Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1276/2021 06.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsgəndər qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbinə dair iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Yevlax şəhəri C.Cabbarlı küçəsi 5/2 saylı mənzildən ona aid olan əşyaları- divan-kreslo dəsti, yatacaq üçün nəzərdə tutulmuş taxt, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizor, 1 ədəd termo, 1 ədəd şkaf, 2 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd balınc, 1 ədəd çaydan, 1 ədəd çaynik, 4 ədəd stəkan, 6 ədəd nəlbəki, 1 ədəd boşqab, 3 ədəd qaşıq, 1 ədəd duz qabı, 1 ədəd yemək qabı, 1 ədəd tava, 2 ədəd bıçaq, 3 ədəd çəngəl, 1 ədəd divan üstü, 1 ədəd taxt üstü, 2 ədəd kreslo üstü, 1 ədəd yazı stolu, 1 ədəd gül qabı, 1 ədəd krosnu və aparatı, o cümlədən ona aid olan geyim əşyaları ilə birlikdə evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun bacısıdır. Evini müvəqqəti yaşaması üçün bacısına vermişdir. Onunla razılaşmışdır ki, bacısı iki il ərzində ipoteka ilə ev alıb evindən çıxacaqdır. Ancaq qonşularının dediyinə görə bacısı həmin evi əxlaqsız yuvasına çeviribdir. Nəticədə zəhməti hesabına aldığı ev cavabdeh tərəfindən haram evinə çevrilibdir. Bu səbəbdən cavabdehin artıq onun evində yaşamağa yeri yoxdur. Cavabdeh ona məxsus evi könüllü tərk etmək istəmədiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mülkiyyətində olan evi 2004-cü ildə alqı-satqı müqaviləsinə əsasən almışdır. Özü hazırda başqa evdə yaşadığı üçün evini bacısına yaşamaq üçün vermişdir. Lakin hazırda bacısının ona məxsus evdə yaşamasını istəmir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, onun yaşamağa başqa yeri yoxdur və mərhum anası ölməmişdən əvvəl həmin evi ona bağışlayacağını bildirmişdir. Bu səbəbdən həmin ev ona məxsusdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 23 sentyabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət yaşayış evi Həsənov Rəhman Mehman oğlunun adına reyestr kitabında qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının bacısıdır. Cavabdeh iddiaçıya məxsus evdə yaşasa da, iddiaçı buna etiraz edir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı, onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneəçilik törədən cavabdehin və ona məxsus əşyaların mübahisəli evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 və ona məxsus əşyalardan ibarət olan divan-kreslo dəsti, yatacaq üçün nəzərdə tutulmuş taxt, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizor, 1 ədəd termo, 1 ədəd şkaf, 2 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd balınc, 1 ədəd çaydan, 1 ədəd çaynik, 4 ədəd stəkan, 6 ədəd nəlbəki, 1 ədəd boşqab, 3 ədəd qaşıq, 1 ədəd duz qabı, 1 ədəd yemək qabı, 1 ədəd tava, 2 ədəd bıçaq, 3 ədəd çəngəl, 1 ədəd divan üstü, 1 ədəd taxt üstü, 2 ədəd kreslo üstü, 1 ədəd yazı stolu, 1 ədəd gül qabı, 1 ədəd krosnu və aparatı, o cümlədən geyim əşyaları iddiaçının mülkiyyətində olan və Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 5/2 №-li evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1276/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1276/2021
06.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver