Məhkəmə qərarları › İş №2(039)-1207/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1207/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1207/2020 01.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə əldə etdiyi Yevlax rayonu Malbinəsi kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, **********42-10301 reyestr nömrəli çıxarışla Cavabdeh adına olan fərdi yaşayış evinin 2/3 hissədə onun və uşaqlarının, 1/3 hissədə cavabdehin arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış evi cavabdehin mülkiyyətindədir. O, cavabdehlə 2006-cı il tarixində nikaha daxil olmuş, bu nikahdan 2 övladları dünyaya gəlmişdir. Fərdi yaşayış evi cavabdehlə birgə nikah dövründə, yəni xx.xx.2013-cü il tarixdə alınmışdır. Yetkinlik yaşına çatmayan uşaqlarının mənafelərini nəzərə alıb birgə nikah dövründə əldə edilmiş əmlakın 2/3 hissəsinə payının tanınmasını əsaslı hesab edir. O, cavabdehdən 2019-cu il ildə boşanmış və əşyaları bu günə kimi həmin evdədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-460/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2006-ci il tarixli nikah qeydinin pozulması və tərəflərin birgə nikahdan olan uşaqları- xx xxxxx 2009-cu il təvəllüdlü X1 və xx xxxx 2010-ci il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li, xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, Yevlax rayonu Malbinəsi kəndində 0.08 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 48,60 m2 olan fərdi yaşayış evinin üzərində Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan X3 və digərləri ilə (satıcı) Cavabdeh (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcılar Yevlax rayonu Malbinəsi kəndində 0.08 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 48,60 m2 olan fərdi yaşayış evini alıcıya satmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 244860 nömrəli və AZ-İİ seriyalı 479420 nömrəli doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx xxxxx 2009-cu il təvəllüdlü Nihad və xx xxxx 2010-ci il təvəllüdlü Nigar adlı uşaqları var. İş materiallarında olan olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş AZ-İ seriyalı 323086 №li nikah pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah qeydi ləğv edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir (maddə 36.1.). Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə sazişər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər (maddə 36.2.). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3.). Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (maddə 32.2.1.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2.). Ailə Məcəlləsinin 36 və 37-ci maddələrinin mənasına görə, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ərarvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər (maddə 36.4.). Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər (maddə 36.5.). Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir (maddə 36.8).Ər-arvad arasında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1.). Qeyd edilən maddi hüquq normalarının müzakirə olunan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı, cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsini tələb etməkdə haqlıdır. Çünki mübahisəli mənzil xx.xx.2013cü il tarixdə, yəni tərəflərin birgə nikah dövründə alınmışdır. Belə olan halda, yaşayış evi onun əldə olunma anına ər-arvad olmuş iş üzrə tərəflərin ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 37.2-ci maddəsinin mənasına görə, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alıb ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İddiaçı hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlarının nikahın pozulmasından sonra onun yanında qalması və onların mənafeyi nəzərə alınmaqla bölünəcək yaşayış evi üzərində onun payı 2/3 hissədə, cavabdehin payı isə 1/3 hissədə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, uşağın olması faktı öz-özlüyündə payların qeyri-bərabər qaydada müəyyən olunması üçün əsas deyildir. Payların qeyri-bərabər qaydada müəyyən edilməsi üçün əsas uşağın mənafeyidir. Məhkəmənin fikrincə uşağın, Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş mənafeyi o zaman nəzərə alınır ki, uşaq səhhətinə görə və ya xüsusi təhsil aldığına görə və ya marağına görə hər hansı bir yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu zaman adi hallardan fərqli olaraq daha geniş yaşayış sahəsində yaşamağa ehtiyacı olsun (məsələn: astma xəstəliyi zamanı uşağın yaşadığı sahənin digər hallardan fərqli olaraq bir qədər geniş olması; səhhətinə görə evdə təhsil alan zaman uşağın yaşadığı sahənin digər hallardan fərqli olaraq bir qədər geniş olması; rəssamlıqla və s. məşğul olmaq üçün xüsusi ləvazimatların yerləşdirilməsi üçün uşağın yaşadığı sahə digər hallardan fərqli olaraq bir qədər geniş olması və s.). Hazırki işdə isə, iddiaçı, bu kimi mənafelərin mövcud olması barədə Məhkəməyə sübutlar təqdim etməmiş, Məhkəmə tərəfindən isə bu kimi mənafelərin mövcudluğu müəyyən edilməmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, iş üzrə tərəflərin mübahisəli mənzil üzərindəki payları bərabər miqdarda müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mübahisəli yaşayış evi tərəflər arasında bərabər paylarla bölünməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Yevlax rayonu Malbinəsi kəndində 0.08 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 48,60 m2 olan fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar