Məhkəmə qərarları › İş №2(039)-1278/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1278/2020

04.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1278/2020 04.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkil X1, cavabdehlər X5, Cavabdeh2 və onun vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.2006-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə birlikdə Yevlax rayonu Salahlı kəndindəki cavabdehlərin 0.2349 hektar ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsindəki evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Cavabdeh2 ilə xx xxxxxxx 2005-ci il tarixdə el adəti ilə toy edərək faktiki ailə qurmuş və toy mərasimindən sonra Cavabdeh2 anası Cavabdeh1a ilə birgə yaşadığı Yevlax rayonu Salahlı kəndindəki 0,2349 ha həyətyanı torpaq sahəsində olan köhnə, yerdən olan, kürsüsüz 3 otaqlı evə gəlin köçmüşdür. Cehiz əşyaları da toydan 1 həftə əvvəl həmin evə yığılmışdır. Aralarında olan faktiki nikah xx xxx 2006-ci il tarixdə Yevlax rayonu Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşmişdir. Gəlin köçdüyü köhnə kürsüsüz evdə yaşadığı müddətdə birgə nikahdan xx.xx.2006-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Yaşadığı ev çox köhnə, şəraitsiz, yerdən, yəni kürsüsüz olduğuna görə həyətində köhnə ev qalmaqla yeni bir kürsülü ev tikmək qərarına gəlmişlər və evin tikintisi üçün 2007-ci ildənhissə-hissə tikinti materialları almağa və həyətdə saxlamağa başlamışlar. Evin tikinti materiallarının alınmasına atası İsmayıl maliyyə-pul cəhətdən yaxından köməklik göstərmiş, eləcə də həmin materialların alınmasında şəxsən iştirak etmişdir. Təxminən 2011-ci ilin yayında yeni evin tikintisinə başlanılmış və 2014-cü ilin əvvəllərində tikdikləri yeni, rahat, kürsülü 3 otaqlı evə köçmüşlər. Evin yerləşdiyi 0.2349 hektar həyətyanı torpaq sahəsi keçmiş qaynanası- Cavabdeh1anın, keçmiş həyat yoldaşı- Cavabdeh2 və qaynatası mərhum Məhəmməd Behbudovun ümumi birgə mülkiyyətindədir və onların həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 45 nömrəli reyestr kitabının 47 №-li vərəqində qeydiyyata alınmışdır. Keçmiş əri Cavabdeh2la və qaynanası Cavabdeh1a ilə yeni tikdikləri evdə 5 il yaşadıqdan sonra Cavabdeh2la ərarvad münasibətləri pozulmağa başlamış və 2019-cu ilin yanvar ayında aralarında olan ziddiyyətlər, eləcə də qaynanası Cavabdeh1a ilə münasibətlər kəskinləşmiş və onlar ərarvad kimi faktiki olaraq ayrılmışlar. Onlar faktiki ər-arvad münasibətlərində olmasalar da, faktiki olaraq yeni tikdikləri mübahisəli evdə yaşamışlar. Lakin bir müddət sonra onların bir evdə normal yaşamaqlarının mümkün olmaması səbəbindən sakitçilik yaranması üçün o, uşaqları ilə müvəqqəti olaraq müəyyən müddət Mingəçevir şəhərində ata evinə gedib yaşamağa məcbur olmuşdur. Bir müddət sonra isə o, Salahlı kəndindəki evinə qayıtmış, lakin qaynanası Cavabdeh1a onu evə buraxmamışdır, nəticədə dava-dalaş, gərginlik, sözsöhbət olmaması üçün yenə bir müddət qayıdıb Mingəçevir şəhərində kirayə ev tutub yaşamağa başlamışdır. Cavabdeh ilə ailə münasibətlərini bərpa etmək mümkün olmadığına görə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, Məhəmməd və Ayhan adlı övladlarının onun yanında qalması qət edilmişdir. Artıq kirayədə yaşamaqda çətinlik çəkdiyinə görə köçüb Yevlax rayonu Salahlı kəndindəki evində yaşamaq qərarına gəlmişdir, lakin cavabdehlər onların köçüb yaşamaqlarına imkan vermirlər. Onun cehiz əşyaları, habelə birgə nikah dövründə aldıqları əşyalar da həmin evdədir. 0,2349 hektar həyətyanı torpaq sahəsi birgə mülkiyyətdə olsa da, həmin torpaq sahəsində tikdiyi evə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alınmamış, yeni ev üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. İlk növbədə köçüb yaşamaq istədiyi evdə 2014-cü ildən 2019-cu ilin iyul ayınadək yaşamış və evin yerləşdiyi torpaq sahəsi keçmiş əri, uşaqlarının atası Cavabdeh2 ümumi birgə mülkiyyətindədir, onun həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ isə onların birgə nikahda olduğu müddətdə- xx.xx.2015-ci il tarixdə yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkil Dərgah Mehdiyev iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər X8, Cavabdeh2 və onun vəkili Mahir Bayramov izahatlarında iddianı qəbul etmədiklərini, mübahisələndirilən evin heç bir rəsmi sənədinin olmamasını və evin cavabdehlərin ümumi gəlirləri hesabına tikildiyini, iddiaçı həmin evdə yaşasa da, həmin evin tikilməsinə heç bir pul xərcləmədiyini əsas gətirərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işin materialları və tərəflərin izahatları ilə hazırkı işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh2 ilə 2005-ci ildən faktiki ailə münasibətlərinə daxil olmuş, xx xxx 2006-cı ildə nikahlarını rəsmiləşdirmiş, xx.xx.2006-cu ildə oğlanları Məhəmməd, xx.xx.2011-ci ildə isə oğlanları Ayhan anadan olmuş, 2014-cü ildən mübahisəli evə köçərək orada yaşamağa başlamış, 2019-cu ildən iddiaçı həmin evdə yaşamır, cavabdehlər onun evdə yaşamasına etiraz edir, Yevlax Rayon Məhkəməsinin 2(039)-1814/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və uşaqların analarının yanında qalması qərara alınmışdır. Beləliklə, müəyyən olunur ki, iddiaçı 2005-ci ildən 2019-cu ilə qədər cavabdehlərlə birlikdə ailə kimi yaşamış və onlarla birgə təsərrüfat aparmışdır. Belə ki, iddiaçı 2005-ci ildə ailə quraraq mübahisəli evin yerləşdiyi torpaq sahəsində mövcud olan digər yaşayış evinə gəlin köçmüş, 2014-cü ildə isə həmin torpaq sahəsində yeni tikilmiş mübahisəli evə köçərək orda yaşamağa başlamışdır. Məhkəmə, iddiaçının mübahisəli evin yerləşdiyi torpaq sahəsinə keçmiş əri Cavabdeh2 mülkiyyət hüququnun 2015-ci ildə, yəni birgə nikah dövründə yaranması dəlili ilə bağlı bunları qeyd edir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı xx xxxx 2015-ci ildə qeydə alınmış olsa belə, həmin torpaq sahəsi Yevlax rayon X2 xx.xx.1998-ci il tarixli qərarı ilə cavabdehlərin ümumi birgə mülkiyyətinə əvəzsiz olaraq verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən isə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İddianın əsassızlığını iddiaçının heç bir yerdə işləyib gəlir əldə etməməsi, mübahisəli evin cavabdehlərin şəxsi vəsaitləri hesabına tikilməsi ilə əlaqələndirən cavabdeh tərəfin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf bu dəlili təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, bu dəlil əsaslı olsa belə, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmə iddianın əsassızlığını mübahisəli evin özbaşına tikili olması ilə əlaqələndirən cavabdeh tərəfin dəlili ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə nəzərdə tutulur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Buna görə də məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsi dövlət qeydiyyatından keçmədiyindən və bu mübahisələri tənzimləyən birbaşa normalar olmadığından hazırkı mübahisəyə analoji münasibətləri tənzimləyən aşağıdakı qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı uşaqları Məhəmməd və Ayhanla birlikdə mübahisəli yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı uşaqları- xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə birlikdə Yevlax rayonu Salahlı kəndində cavabdehlər X5 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0,2349 hektar həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinə köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar