Məhkəmə qərarları › İş №2(039)-1215/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1215/2020

02.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1215/2020 02.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, X3 “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, onun tərəfindən təsis edilmiş “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2008-ci il tarixdə 11 saylı X7 tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəssisədəki 5 paydan ibarət 100 faiz payını və təsisçilik hüququnu X1. Buna baxmayaraq X5 “xxxxxxxxxxx” MMC-nin təsisçisi və rəhbəri kimi dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət etməmiş və bunun nəticəsində hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində müəssisənin rəhbəri və təsisçisi kimi onun adı qalmaqdadır. Müəssisənin yaranmış vergi borcuna görə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Məhərrəm Ağayev faktiki olaraq müəssisənin rəhbəri və təsisçisi olsa da, bu məlumatları dövlət reyestrində qeydiyyata aldırmamış və bu səbəbdən də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin (307.2.1.); şəxsin öhdədə olması faktının (307.2.2.); doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının (307.2.3.); ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının (307.2.4.); şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının (307.2.5.); mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının (307.2.6.); bədbəxt hadisə faktının (307.2.7.); müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının (307.2.8.); mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin (307.2.9.); atalığın etiraf olunması faktının (307.2.10.); “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının (307.2.10-1.);qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların (307.2.11.). Ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ərizəçi “xxxxxxxxxxx” MMC-dəki pay və təsisçilik hüququnu X2 və bununla bağlı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 11.5-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər. Beləliklə, iş üzrə müəyyən olunur ki, ərizəçinin məhdud məsuliyyətli cəmiyyətindəki təsisçi və pay hüququnun M.Ağayevə keçməsi faktının qeydə alınmasının qanunvericilikdə müəyyən edilmiş qaydası nəzərdə tutulmuşdur və bu səbəbdən qeyd olunan faktın hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi istisna edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qeyd olunan Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah olunur ki, ərizəsində göstərilən tələblə bağlı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar