Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1120/2020 09.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı məhrum anasından miras qalmış daşınmaz əmlaka-yaşayış evinin və həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum anasından miras qalmış yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X8 xx xxxxxx 1991-ci il tarixdə, anası X5 xx xxxxxxx 2004-cü il tarixdə vəfat etmişdir. Mərhum anasından Yevlax rayonu Havarlı kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Çıxarışa əsasən mülkiyyət hüququ təsdiq edilmiş miras əmlak -146.70 kv.m fərdi yaşayış evi və 0.2501 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında bacısının (hazırkı iş üzrə cavabdeh) və mərhum anasının adına qeydə alınmışdır. Həmin yaşayış evinin 80 m2 hissəsi onun tərəfindən inşa edilmişdir və o, hazırda həmin hissədə yaşayır. Vərəsələrdən yalnız cavabdeh mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yaradır, digər vərəsələr qardaşları Tofiq, Nurəli, Əhət, İsmayıl vəfat etmiş, sağ olan digər vərəsə-bacısı X7 isə mirasdan heç bir pay tələb etmir. O, mərhum anasından miras qalmış daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik işi açılmasını istəyir. Bununla bağlı notariusa müraciət etsə də, vərəsələr arasında mübahisə olduğu üçün ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək bildirmişdir ki, Rusiya Federasiyasının vətəndaşıdır. 1974-cü ildə Rusiya Federasiyasında hərbi xidmətini çəkdikdən sonra evlənərək valideynlərinin yanına qayıtmış, bir müddət valideynləri ilə birgə miras əmlak olan evdə yaşamış, 2 övladı burda dünyaya gəlmişdir.1979-cu ildən Rusiya Federasiyasında daimi yaşamağa başlasa da ildə bir dəfə anasına məxsus yaşayış evinə gəlmişdir. xx.xx.2004-cü il tarixdə anası ölmüş və o, anasının 40 mərasimindən 2-3 sonra anasının yas mərasiminə gələ bilmişdir. Həmin vaxtdan sonra da məzuniyyət vaxtlarında 15-20 gün müddətində anasının evinə gələrək orada yaşamışdır. Həmin evdə ona məxsus yaşayış otağı var. Sonuncu dəfə o, 2020-ci ilin fevral ayında mərhum anasının evinə gəlmiş və karantin rejimi ilə əlaqədar Rusiyaya qayıda bilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun qardaşı olsa da, 18 yaşından valideynlərini atıb getmiş və valideynlərinə baxmamışdır. Valideynləri ölənədək məhz o, valideynlərinin qulluğunda dayanmış və onlara baxmışdır. Mübahisəli yaşayış evi valideynləri tərəfindən tikilmiş və iddiaçı tərəfindən həmin evdə hər hansı tikinti işləri aparılmamışdır. X2 ailə qurmuş və bir müddət burda valideynləri ilə birgə yaşasa da, sonra daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. İddiaçı məzuniyyətə çıxanda 10-15 gün müddətində qonaq kimi, istirahət etmək üçün ona və anasına məxsus evə gəlmiş və orada yaşamışdır. O da ev sahibi və bir bacı kimi ona evində otaq ayırmış və onun orada yaşamasına heç bir etirazını bildirməmişdir. İddiaçı miras əmlakı nə qanuni, nə də faktiki qəbul etməyib, ona görə də iddiası əsassızdır. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə tərəfindən mülki işin araşdırılmış materialları (ölüm haqqında şəhadətnamələr, çıxarış, arayış) və tərəflərin izahatları ilə ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh xx xxxxxxx 2004-cü ildə vəfat etmiş X3 uşaqlarıdır. Miras əmlak Yevlax rayonu Havarlı kəndində yerləşən 0.2501 hektar torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 146,70 m2 olan yaşayış evindən ibarətdir. Yaşayış evi və torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında miras qoyan X4 və Cavabdeh məxsusdur. Tərəflər arasında miras əmlakla bağlı mübahisə yarandığından notariat orqanı iddiaçıya vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Bu halları tərəflər mübahisələndirmirlər və işin mübahisəsiz hallarıdır. Tərəflər arasında işin mübahisəli halı-həmin miras əmlakın qəbulu ilə bağlıdır. İddiaçı miras əmlakı faktiki qəbul etdiyini iddia edir, cavabdeh buna etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd olunan normalardan göründüyü kimi qanunvericilikdə miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur. mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək; (mirasın qəbul edilməsinin formal üsulu) əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq. (mirasın qəbul edilməsinin qeyri-formal üsulu) Göründüyü kimi mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özünün də 2 (iki) növü var. miras əmlaka faktiki sahiblik etmək; miras əmlakı faktiki idarə etmək. Miras əmlaka faktiki sahiblik etmək konkludent hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir, təsdiqləyir. (vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras qoyana məxsus əşyalardan faktiki istifadə etməsi, miras qoyana məxsus əşyaları özünün yaşadığı mənzilə aparması və s. kimi hərəkətlər buna misal ola bilər.) Miras əmlakı faktiki idarə etmək isə vərəsənin miras əmlaka özünkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verən hərəkətlərin edilməsində ifadə olunur və bu hal bir qayda olaraq, vərəsənin həmin əmlaka yiyələnməsindən sonra baş verir. (miras qoyanın əmlakını lazımi vəziyyətdə saxlamaq, miras qoyanın əmlakını təmir etdirmək, miras əmlakla bağlı vergi, sığorta haqqı ödəmək və s. kimi hərəkətlər buna misal ola bilər.) İddiaçı iddiasının əsası kimi anası öldükdən sonra anasının yas mərasiminə gəldiyini, sonradan məzuniyyət vaxtlarında 15-20 gün müddətində həmin evə gələrək orda yaşadığını, mübahisəli yaşayış evinin bir hissəsinin (80 m2) onun tərəfindən inşa edildiyini bildirmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iddiaçının anasının yas mərasiminə gəlməsini, müəyyən dövrlərdə məzuniyyət vaxtı cavabdehin mülkiyyətində olan mübahisəli yaşayış evinə qonaq kimi gəlib-getməsi onun miras əmlakı faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. İddiaçının digər əsası, yəni yaşayış evinin 80 m2 hissəsinin onun tərəfindən inşa edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrinin çıxarışına əsasən miras əmlaka daxil olan daşınmaz əmlak iddiaçının mərhum anasının və bacısının (cavabdehin) adına qeydə alınmış və iddiaçı qeyd olunan çıxarışı mübahisələndirməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Res-pub-li--ka-sı Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı miras əmlakın 1/2 hissəsinə payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1120/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1120/2020
09.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver