Məhkəmə qərarları › İş №2(039)-100/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-100/2025

04.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-100/2025 04.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə işə 04 fevral 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladı, 06 mart 2009-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, onun yetkinlik yaşına çatmamış 06 mart 2009-cu il təvəllüdlü X7 ilə birlikdə Yevlax şəhəri, Ə.Bayramov küçəsi 41 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməkləri, tərəfindən ödənilməklə məhkəmə xərci təşkil edən 50 manat dövlət rüsumu məbləğinin və 50 manat mediasiya rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddia ərizəsində Cavabdeh1 cavabdeh qismində iki dəfə göstərilsə də, ikinci cavabdeh kimi X8 nəzərdə tutulduğunu və hazırda tələbin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı yönəldiyini bildirmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, onun yetkinlik yaşına çatmamış 06 mart 2009-cu il təvəllüdlü X7 ilə birlikdə Yevlax şəhəri, Ə.Bayramov küçəsi 41 ünvanında ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində daxil olan həyətyanı torpaq sahəsində yerləşən ikinci yaşayış sahəsinə (fərdi yaşayış evinə) köçürülməklərinin təmin edilməsi, məhkəmə məsrəflərini təşkil edən 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada alınaraq onun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində qeyd edilənləri göstərərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Yevlax şəhəri Ə.Bayramov küçəsi 0.0413 ha torpaq sahəsində yerləşən 1976/2010-cu illərdə tikilmiş 2 (iki) otaqlı, ümumi sahəsi 91.80 kv.m olan 41 nömrəli fərdi yaşayış evi üzərində X2 İddiaçı, Cavabdeh1, Cavabdeh3nın mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın reyestrində yaşayış evi tam, torpaq sahəsi ümumi birgə olmaqla qeydiyyata alınmışdır. Fərdi yaşayış evi tam olaraq mərhum qaynatası X2 mülkiyyətində olmuşdur. Ailə qurduqdan sonra qaynatısına məxsus evə gəlin köçmüş daha sonra həmin həyətdə keçmiş həyat yoldaşı ilə birgə nikah dövründə inşa etdirdikləri evə köcərək 6 il evdən məcburi çıxarılıb yaşamışlar aralarında olan nikah 2023-cü ildə pozulmuş, hazırda müxtəlif ünvanlarda kirayə yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin əmlakdan istifadə edir və sahiblik hüquqlarını həyata keçirirlər. Hazırda hesab edir ki, İddiaçı və yetkinlik yaşına çatmayan övladının sözügedən mənzilə köçürülməlidir. Cavabdeh1 ona 8 min manat kompensasiya verəcəyini bildirmiş və iddiaçı da bununla razılaşmışdır. Lakin daha sonra Cavabdeh1 məbləğlə bağlı qarşılıqlı razılığa gəlməmiş və fikrindən daşınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə ailəli olmuşlar. İlk vaxt atasına məxsus hazırda sənədi olan evdə yaşamışlar. İddiaçı köçmək istədiyi sənədsiz evin kürsüsü var idi. Birgə nikah dövründə valideynlərinin, qardaşlarının və onun birgə hesabına sənədsiz ev inşa edilmişdir. Həmin evə iddiaçı ilə köçərək 6-7 il yaşamışlar. Hazırda yenidən ailə qurmuş və iddiaçı evə köçməsi mümkün deyil. İddiaçı ilə münasibətləri normal deyil və iddiaçı evə köçürüldüyü təqdirdə mübahisə və münaqişələr olacaqdır. İddiaçıya kompensasiya təklif etmişdir. Lakin məbləğlə bağlı razılığa gəlməmişlər. İddiaçı əvvəlki məhkəmə iclasında izah etmişdir ki, 2004-cü ildə faktiki nikaha girmişlər. 2011-ci ildə nikahları rəsmiləşmişdir. 2015-ci ildən sənədi olmayan evdə yaşamışlar. Ailə münasibətləri pozulduqdan sonra məcbur evdən çıxmışdır. Həmin torpaq sahəsində onun da payı var. Evə köçmək istəyir. Cаvаbdеh Cavabdeh3 əvvəlki məhkəmə iclasında izah etmişdir ki, iddiaçının evə köçrülməsinə razı deyil. Cаvаbdеh Cavabdeh1 vəkili X1 əvvəlki məhkəmə iclasında çıxış edərək iddianın rədd edilməsini xahiş etmişir. Cаvаbdеh Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən Cavabdeh3nın məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsi və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 26 sentyabr 2024-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı istifadə hüququnun tanınması və evə köçürülmə ilə bağlı mediatora müraciət etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəsinin 06 mart 2023-cü il tarixli, 2(039)-90/2023 nömrəli qətnaməsindən məlum olur ki, Cavabdeh1 ilə Əmrahova (Qələndərova) Xəyalə Rafiq qızı arasında Yevlax Rayon Qeydiyyat şöbəsində 2011-ci ilin fevral ayının 10-cu günündə akt qeydləri kitabında 59 nömrə ilə qeydə alınmış nikah pozulması, nikahın pozulmasından sonra xx.xx.2009-cu il təvəllüdlü X4 anası Əmrahova (Qələndərova) Xəyalə Rafiq qızının yanında qalması, xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçı Cavabdeh1 hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Əmrahova (Qələndərova) Xəyalə Rafiq qızına verilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məktubundan məlum olur ki, Yevlax şəhəri, Ə.Bayramov küçəsində 0.0413 ha torpaq sahəsində yerləşən 1976/2010-cu illərdə tikilmiş, 2(iki) otaqlı, ümumi sahəsi 91.80 kv.m olan 41 nömrəli fərdi yaşayış evi üzərində X2 (yaşayış evi tam, torpaq sahəsi ümumi birgə), İddiaçı (torpaq sahəsi ümumi birgə), Cavabdeh1 (torpaq sahəsi ümumi birgə), Cavabdeh3nın (torpaq sahəsi ümumi birgə) mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AZ-İİ № 602243 saylı doğum haqqında şəhadətnaməsindən məlum olur görünür ki, xx.xx.2009-cu il təvəllüdlü olmaqla atası - X7, - anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 sentyabr 2022-ci il tarixli ********** saylı çıxarışdan məlum olur ki, Yevlax şəhəri, Ə.Bayramov küçəsində 0.0413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 91.80 kv.m olan 41 nömrəli fərdi yaşayış evi üzərində X2 (yaşayış evi tam, torpaq sahəsi ümumi birgə), İddiaçı (torpaq sahəsi ümumi birgə), Cavabdeh1 (torpaq sahəsi ümumi birgə), Cavabdeh3nın (torpaq sahəsi ümumi birgə) mülkiyyət hüquqları vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 30 noyabr 1990-cı il tarixli, 28 nömrəli qərardan çıxarışından məlum olur ki, Yevlax şəhərinin Əli Bayramov küçəsində 450 kvm torpaq sahəsində 1 otaqdan ibarət 41 nömrəli ev X2 adına sənədləşdirilmişdir. Beləliklə iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, iddiaçı ilə Cavabdeh1 2004-cü ildə faktiki ailə münasibətlərinə girmişlər və iddiaçı mərhum X3 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2011-ci il tarixdə rəsmi nikah qeydindən keçmişlər. Onların birgə nikahlarından 06 mart 2009-cu il təvəllüdlü X7 adlı bir övladları olmuşdur. Həmin vaxt həmin ünvanda olan tərəflərin birgə mülkiyyətində olan sənədsiz ev inşa edilmişdir. 2015-ci ildə iddiaçı ilə Cavabdeh1 həmin evə köçərək orada 7 il yaşamışlar. İddiaçı ilə Cavabdeh1 arasında olan nikah Yevlax Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(039)-90/2023 saylı qətnaməsi ilə pozulmuş və iddiaçı həmin evdən çıxmışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, onun yetkinlik yaşına çatmamış 06 mart 2009-cu il təvəllüdlü X7 ilə birlikdə Yevlax şəhəri, Ə.Bayramov küçəsi 41 ünvanında ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində daxil olan həyətyanı torpaq sahəsində yerləşən ikinci yaşayış sahəsinə (fərdi yaşayış evinə) köçürülməklərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etmirlər. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 2004-cü il tarixdə ailə qurmuş, 2009-cu il tarixdə bir övladları dünyaya gəlmiş, 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirlmişlər. İddiaçı 2015-ci ildən etibarən, boşanan günə qədər birgə nikah dövründə tikilən evə köçmüşdür. Bundan başqa işin mübahisəsiz halından görünür ki, sözügedən fərdi yaşayış evi sənədsiz olmaqla, altındakı torpaq sahəsi ümumbirgə mülkiyyət hüququ ilə tərəflərə, o cümlədən də iddiaçıya məxsusdur. Həmçinin ev hazırki vəziyyətə tərəflər nikahda olduqları dövrdə çatdırılmış, o cümlədən təmir edilmişdir. Bu halı Cavabdeh1 məhkəmə iclasında izahat verərkən, ailə qurduqda sonra evin inşa edildiyini təsdiq etmişdir. Göründüyü kimi iddiaçının evdən çıxıb getməsi də heç də könüllü deyil, cavabdehlərlə münasibətləri pozulması səbəbindəndir. Aralarında yaranmış narazılığa görə iddiaçı yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə atası evində yaşayır. İddiaçının hazırki yaşayış yeri iradəsindən asılı olmayan səbəbdən atası evidir. Cavabdeh tərəf iddiaçını evə buraxmadığından o hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Beləliklə, oxşar mübahisələrə baxarkən məhkəmələr iddiaçının mübahisəli tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səylərinin olduğunu, ötən dövr ərzində cavabdeh(lər)lə eyni şərtlər daxilində həmin tikilidə yaşadığını və cavabdeh(lər) tərəfindən qadağan edilmiş özbaşınalıq yolu ilə onu tikilidə yaşamasına maneələr yaradıldığını müəyyən edərsə iddianı təmin etməlidir. Eyni zamanda əgər özbaşına tikili ər-arvadın birgə nikahda olduqları dövrdə onlar tərəfindən inşa edilmişdirsə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrində nəzərdə tutulan, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair prezumpsiyaya əsasən onların tikilinin faydalı xassələrindən istifadə etməklə bağlı bərabər imkanları tanınmalıdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı 06 mart 2009-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 3 ünvanında yerləşən ikini (sənədi olmayan) fərdi yaşayış evinə köçürülməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 50 manat ödənilmiş dövlət rüsumu və 50 manat mediasiya xərci, cəmi 100 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz .Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun 3 dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10-cu maddəsinin tələbinə görə Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.11-ci maddəsinin tələbinə görə Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.12-ci maddəsinin tələbinə görə Əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 06 mart 2009-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 3 ünvanında yerləşən ikinci (sənədi olmayan) fərdi yaşayış evinə köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 50 manat ödənilmiş dövlət rüsumu və 50 manat mediasiya xərci, cəmi 100 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar