Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1034/2021 30.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun tanınması və evə köçürülməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə məxsus olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və onun azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 31 yanvar 2014-cü ildə el adəti ilə toy edərək ailə qurmuş və həmin vaxtdan da cavabdehlərin Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən evinə gəlin köçərək orada yaşamışdır. Birgə nikahlarından 08 yanvar 2015-ci il təvəllüdlü X7 və 21 iyun 2016-cı il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri çox yaxşı olmuş, həmişə birlikdə mehriban yaşamışlar. Lakin sonradan aralarında olan münasibətlər soyumuş və demək olar ki, teztez mübahisələri olmuşdur. Yevlax Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, hər iki uşaq onun himayəsində saxlanılmış və sonradan hər iki uşağın saxlanılması üçün müvafiq miqdarda aliment kəsilmişdir. Digər cavabdehlər Cavabdeh2 keçmiş qaynatası və Cavabdeh3 isə keçmiş qaynanasıdır. Hazırda o, iki uşaqla çöllərdə qalır, yaşamağa evi yoxdur. Maddi vəziyyəti də olduqca ağırdır. Ona görə də uşaqları ilə birlikdə cavabdehlərə məxsus olan evə köçmək istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddiaçı onun keçmiş gəlinidir. İddiaçı 2014-ci ildə oğlu Rəsulla rəsmi nikaha girməklə ailə qurmuş və onun Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən evinə gəlin köçmüşdür. Bir müddət onun evində yaşadıqdan sonra iddiaçı onunla və qaynanası ilə yola getmədiyi üçün, oğlu Rəsulun evini ayırmaq qərarına gəlmişdir. X9 özünə məxsus olan və Qoyunbinəsi kəndində yerləşən həyətyanı torpaq sahəsini ona bağışlamış və o, 2008-ci ildə həmin torpaq sahəsində başqa oğlu Firdovsi üçün ev tikmişdir. O, Rəsulun ailəsini həmin evə, həmin evdə yaşayan oğlunun ailəsini isə öz yaşadığı evə köçürmüşdür. Bir neçə il Rəsul və onun ailəsi qardaşı Fikrətin torpaq sahəsində yerləşən evdə yaşamış və sonra yola getmədikləri üçün boşanmışlar. Cavabdeh eyni zamanda bildirmişdir ki, iddiaçının köçmək istədiyi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməyib, evin yerləşdiyi torpaq sahəsi isə rəsmi qaydada bağışlanma olmadığı üçün X9in və onun ailə üzvlərinin adına qeydə alınıb. İddia tələbi əsassızdır, qeyd olunan evi o, öz vəsaiti, zəhməti və əziyyəti hesabına tikdirib, iddiaçının həmin evdə heç bir hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2lə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin izahatlarından sonra iddiaçı əlavə olaraq bildirmişdir ki, o, Qoyunbinəsi kəndində yerləşən və keçmiş ərinin əmisinə məxsus torpaq sahəsində yerləşən və cavabdeh (keçmiş qaynatası) Cavabdeh2 tərəfindən tikilmiş yaşayış evinə istifadə hüququnun tanınmasını və köçürülməsini istəyir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli qətnaməsindən görünür ki, X6 ilə İddiaçı arasında 13.01.2014-cü ildə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları 08 yanvar 2015-ci il təvəllüdlü X4 və 21 iyun 2016-cı il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Yevlax rayon Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 2008-ci ildə qardaşı X3 məxsus JN-552A KOD 90100028 olan həyətyanı sahədə iki otaqlı bir mərtəbəli ev tikmişdir. Hal-hazırda işıq-qaz abunəsi Mustafayev Firdovsi Etibar oğlunun adınadadır. İş materiallarında olan JN-552A KOD 90100028 kodlu “torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədən müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 04.07.1998-ci il tarixli, 33 nömrəli qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi Fikrət Mustafayevin və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur ki, iddiaçı 2014-cü ildə ailə qurduqdan sonra əri Cavabdeh1 əmisi Fikrət Mustafayevə məxsus torpaq sahəsində yerləşən və Cavabdeh2 tərəfindən tikilmiş evə köçmüş və 2019-cu ilədək həmin evdə yaşamışdır. Həmin yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh1lə ilə nikaha daxil olmamışdan xeyli əvvəl mübahisəli ev Cavabdeh2 sahibliyi və istifadəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülki Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (maddə 158.1.2.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun (Protokol (qeyri rəsmi olaraq) 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 27 sentyabr 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən qərarda həmçinin göstərmişdir ki, mənzilə dair şikayətçiyə orderin verilməsindən ibarət hərəkət elə bir hərəkətdir ki, bu hərəkətin nəticəsi olaraq şikayətçi mənzilin mülkiyyətçisi hesab edilməlidir, çünki bu order əsasında şikayətçi ilə səlahiyyətli orqan arasında mənzilə dair “sosial kirayə müqaviləsi” bağlanıla bilər ki, həmin müqaviləyə və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərə əməl edərək şikayətçi mənzili pulsuz olaraq özəlləşdirə bilərdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi 30.11.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlar” sayılır və mülkiyyət kimi qiymətlədirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Yuxarıda qeyd olunan beynəlxalq və ölkə daxili hüquq normalarının tələblərinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarlarında təsbit edilmiş hüququ mövqeyinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, İddiaçı mübahisəli mənzilə köçən zaman mənzil Cavabdeh2 mülkiyyətində olan əmlak hesab edilirdi. Çünki həmin vaxt və hazırda Cavabdeh2 mübahisəli ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, Cavabdeh2 “qanuni gözləntiyə” malik olan şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə nəzərdə tutulur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Buna görə də məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsi dövlət qeydiyyatından keçmədiyindən və bu mübahisələri tənzimləyən birbaşa normalar olmadığından hazırkı mübahisəyə analoji münasibətləri tənzimləyən aşağıdakı qanunvericilik normaları tətbiq edilməlidir. İşin hallarından müəyyən edildiyi kimi, tərəflər arasındakı mülki münasibətlər 2014cü ilin yanvar ayında, yəni 01.10.2009-cu il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. (Ailə Məcəlləsinin 15ci fəsli isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri ilə bağlı məsələləri tənzimləyir.) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qeyd olunan normaların tələblərindən göründüyü kimi İddiaçı mübahisəli yaşayış evindən istifadə hüququnun yaranması üçün o, Cavabdeh2 ailə üzvü və ya digər qohumu olmalıdır ki, hazırkı halda da iddiaçı cavabdehlərin ailə üzvü hesab olunmur, habelə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərildiyi kimi “digər qohumları” ifadəsinin təsiri altına düşməyən şəxsdir. Bununla da aydın olur ki, qeyd edilən normalara əsasən iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır, iddiaçının cavabdehlərə qarşı tələbi əsasızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun tanınması və evə köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1034/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1034/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver