Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-127/2023 18.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12216 manat əsas məbləğ və 127 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 09 avqust 2022-ci il tarixdə o atası X1 məxsus Kia Rio markalı, ** TE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh 700 manat depozit və günlük 30 manat ödəmək şərti ilə icarəyə vermişdir. Cavabdeh tərəfindən 13 avqust 2022-ci il tarixdə qəza törədilmiş və nəqliyyat vasitəsinə 12216 manat ziyan dəymişdir. Cavabdeh ziyanı ödəməkdən yayınır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, avto qəza nəticəsində Zaura ziyan vurmuşdur. Atası xəstədir və hal-hazırda heç bir yerdə işləmir. Ziyanı ödəməyə imkanı yoxdur. Maddi imkanı düzələn kimi ziyanı ekspert rəyi əsasında ödəyəcək. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 09 avqust 2022-ci il tarixli müqavilədən məlum olur ki, İddiaçı 09 avqust 2022-ci il tarixdə X1 məxsus Kia Rio markalı, ** TE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh 700 manat depozit və günlük 30 manat ödəmək şərti ilə icarəyə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 09 avqust 2022-ci il tarixli 1041 saylı aktdan məlum olur ki, İddiaçı Kia Rio markalı, ** TE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh təhvil vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 08 sentyabr 2022-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh xx xxxxxx 1986-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Yevlax şəhəri, Əhməd Cavad küçəsi 23-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 16249 saylı qəbzdən məlum olur ki, İddiaçı 127 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 29 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardad məlum olur ki, Cavabdeh Kia Rio markalı, ** TE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qəza törətmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 23 avqust 2022-ci il tarixli ƏQ-218/2022 saylı mütəxəssis rəyindən məlum olur ki, Kia Rio markalı, ** TE *** qeydiyyat nişanlı avtomobilə ümumilikdə 12216 manat ziyan dəymişdir. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(039)-2532/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 9/435 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan Əmlakın Qiymətləndirilməsi MMC-nin 23 avqust 2022-ci il tarixli mütəxəssis rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı Kia Rio markalı, ** TE *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faiz tətbiq edilməklə təxminən 9565 manat müəyyən edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, İddiaçı 09 avqust 2022-ci il tarixdə X1 məxsus Kia Rio markalı, ** TE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh 700 manat depozit və günlük 30 manat ödəmək şərti ilə icarəyə vermişdir. Cavabdeh Kia Rio markalı, ** TE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qəza törətmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 12216 manat ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ekspertiza keçirilmiş və avtomobilə dəymiş ziyanın məbləği 9565 manat olduğu müəyyən edilmişdir. Cavabdeh iddianı qəbul edir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş maddi ziyana görə 9565 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9565 manat dəymiş ziyan tutularaq və 115.65 manat dövlət rüsumu İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh qızından 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-127/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-127/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver