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddianın əsaslılığını təsdiq edən sübutları təqdim etmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «azyaşlı övlaları xx.xx.2022-ci il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci il tarixdə doğulmuş X3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməsi» barədə iddiası rədd olunmalı, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 50(əlli) manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216, 220, 227, 230 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «azyaşlı övlaları xx.xx.2022-ci il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci il tarixdə doğulmuş X3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməsi» barədə iddiası rədd olunsun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 50(əlli) manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar