Məhkəmə qərarları › İş №2(039)-1137/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1137/2021

01.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1137/2021 01.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 Cavabdeh3 vəkili və nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızına qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş 11 yanvar 2011-ci il təvəllüdlü X11 və 25 fevral 2013-cü il təvəllüdlü X5 ilə birlikdə onun cavabdehlərə məxsus Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən yaşayış evinə köçürülməklərinə, həmin evdə istifadə hüquqlarının tanınması, yaşayış və yardımçı sahələrdən cavabdehlə birlikdə istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, Cavabdeh2 qızının adı səhfən yazıldığından onun adının çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, iddiaçı Cavabdeh1 ilə 02 noyabr 2006-cı il tarixdə rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahlarından 11 yanvar 2011-ci il təvəllüdlü X11 və 25 fevral 2013-cü il təvəllüdlü X5 adlı iki uşaqları olmuşdur. Ailələrində yüngül mübahisə olmuşdur. Həmin mübahisədən sonra o, məcbur qalıb ata evinə getmişdir. Lakin cavabdehlər onu və övladlarını həmin evə buraxmırlar. Həmin evə gəlin köçərək orada cavabdehlərlə birgə təsərrüfatı idarə etmişdir. Övladları da həmin evdə dünyaya gəlmişlər. İddiaçıya məxsus cehiz əşyaları da həmin evdədir. İddiaçı özü də, həmin evdə qeydiyyatdadır. Onun isə azyaşlı övladları ilə getməyə yeri yoxdur. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət edir. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 vəkili və nümayəndəsi X13 məhkəmə iclasında izah etdi ki, iddiaçı köçmək istədiyi ev 1978-ci ildə inşa edilmişdir. Çıxarışda mülkiyyətçi kimi Cavabdeh1 da qeyd olunsa da, hazırda Şəki İnzibati Məhkəməsində həmin çıxarışı mübahisələndirmişlər. Ailə münasibətləri baş tutmamışdır. İddiaçı 08 aprel 2021-ci il tarixdə həmin evdən çıxmışdır. İddiaçının həmin evə köçməsini cavabdehlər də arzulamırlar. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 04 noyabr 2013-cü il tarixdə verilmiş AZE seriyalı 10949217 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X11 11 yanvar 2011-ci il tarixdə anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Asan-Mingəevir tərəfindən 21 dekabr 2018-ci il tarixdə verilmiş AZE seriyalı 18793387 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X5 25 fevral 2013-cü il tarixdə anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 28 yanvar 2020-ci il tarixli AZ-T 018037 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 ilə X7 02 noyabr 2006-cı il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 aprel 2021-ci il tarixli, 336 saylı arayışından məlum olur ki, İddiaçı 2006-cı ildə Yevlax rayonu, Tanrıqulular kənd sakimi Cavabdeh1 ilə ailə qurub, rəsmi nikaha girib onun valideyinlərinə məxsus evə gəlin gəlib. Uzun müddət onunla birgə yaşayıb. Həmin evdə yaşadığı müddətdə iki övladı olub. X3 – 2011, X5 – 2013. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 aprel 2021-ci il tarixli çıxarışının surətindən məlum olur ki, Cavabdeh1, Cavabdeh3, X2 və X4 Yevlax rayonu, Tanrıqulular kəndində ümumi birgə 0.3415 ha torpaq sahəsi və 126.7 kv.m. fərdi yaşayış evləri vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 dekabr 2020-ci il tarixli AZ-ll 066106 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 05 aprel 2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 aprel 2009-cu il tarixli AZ-l 354026 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 14 mart 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-070A kod 90110018 saylı şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh3, X2, Cavabdeh1 və X4 Yevlax rayonu, Tanrıqulular kəndində ümumi birgə 0.34 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərinə fərdi yaşayış evi vardır. Beləliklə, məhkəmədə aydın oldu ki, Cavabdeh1 ilə İddiaçı 02 noyabr 2006-cı il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Tərəflər ailə qurduqdan sonra iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 aprel 2021-ci il tarixli çıxarış əsasında cavabdehlərə məxsus Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. 08 aprel 2021-ci il tarixə qədər həmin evdə birlikdə yaşamışlar və təsərrüfatı birgə idarə etmişlər. Ailələrində mübahisə olduğundan iddiaçı evdən məcbur olub çıxmışdır. Evə qayıtmaq istəyərkən cavabdehlər iddiaçını azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış evinə buraxmırlar. Torpağın mülkiyyətə verilməsinə dair JN-070A kod 90110018 saylı şəhadətnamədən görünür ki, iddiaçı Cavabdeh1 ilə nikaha daxil olmamışdan xeyli əvvəl mübahisəli ev cavabdehlərin qanuni sahibliyi və istifadəsində olmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş 11 yanvar 2011-ci il təvəllüdlü X11 və 25 fevral 2013-cü il təvəllüdlü X5 ilə birlikdə cavabdehlərə məxsus Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən yaşayış evinə köçürülməli, İddiaçı həmin yaşayış evdən, evin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlərlə bərabər hüquqda müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi 30.11.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlar” sayılır və mülkiyyət kimi qiymətlədirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Yuxarıda qeyd olunan beynəlxalq və ölkə daxili hüquq normalarının tələblərinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarlarında təsbit edilmiş hüququ mövqeyinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı mübahisəli mənzilə köçən zaman mənzil cavabdehlərin mülkiyyətində olan əmlak hesab edilirdi. Çünki, həmin vaxt cavabdehlərin mübahisəli ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, cavabdehlər “qanuni gözləntiyə” malik olan şəxs olmuşdur. Qeyd edilən maddi hüququ normasının işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə aldırmış cavabdehlərin mülkiyyətində olmuşdur. İddiaçı 15 il həmin evdə yaşamaqla Cavabdeh1 ilə etibarlı ailə ünasibətlərində olmuşdur. Başqa sözlə, iddiaçının mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən edildiyi kimi, tərəflər arasındakı mülki münasibətlər 02 noyabr 2006-cı il tarixdə, yəni 01.09.2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Məcəllənin “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ” adlı 228-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. (maddə 228.2.). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir (maddə 228.5.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş 11 yanvar 2011-ci il təvəllüdlü X11 və 25 fevral 2013-cü il təvəllüdlü X5 ilə birlikdə cavabdehlərə məxsus Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən yaşayış evinə köçürülsün. İddiaçı həmin yaşayış evindən, evin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlərlə bərabər hüquqda müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar