Məhkəmə qərarları › İş №2(039)-1032/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1032/2022

05.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1032/2022 05.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaqdan çıxarılma və vurulmuş ziyan» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X11 və Cavabdeh2 qarşı «torpaqdan çıxarılma və vurulmuş ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9 və Cavabdeh2 mülkiyyətlərində olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 3.0207 hektar torpaq sahəsinin zəbt etdikləri 0,90 hektar hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X14 əsil Cavabdeh1 ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, onun Yevlax rayonu, Nəmərli kəndində 3.0207 torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin təxminən 0.90 ha hissəsindən hal-hazırda Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq istifadə edir. Dəfələrlə torpaqdan çıxmasını tələb etsə də, Cavabdeh1 və Cavabdeh2 torpaqdan çıxmaqdan imtina edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izah etdi ki, o, öz torpağından istifadə edir. İddiaçının torpağını zəbt etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq Yevlax rayon Qeydiyyat şöbəsinin 03 mart 2022-ci il tarixli 261 saylı arayışından məlum olur ki, X12 19 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-0037 kod 90107028 saylı dövlət aktının surətindən məlum olur ki, X5, İddiaçı, X7 və X10 Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 3.02 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış 29 mart 2022-ci il tarixli **********52 reyestr nömrəli çıxarışından məlum olur ki, Cavabdeh1 Yevlax rayonu, Köyük kəndi ərazisində mülkiyyətində 0.3056 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq 03 mart 2022-ci il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən məlum olur ki, Cavabdeh1 X8, X2, X3, X4 və X6 Yevlax rayonu, Köyük kəndi ərazisində yerləşən 0.3056 hektar torpaq sahəsini almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 08 iyun 2022-ci il tarixli M/21 saylı mütəxəssis rəyindən görünür ki, Yevlax rayonu, Nəmərli kəndində yerləşən İddiaçı və digərlərinin xüsusi mülkiyyətində olan JN-0037 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 3.02 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilərək istifadə edilir. İddiaçı və digərlərinin xüsusi mülkiyyətində olan JN-0037 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 3.02 ha torpaq sahəsinın 0.18 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilərək naturada istifadə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və ailə üzvlərinin torpağa mülkiyyət hüququna dair JN-0037 kod 90107028 saylı dövlət aktına əsasən Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 3.02 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0.18 ha hissəsini Cavabdeh1 faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 3.02 ha torpaq sahəsinin 0.18 ha hissəsindən Cavabdeh1 çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Torpaq sahəsi ilə bağlı müqaisəli tədqiqat mövcud deyil. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rusumu tutularaq iddiaçıya qaytarılmalıdır. İnsan hüquqlarinin və əsas azadlıqlarinin müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı və ailə üzvlərinə məxsus olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 3.02 ha torpaq sahəsinin 0.18 ha hissəsindən Cavabdeh1 çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar