Məhkəmə qərarları › İş №2(039)-1047/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1047/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1047/2020 28.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, X2 Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyünün Cavabdeh Səbuhi oğluna qarşı gömrük ödənişlərinin məcburi tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyü Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən gömrük ödənişləri və dəbbə pulu olaraq 952,782 rubl 87 qəpik Dağıstan Gömrüyünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh Səbuhi oğlu (xx xxxx 1997-ci il təvəllüdlü, pasport PC AZE № С02024592, x xxxx 2018-ci il tarixində verilmiş; Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyata olan) Dağıstan Gömrüyü qarşısında 952,782 rubl 87 qəpik məbləğində gömrük ödənişləri və cərimə üzrə borcludur. Gömrük ödənişlərinin hesablanması müvəqqəti idxal üçün elan edilmiş sərnişin gömrük bəyannaməsinin təqdim edildiyi xx.xx.2018-ci il tarixdən hesablanmışdır. xx.xx.2018-ci il tarixə avronun məzənnəsi - 73.0884 rubl, 2494 (sm3) x 5 (avro 1 sm3 üçün) x 73.0884 (rubl) = 911,412 rubl 35 qəpik, gömrük ödənişlərinin ödənilməsi üçün son tarixin pozulmasına görə cərimə - 41,370 rubl 52 qəpik. xx xxxx 2018-ci il tarixə borcun ümumi məbləği 952,782 rubl təşkil edir. Bu borc 2014-cü ildə istehsal edilmiş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikin həcmi 2,494 m3 olan Toyota Camry avtomobilinin müvəqqəti idxalı müddətinin pozulması ilə əlaqədar yaranmışdır. xx xxxx 2018-ci il tarixdə, X1 gömrük ərazisinə Cavabdeh tərəfindən sərnişin gömrük bəyannaməsinə əsasən həmin avtomobil Rusiya Federasiyası ərazisində müvəqqəti olduğu müddət üçün daxil edilmişdir, xx.xx.2018-ci il tarixədək. Nəqliyyat vasitəsi müəyyən edilmiş müddətdə X1 gömrük ərazisindən çıxarılmamışdır. Müvəqqəti daxil etmənin müddətinin uzadılması ilə bağlı gömrük orqanlarına Cavabdeh müraciət etməmişdir. Cavabdeh X1 gömrük ərazisinə daxil olarkən göstərilən nəqliyyat vasitələrinin müvəqqəti idxalı qaydaları ilə tanış olmuş, bunu xx xxxx 2018-ci il tarixli izahatında olan imzası təsdiq etmiş, gömrük orqanı tərəfindən müəyyən edilmiş müvəqqəti idxal müddətində nəqliyyat vasitəsini ixrac etməməsinə, habelə həmin ərazidə nəqliyyat vasitəsinə dair istifadə və sərəncam hüququnun başqa şəxsə verilməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Gömrük nəzarəti zamanı nəqliyyat vasitələrinin müvəqqəti giriş şərtlərinə uyğunluğu yoxlanılarkən Dağıstan gömrüyü, 2014-cü ildə istehsal olunan Toyota Camry markalı nəqliyyat vasitəsinin göstərilən müddətdə ərazidən çıxarılması barədə məlumatın olmadığı müəyyən edilmişdir. Dağıstan Gömrüyü tərəfindən yoxlama tədbirləri həyata keçirilmiş, müvafiq sorğular göndərilmişdir xx.xx.2019-cu il tarixli 49-xxxx/11725 nömrəli Minsk Mərkəzi Gömrük İdarəsinə; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində; Orenburq gömrüyünə: t xx.xx.2019 № 49-04-18 / 02599; X4 Nazirliyində Dağıstan Respublikası üçün 07.07.19.09 № 49-04-18 / 02601. Görülmüş tədbirlərin nəticələrinə əsasən, həmin avtomobilin X1 gömrük ərazisindən ixrac edilmədiyi müəyyən edilmişdir. İddiaçı Dağıstan Gömrüyünün nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək işə Dağıstan Gömrüyünün nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən xx xxxx 2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Toyota Camry markalı avtomobillə Azərbaycan Respublikasının ərazisindən Rusiya Federasiyasının ərazisinə Dağıstan Respublikası gömrük nəzarəti postundan daxil olmuşdur. Daxil olan zaman ona xəbərdarlıq edilmişdir ki, bir il müddətində həmin nəqliyyat vasitəsi X1 gömrük ərazisindən çıxarılmalıdır. Lakin, həmin avtomobili Rusiya Federasiyasının ərazisində başqa şəxsin sahibliyinə vermiş və həmin şəxs avtomobili X1 gömrük ərazisindən hələ də çıxarmamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2014-cü ildə istehsal edilmiş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikin həcmi 2,494 m3 olan Toyota Camry avtomobili Serikbay Kadırsızova məxsusdur. xx xxxx 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Serikbay Kadırsızov özünə məxsus 2014-cü ildə istehsal edilmiş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikin həcmi 2,494 m3 olan Toyota Camry avtomobili müddətsiz olaraq sürmək və sərəncam vermək hüququ ilə Cavabdeh etibar etmişdir. Sərnişin gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi 2014-cü ildə istehsal edilmiş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikin həcmi 2,494 m3 olan Toyota Camry avtomobillə müvəqqəti olaraq Rusiya Federasiyasının ərazisinə daxil olmuşdur. Cavabdeh tərəfindən Dağıstan Gömrüyünə vermiş olduğu izahatın surətindən müəyyən olunur ki, o, bildirmişdir ki, nəqliyyat vasitəsinin gömrük orqanı ilə müəyyən edilmiş müddət ərzində çıxarılmaması, habelə istifadə və sərəncam hüququnun Gömrük Birliyinin ərazisində başqa şəxsə verilməsinə görə məsuliyyət barədə xəbərdar edilmişdir. İdxalın məqsədi kimi tranzit qeyd edilmişdir. Dağıstan Gömrüyü tərəfindən müvafiq sorğular edilmiş 2014-cü ildə istehsal edilmiş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikin həcmi 2,494 m3 olan Toyota Camry avtomobilin X1 gömrük ərazisindən çıxması müəyyən edilməmişdir. Federal Gömrük Xidmətinin Məhərrəmkənt Gömrük Postunun xx xxxxxx 2019-cu il tarixli qərardadının surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin müəyyən edilmiş müddətdə ərazidən çıxarılmaması faktı üzrə onun barəsində inzibati icraatın başlanılması qərara alınmışdır. Federal Gömrük Xidmətinin Məhərrəmkənt Gömrük Postunun xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh gömrük ödənişi üzrə borclu tanınmışdır. xx xxxxxx 2019-cu il tarixli xəbərdarlığın surətindən müəyyən olunur ki, Cavabdeh 911,412.35 rubl gömrük ödənişi, 26,013.22 rubl cərimə üzrə borclu olması müəyyən edilmişdir. Gömrük ödənişləri üzrə hesablamada qeyd olunur ki, xx xxxxxx 2019-cu il tarixə Cavabdeh cərimə üzrə məbləği 41,370.52 rubl təşkil etmişdir. Gömrük ödənişləri üzrə borc barədə Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. xx xxxxxx 1993-cü il tarixdə Minsk şəhərində imzalanmış Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyanın 22-ci bəndinin 1-ci yarımbəndinə görə, əgər bu bölmənin İİ — V hissələrində digər qayda nəzərdə tutulmursa, onda yaşayış yeri Razılığa gələn Tərəflərin birində olan şəxslərə qarşı iddialar, onların vətəndaşlığından asılı olmayaraq, həmin Razılığa gələn Tərəflərin məhkəmələrinə təqdim edilir, hüquqi şəxsə qarşı iddialar isə onların idarəedici orqanı, nümayəndəsi, yaxud da filialı olan Razılığa gələn Tərəfin məhkəmələrinə təqdim edilir. Mülki Prosessual Məcəllə: Maddə 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Maddə 13.2. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Maddə 13.3. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Maddə 439.2. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Qanunvericiliyin istinad edilən normaları baxımından məhkəmə belə qənaətə gəlir ki, daha üstün hüquqi qüvvəyə malik olan yuxarıda qeyd edilən Konvensiyanın tələbləri baxımından aidiyyət qaydaları pozulmamışdır. Məhkəmə, mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, həmin sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh xx xxxx 2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi 2014-cü ildə istehsal edilmiş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikin həcmi 2,494 m3 olan Toyota Camry avtomobili ilə Azərbaycan Respublikası ərazisindən X1 gömrük ərazisinə daxil olan Rusiya Federasiyasının ərazisinə Dağıstan Gömrüyünün Məhərrəmkənd gömrük postundan, keçidin məqsədiin tranzit olaraq qeyd etməklə, daxil olmuşdur. Bu zaman X1 gömrük ərazisində qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona idarə etdiyi avtomobilin bir il müddətində həmin ərazidən çıxarılmalı olduğu, bu avtomobilin qeyd edilən ərazidə başqa şəxsin istifadəsinə və sərəncamına verilməsinin qadağan olduğu izah edilmiş və o, bu barədə xəbərdar edildiyini bildirməklə avtomobili bir il müddətində həmin ərazidən çıxarmaq və bu ərazidə avtomobili başqa şəxsin istifadəsinə və sərəncamına verməmək barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, bir ilin tamamında Dağıstan Gömrüyü tərəfindən aparılmış yoxlamalara dair sənədlərlə, habelə Cavabdeh özünün məhkəmə iclası zamanı verdiyi ifadə ilə təsdiq olunur ki, sonuncu, üzərinə götürdüyü öhdəliyi icra etməmiş, avtomobili həmin ərazidə başqa şəxsin sərəncamına vermişdir. Bununla da Cavabdeh X1 gömrük ərazisinə qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Maddə 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Maddə 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. Məhkəmə, istinad edilən qanunun tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçının istinad etdiyi hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməsi mümkün olmadığından, habelə iddiaçı istinad etdiyi hüquqi normaları təsdiqləyən sənədlər təqdim etmədiyindən mübahisənin həlli üçün Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 68. gömrük orqanlarının vəzifəli şəxsləri gömrük borcunun ödənilməsi üçün təminatı bu Məcəllənin 45-ci fəslində nəzərdə tutulmuş qaydada şəxsdən tələb etmək hüququna malikdirlər. Maddə 148.3.4. gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Maddə 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: gömrük rüsumları; əlavə dəyər vergisi; aksizlər; yol vergisi; gömrük yığımları; haqq; dövlət rüsumu. Maddə 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh, etibarnamə əsasında idarə etdiyi avtomobillə X1 gömrük ərazisinə daxil olan zaman üzərinə avtomobilin bir il müddətində həmin ərazidən çıxaracağı, bu avtomobili qeyd edilən ərazidə başqa şəxsin istifadəsinə və sərəncamına verməyəcəyi barədə öhdəlik götürsə də, üzərinə götürdüyü öhdəliyi icra etməməklə X1 gömrük ərazisinə qüvvədə olan gömrük qanunvericiliyinin tələblərini pozmuş, bununla da gömrük ödənişini ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı, səlahiyyətli orqan olaraq həmin gömrük ödənişini, habelə müəyyən edilmiş müddəti pozduğuna görə dəbbə pulunu tələb etməkdə haqlıdır. Bu səbəbdən iddia təmin edilməli, cavabdehdən iddia tələbində qeyd edilən məbləğ, ödəniş gününə olan məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə işə baxılması ilə bağlı ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia təmin edilsin. Cavabdeh Səbuhi oğlundan gömrük ödənişi olaraq 911,412.35 Rusiya Federasiyası rublu, dəbbə pulu olaraq 41,370.52 Rusiya Federasiyası rublu, cəmi 952,782 (doqquz yüz əlli iki min yeddi yüz səksən iki) Rusiya Federasiyası rublu 87 (səksən yeddi) Rusiya Federasiyası qəpiyi ödəniş gününə olan məzənnə üzrə manatla X3 Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyünün xeyrinə tutulsun. Ödənilməli olan dövlət rüsumu 30 (otuz) manat Cavabdeh Səbuhi oğlundan dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar