Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-108/2024 26.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi İsmayılov Gündüz Ehtibar oğlunun katibliyi İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yetkinlik yaşına çatmamış övladı Nərgizlə birlikdə evə köçürülmə və birgə nikah müddətində əldə edilmiş əmlakın - fərdi yaşayış evinin bölünməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yetkinlik yaşına çatmamış övladı Nərgizlə birlikdə evə köçürülmə və birgə nikah müddətində əldə edilmiş əmlakın - fərdi yaşayış evinin bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmamış qızı - 11 sentyabr 2009-cu il təvəllüdlü X6 ilə birlikdə əsas və daimi yaşayış yerləri – ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinin təmin edilməsi və birgə nikah müddətində əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh ilə onun arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, 2022-ci ilə qədər həmin evdə yaşamışdır. Hazırda həmin evə köçürülməsini və evin bölünməsini istəyir. Ev nənəsinə məxsus olub. Sonradan onun xəbəri olmadan ev cavabdehin adına rəsmiləşdirilimişdir. Nənəsindən qalmış mirasın qəbul edilməsi üçün vəkilə müraciət edərkən evin cavabdehin adında olması məlum olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək izah etdi ki, tərəflər rəmi nikaha girməklə evlənmişlər. Məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Birgə nikahlarından üç övladları olmuşdur. Nərgiz adlı uşaq hazırda yetkinlik yaşına çatmamış və hazırda iddiaçının yanında yaşayır. İddiaçı istəyir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərəflər arasında bölünsün və iddiaçı azyaşı uşağı ilə birlikdə həmin evə köçürülsün. Həmin fərdi yaşayış evi iddiaçının nənəsinə məxsus olmuşdur. İddiaçı həmin evin qonşuluğunda yerləşən evə gəlin köçmüdür. Sonradan iddiaçı evdən çıxarılmış, hazırda sözü gedən evə köçərək orada yaşamış və cehizləri də həmin evə yerləşdirilmişdir. İddiaçı 2022-ci ilin əvvəlinə kimi həmin evdə yaşayıb. İddiaçı həmin evin nənəsinin adında olduğunu bilmişdir. İddiaçı ona mirasın qəbul edilməsi ilə bağlı müraciət edərkən, vəkil sorğusu əsasında müəyyən oldu ki, ev cavabdehin adındadır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 14 avqust 2023-cü il tarixli 3-21-3-35/2-2979/2023 saylı sorğu cavabından məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli 3283A nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətindədir. Qeyd edilən daşınmaz əmlak ilkin olaraq X2 məxsus olmuş, 06 iyul 2004-cü il tarixli 3V-1-28 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X1. 26 iyul 2005-ci il tarixli 4Ə-1-101 nömrəli alqı-satqı müqaviləsi ilə X4 tərəfindən Cavabdeh satılmışdır. Elektron baza məlumatlarında torpaq sahəsinə hər-hansı hüquq müəyyənedici sənədin olması aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli 2(039)-1590/2018 saylı qətnaməsindən məlum olur ki, tərəflər arasında bağlanmış 07 sentyabr 2001-ci il tairxli nikah pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 fevral 2022-ci il tarixli 014019 saylı arayışdan məlum olur ki, İddiaçı əmlakın bölünməsi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 iyul 2005-ci il tarixli 243388 saylı müqavilənin surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X4 tərəfindən Cavabdeh satılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 07 sentyabr 2001-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Ailə münasibətləri baş tutmadığından Yevlax Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli 2(039)-1590/2018 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Tərəflərin birgə yaşayışlarından üç övladları olmuşdur. Hazırda uşaqların ikisi yetkinlik yaşına çatmışlar. Yetkinlik yaşına çatmayan Nərgiz adlı uşaq anansının yanında qalmışdır. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışlar. Onun yetkinlik yaşına çatmamış qızı - 11 sentyabr 2009-cu il təvəllüdlü X6 ilə birlikdə əsas və daimi yaşayış yerləri – ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinin təmin edilməsi və birgə nikah müddətində əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh ilə onun arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikidə bir hissəsində İddiaçı payı müəyyən edilməli, iddiaçı yetkinlik yaşına çatmamış övladı X6 ilə birlikdə həmin evə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 14 avqust 2023-cü il tarixdə evin mülkiyyət hüququ ilə bağlı iddiaçının vəkilinə məlumat verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4-cü maddəsində tutulmuş üç illik müddətin axımı 14 avqust 2023-cü il tarixdə hesablanmalıdır. Bunan başqa məhkəmə qeyd edir ki, iddiaçının həmin fərdi yaşayış evinə ikidə bir hissədə payı müəyyən edildiyindən, iddiaçı azyaşlı övladı ilə birlikdə həmin evə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndində görə Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4-cü maddəsinə əsasən Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cü maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikidə bir hissəsində İddiaçı payı müəyyən edilsin. İddiaçı, X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-108/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-108/2024
26.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver