Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1055/2022 06.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yaşadığı fərdi yaşayış evinə köçürülməyi, mediasiya üçün ödənilmiş 60 manat, dövlət rüsumu kimi ödənilmiş 100 manat vəsaitin cavabdehlərdən alınıb ona aytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o Cavabdeh1 ilə 2005-ci ildə ailə qurmuşdur. Ailə münasibətlərini 03 oktyabr 2007-ci ildə rəsmiləşdirmişlər. Birgə evliliklərindən 06 iyun 2006-cı il təvəllüdlü Yusif, 20 avqust 2010-cu il təvəllüdlü Tahir adlı uşaqları olmuşdur. Cavabdeh1lə ailə qurduqdan sonra onun ailə üzvlərinin razılığı ilə onların yaşadığı evə gəlin köçmüşdür. Övladları həmin evdə böyüyüb boya başa çatmışlar. O, Cavabdeh1, atası Yusif Verdiyev və anası Cavabdeh2 ilə birlikdə yaşamışdır. Yusif Verdiyev 2007-ci ildə vəfat etmişdir. Həmin təsərrüfatda o 2008-ci ildən 2020-ci ilin noyabr ayınadək yaşamışdır. Yaşadıqları müddətdə evin bir otağı tərəflərindən tam təmir olunmuşdur. Ona məxsus əşyalar həmin evdədir və o, 27 yanvar 2008-ci ildən cavabdehin razılığı ilə onların evinə qeydiyyata düşmüşdür. Hazırda o təkana yaşayış yeri olsa da, qapılarda qalmışdır. Cavabdehlər könüllü evə köçməyə imkan vermirlər. Sonradan bilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1lə onun arasında olan nikah pozulmuşdur. Qətnamədən apelyasiya şikayəti vermişdir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı izah etmişdir ki, Cavabdeh1lə ailəli olmuşdur. Evləndikdən sonra həmin evə gəlin köçmüşdür. Uşaqları da həmin evdə dünyaya gəlmişlər. 2020-ci ildən o, həmin evə gedə bilmir. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili X5 izah etdi ki, tərəflər ailəli olmuşlar. Birgə nikahlarından iki övladları olmuşdur. Hazırda iddiaçını cavabdehlər həmin evə buraxmırlar. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Şamgüllə Vəkil boşanmışlar. Boşandıqdan sonra Şamgül evdən çıxmışdır. Ev ona məxsusdur. Onun evində iddiaçı üçün yer yoxdur. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Şamgüllə ailəli olmuşdur. Hazırda nikahları pozulmuşdur. 2020-ci ildən Şamgül həmin evdə yaşamır. Həmin evə iddiaçının köçməsinə razı deyil. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(039)-330/2021 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh1 ilə Verdiyeva (Hüseynova) Şamgül Rəşid qızı arasında olan 2007-ci ilin oktyabr ayının 03-cü günündə Yevlax rayonu Qeydiyyat şöbəsinin akt qeydləri kitabında 419 nömrə ilə qeydə alınmış nikah pozulması; nikahın pozulmasından sonra xx.xx.2006-ci il təvəllüdlü Verdiyev Yusif Vəkil oğlu və xx.xx.2010-cu il təvəllüdlü Verdiyev Tahir Vəkil oğlu ataları Cavabdeh1 yanında qalmaları; xx.xx.2006-ci il təvəllüdlü Verdiyev Yusif Vəkil oğlunun və xx.xx.2010-cu il təvəllüdlü Verdiyev Tahir Vəkil oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 may 2021-ci il tarixindən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin 30 sentyabr 2021-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, İddiaçı 27 yanvar 2008-ci il tarixdən Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 01 noyabr 2021-ci il tarixli **********03 saylı məktubundan məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 Yevlax rayonu, Tanrıqulular kəndi ərazisində yerləşən həyətyanı 0.2511 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ (mülkiyyət üzrə 4 nəfər) 11 aprel 2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax rayonu, Tanrıqulular kəndinin ərazisində yerləşən fərdi yaşayış evinə Cavabdeh2 adına Yevlax rayon TİB-su tərəfindən daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 28 mart 2022-cı il tarixli 368/16135 saylı arayışdan məlum olur ki, İddiaçı evə köçürülmə ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 aprel 2015-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışdan məlum olur ki, Cavabdeh2, X3, Cavabdeh1 və X2 Yevlax rayonu, Tanrıqulular kəndində 0.2511 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 noyabr 1989-cu il tarixli Yevlax rayon TİB-su tərəfindən daşınmaz əmlakın texniki pasportundan məlum olur ki, Yevlax rayonu, Tanrıqulular kəndin ərazisində yerləşən fərdi yaşayış evinə Cavabdeh2 adına Yevlax rayon TİB-su tərəfindən daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Tanrıqulular kənd İƏD üzrə nümayəndəliyinin 01 iyun 2022-ci il tarixli 230 saylı arayışından məlum olur ki, Cavabdeh2 Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır və yaşayır. Ailə tərkibi aşağıdakı kimidir: oğlu Cavabdeh1, nəvəsi Cavabdeh3, nəvəsi Verdiyev Yusif Vəkil oğlu, nəvəsi Verdili Tahir Vəkil oğlu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı Aybəniz Mustafayeva və onun azyaşlı övladı isə mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan cavabdeh X1 qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı Aybəniz Mustafayeva və onun azyaşlı uşağının mübahisəli mənzilə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onların mübahisəli evə köçürülməsi tələbləri əsassızdır. İddiaçının istinad etdiyi hallar isə əsassızdır. Belə ki, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, Cavabdeh1 ilə İddiaçı arasında 03 oktyabr 2007-ci il tarixdə nikah bağlanmışdır. İddiaçı toydan sonra Cavabdeh2 məxsus Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahlarından iki övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. 2020-ci ilin noyabr ayından iddiaçı evdən çıxmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən mənzildən istifadə hüququ yoxdur. Məhkəmə qeyd edir ki, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşılaraq Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1055/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1055/2022
06.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver